"İşıq saç, özünə yol aç"

12:44 | 05.12.2018
"Bakı Metropoliteni" QSC cəmiyyətin müxtəlif aktual məsələlərinə diqqətini cəlb edən sosial aksiyaların davamı olaraq daha bir layihə həyata keçirəcək.

Anews.az xəbər verir ki, "İşıq saç, özünə yol aç" adlı aksiya dekabrın 6-də saat 14:00-da metronun "28 May" stansiyasından start veriləcək. Aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbaqlar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.

Aksiyada yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da iştirak edərək sərnişinlərə öz tövsiyələrini verəcək.

Qeyd edək ki, dekabr ayı, ənənəyə görə, qış mövsümünün başlanğıcıdır. Qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən piyadaların, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir. Hər kəs bu prosesin iştirakçısı kimi əsasən də qış dövründə belə vəziyyətlərlə üzləşir, neçə-neçə insan həyatının təhlükəyə məruz qaldığının şahidi olur. Məsələnin məhz bu baxımdan aktuallığını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC bu aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir.

www.anews.az