Özbəkistan İslam Hərəkatı İŞİD-ə qoşulduğunu bəyan edib, rəsmi Daşkənd hərəkətə keçib, təhlükəsizlik tədbirləri gücləndirilib
Özbəkistan İslam Hərəkatı adlı qruplaşma İŞİD-ə qoşulduğunu bəyan edib. ANN.Az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, bunu həmin təşkilatın lideri Uzman Qozi bəyan edib.
Kəşfiyyat xidmətindəki mənbə agentliyə bildirib ki, Özbəkistan İslam Hərəkatı adlı qruplaşmanın İŞİD-ə qoşularaq birgə əməliyyatlar keçirdiyinə dair əllərində səs yazısı və videogörüntülər var.
Eyni zamanda o, bildirib ki, hazırda qruplaşma Əfqanıstanın Pakistanla sərhədində Pamir dağı ətəklərində ciddi fəaliyyət göstərərək yeni döyüşçülər cəlb edir və onlara burada təlim keçir.
O da bəlli olub ki, artıq Özbəkistan təhlükəsizlik orqanları, terrorla mübarizə idarələri İŞİD-in müttəfiqi olan təşkilatla bağlı təhlükəsizlik tədbirlərini artırıb.
Qeyd edək ki, Özbəkistan İslam Hərəkatı adlı qruplaşma “əl-Qaidə” və Talibana bağlı təşkilat hesab olunur və ABŞ, Rusiya kimi ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Özbəkistanda bu qruplaşmanın bir çox üzvləri həbs olunub.
ANN.Az