Tacikistanın sərhəd qoşunlarının komandanı Rəcəbəli Rahmonəli bildirib ki, əməliyyat məlumatlarına əsasən "İslam Dövləti” terrorçu qruplaşmasının 1500 nəfərdən çox yaraqlısı Əfqanıstanın şimalında, Tacikistan sərhədləri yaxınlığında cəmləşib.
Virtualaz.org saytı "Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, tacik komandan "Taliban” və "əl-Qaidə”, "Özbəkistan İslam hərəkatı” və "Ansarullah” qruplaşmalarının da yaraqlılarının Tacikistan sərhədində cəmləşdiklərini deyib.
"Onlar Əfqanıstanın hökumət qüvvələrinə qarşı Tacikistan sərhədlərinin bilavasitə yaxınlığında fəal döyüş əməliyyatları aparırlar”- deyə Rahmonəli bildirib.
Komandanın dediyinə görə, Əfqanıstanın Tacikistanla həmsərhəd Tahar, Gündüz və Bədəxşan əyalətlərində gərgin vəziyyət hökm sürür. Rahmonəli bildirib ki, Tacikistan və Əfqanıstan sərhəd xidmətləri arasında sıx əməkdaşlıq var və yaraqlı dəstələrinin hərəkəti barədə əməliyyat məlumatları müntəzəm daxil olur.
Tacikistan sərhəd qoşunlarının komandanı bu çıxışı Düşənbədə işə başlayan MDB sərhəd qoşunları komandanlarının toplantısında edib. Toplantıda çıxış edən digər tacik rəsmiləri də Əfqanstanla sərhəddəki gərgin vəziyyət və radikal islamçıların iri dəstələrinin ölkə sərhədlərinə yaxınlaşmasından narahatlıq ifadə ediblər.
Bildirilib ki, maraqlı ölkələr və onların xüsusi xidmətləri göstəriş versə, həmin radikallar sərhədi keçəcəklər və xilafət qurmaq planlarını Orta Asiyaya istiqamətləndirəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !