İslam Səfərlinin oğlu: “Göz həkimi” tamaşasının qonorarına “Volqa” aldıq”

12:36 | 19.12.2013
İslam Səfərlinin oğlu: “Göz həkimi” tamaşasının qonorarına “Volqa” aldıq”

İslam Səfərlinin oğlu: “Göz həkimi” tamaşasının qonorarına “Volqa” aldıq”

Bu il 90 illik yubileyi qeyd olunan şair İslam Səfərlinin oğlu İlham Səfərli APA-ya atası haqqında xatirələrini danışıb. Səməd Vurğunun oxşarı... “Səməd Vurğun tələbələrlə görüşə gəlmişdi. Zala göz gəzdirdi:- Hanı o mənə oxşayan Qara İslam? - deyə zala müraciət elədi.Salonda İslamla yanaşı əyləşmişdik. İslam ayağa qalxdı:- Burdayam, Səməd müəllim, - dedi.- Bəri gəl, görüm.İslam qabağa yeridi. Səməd Vurğun işarə elədi ki, yuxarı qalxsın. İslam sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:- Yazıçılar İttifaqında keçən "Gənclər günü"ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?İslamın yaxşı bir xasiyyəti də bu idi ki, şeirlərinin əksərini əzbərdən bilir, həm də çox ehtirasla, hərarətlə şeir oxuyurdu.- Oxuya bilərəm, - dedi.Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb "Beşik başında" şerini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi”. Əlfi Qasımovun xatirəsidir. Tələbəlikdə yataqxanada bir yerdə qalıblar, bir tikə çörəkləri olanda yarı bölüb özlərini tox biliblər. Sonra dost, qonşu, bir evli, gediş-gəlişli... İlqar Əlfioğlu bu yaxınlarda itirdiyi anasından danışanda ikicə cümlə yaddaşımda qalıb: “Anam son günlərdə tez-tez sayıqlayırdı. İslam əmiylə danışırdı, tez-tez deyirdi ki, İslam, orda oturma, bu tərəfə gəl”. İslam Səfərlinin ölümündən 39 il keçib. O 1974, bu da 2013... *  *  * Doye: İslam Səfərli 1923-cü ilin 12 fevralında Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra könüllü orduya yollanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər" poemalarının, o cümlədən 18 kitabın müəllifidir. Şairin sözlərinə "Bakı, sabahın xeyir", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ağ xalatlı həkimlər" və s. mahnılar bəstələnib. İslam Səfərli 1974-cü ilin 6 noyabrında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məzarı Fəxri Xiyabandadır.                                        *  *  *  Şairin oğlu İlham Səfərliyə zəng vuranda ki sizinlə görüşüb atanız haqqında söhbət etmək istəyirəm, nə desə, yaxşıdır? - Bilirsiniz, görüşməyinə görüşək, amma rəssamlar danışa bilmirlər. Sizə çoxlu materiallar verərəm, elə mənim dilimdən yazarsınız. Bu, daha yaxşı olar. Görüş yerində də dediyindən dönmür. Amma bu dəfə “bəhanə”nin motivi başqadır. Daha doğrusu, məsələ rəssamların söz bazasının kasadlığında, danışmaq məharətinin kəm-kəsirində deyil. Özü belə dedi, mən də yazdım: - Vallah, atam haqqında danışanda ağlamaq məni tutur. Səbəbini bilmirəm, amma əlimdən də nəsə gəlmir. Bacımla görüşsəydiniz, lap yaxşı olardı. O, sizə hər şeyi danışacaqdı. Prezidentin sərəncamından sonra Rafael Hüseynovla görüşdük, dedi, gəl Ədəbiyyat İnstitutuna, İslam müəllim haqqında tədbirin formasını müzakirə edək, radioda bir veriliş edək. Getməyinə getdim, amma yenə ürəyim istəyən kimi alınmadı. Şeirlərinin hamısını əzbər bilirəm, di gəl, iki misrasını deyib üçüncüyə keçəndə, boğazımı qəhər tutur. 19 yaşımda Leninqrad Ali Bədii Rəssamlıq Məktəbinə daxil oldum, beş il tələbəlik həyatı yaşadım. Bakıya qayıdandan on gün sonra atam dünyasını dəyişdi. Həmişə fəxr edirdi ki, oğlum Leninqradda öz bacarığı, savadı hesabına oxuyur. Həqiqətən mənim tələbə olmağımı hər yerdə qürurla danışardı. O vaxt bir şeir də yazmışdı: Mən oğlumu göndərmişəmİnqilablar beşiyindənİnqilablar beşiyinə,“Avrora”nın keşiyinə. Gəncliyimin ən gözəl günlərini, tələbəliyin əvəzolunmaz çağlarını o şəhərdə keçirmişəm. Atam tanınırdı, ona hörmət edirdilər, amma yaxşı oxuduğuma görə məktəbdə onun adından istifadə etməyi heç ağlıma da gətirmirdim. Diktofonun “bir dəqiqlik sükutu”... Ana babam Bakının varlı tacirlərindən olub. Gəmiləri, çörək dükanları varmış. Həm də xalçaçılıqla məşğul olurmuş, işinin peşəkarı imiş. Sovet quruluşu gələndən sonra, bəri başdan özü hər şeyini dövlətə bağışlayıb ki, mənimlə işiniz olmasın. Bu jestinə görə babamı “Azərxalça”nın rəhbərlərindən biri təyin ediblər, Lətif Kərimovla bir yerdə çalışıb. Babam Stalinə xalça toxuyandan sonra onu Dövlət Mükafatı ilə təltif ediblər. Var-dövlətindən əlində qalan bircə evi idi. İkimərtəbəli, böyük ev idi. Atam ailə qurandan sonra biz uzun illər bu evdə yaşadıq. Müharibədən qayıdandan sonra indiki Bakı Dövlət Universitetinə daxil olub. Tələbə olanda anamla tanış olub, bir-birini seviblər. İndi müğənnilərin repertuarından düşməyən “Bakılı qız” mahnısının sözlərini anam üçün yazıbmış. Atam anamı hədsiz çox istəyirdi... STOP. Burda nəfəs dərmək olar. Diktofonun yaddaşında “bir dəqiqəlik sükut”dur. Mən dinmirəm, o danışmır. Eləcə, gözləyirik. Şairin rəssam oğlu qəhərinin keçməsini, mən də onun özünə gəlməyini... Süleyman Rüstəmin aşpazlığı, araq dalınca göndərilən uşaq... ...Bir də gördün, gecənin bir yarısı atam şair dostları ilə evə gəldi. Anam heç vaxt buna görə narazılıq eləməzdi. Əksinə, çalışardı ki, onun dostlarını razı yola salsın. Çox çəkməzdi ki, süfrə hazır olardı. Bir dəfə də olsun dilindən eşitmədik ki, ay İslam, bunlar kimdi, bu nə vaxtın gəlməyidir? Qabil, Əlfi Qasımov, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Zeynal Cabbarzadə, Süleyman Rüstəm, Qasım Qasımzadə tez-tez bizə gələrdilər. Atam məni araq dalınca göndərirdi. Süleyman Rüstəmin yaxşı aşpazlığı vardı, kartofu səliqəli, nazik-nazik doğrayıb qızardılmış ətlə ləzzətli yemək bişirirdi. Dostlarının övladları ilə indi də münasibətlərim davam edir. İlqar Əlfioğlu ilə ailəvi get-gəlimiz var, dostluğumuzu qoruyub saxlamışıq. Atam da varlı, imkanlı nəsildəndir. Babam Naxçıvanda xan olub. Nənəmin atası isə Naxçıvandakı duz daşlarının sahibi olub. Hər ay nənəmə dolanışıq üçün 30 qızıl pul verirmişlər. Atam ailələri haqqında, var-dövlətdən heç nə danışmazdı. Belə şeylə arası yox idi. Kimsə gəlirdi yanına ki, ay İslam müəllim, filan yerdə oxuyuram, çətinliyim var, köməyiniz lazımdır. Dərhal deyirdi ki, gedək, sənə kömək edərəm. Tələbə soruşurdu ki, siz həmin müəllimi tanıyırsınız? Deyərdi, mən onu tanımasam da, o, məni yaxşı tanıyar. O vaxtlar ədəbiyyat, yazı-pozu adamına hörmət vardı. İndi pul açan qapıları onda söz, dostluq, hörmət açırdı. Müstəntiq şair sözü ilə adam buraxırdı. Şair deyibsə ki, günahı yoxdur, deməli, yoxdur, başqa söhbət olmazdı. Biz indi də atamın o vaxt qazandığı hörmətin nəticəsini görürük. Bakıda ilk “Honda” sürən şair oğlu... Mən o vaxt rəssamlıq məktəbində oxumaqla yanaşı, yaxşı futbol da oynayırdım. Hətta “Neftçi”nin ehtiyat komandasında da oynamışam. Axırda atama dedilər ki, uşaq iki sənətdən birini seçsin: ya rəssamlıq, ya futbol. Bilsəydim belə zamana düşəcəyik, futbolçu olardım (Gülür). Peşman deyiləm, amma onu da demək lazımdır ki, indi rəssamların vəziyyəti yaxşı deyil. Düzdür, şükür Allaha ki, mən pis yaşamıram, di gəl,  ümumən rəssamlardan söhbət gedirsə, deyə bilmərəm ki, kefləri yaxşıdır. Əslində mən özüm də rəssamlıqla dolanmıram. Reklam işləri görürəm, hədiyyə-suvenir hazırlayırıq. Yəni belə deyim: rəssamlığın çörəyini yeyirəm. Məsələn, sifarişlə “Svarovski” daşlardan hədiyyəlik portretlər hazırlayıram. Təxminən 12-15 min manata satırıq. Məsələn, Nazarbayevin doğum günündə Azərbaycan diasporunun nümayəndələri ona “Svarovski” daşlarından düzəldilmiş portret hədiyyə etdilər. Həmin portreti 20 min manata hazırlamışdım. Beş il - 1995-2000-ci illərdə İngiltərədə yaşadım. Orda vəziyyətim lap yaxşı idi, Bakıda 100 dollar maaş alan adam sevinirdi, mən isə aya 7-8 min dollar pul qazanırdım. Evim olmasa da, iş-güc qura bilmişdim. Bakı üçün darıxmağım məni Azərbaycana gətirdi. Çox özümdən danışmaq yaxşı düşməz, ancaq onu da deyim ki, Avstriyada sərgi keçirəndə yaxşı pul qazanmışdım. 1990-cı ildə Bakıya ilk “Honda” maşınını mən gətirmişəm. Yolda polis saxlayıb deyirdi ki, qardaş, bunun motoru hansı tərəfdədir (Gülür). Dolanışıq üçün dostlarının adına şeir çap etdirmək... Atam həmişə deyərdi ki, mən dünyadan tez köçsəm də, öz adımla sizə ümid yeri, kömək yeri qoyub gedəcəm. Doğrudan da, elə oldu. Hara gedirəmsə, bütün qapılar üzümə açıqdır. Sağlığında əməkdar incəsənət xadimi adını almışdı. Adına Bakıda küçə var, Naxçıvanda oxuduğu məktəb onun adını daşıyır, Xəzərdə “İslam Səfərli” gəmisi üzür. Şair üçün bundan artıq nə etməlidirlər? 51 yaşında dünyasını dəyişdi, 40 ilə yaxındır ki, aramızda yoxdur, amma onun şeirlərinə yazılan mahnılar oxunur, telekanallarda haqqında verilişlər hazırlayırlar. Atam sağ olanda biz həmişə yaxşı yaşamışıq, həmişə maşınımız olub. Amma danışırdı ki, cavan vaxtı bir neçə il vəziyyətimiz yaxşı olmayıb. “Göz həkimi” pyesində Mərkəzi Komitədə işləyən bir nəfərin obrazını yaratmışdı. Həmin adam da atama hər yerdə mane olub, hətta onu Yazıçılar Birliyində işdən çıxarıblar. Stalin öləndən sonra vəziyyət dəyişdi, işə bərpa olundu, yenidən çap olunmağa başladı. İşsizlik günlərində vəziyyətimiz o qədər çətin olub ki, atam şeirlərini Adil Babayevin, akademik Aslan Aslanovun adından çap etdirirmiş ki, qonorarını alsın, birtəhər dolansın. “Göz həkimi” pyesinin premyerasına bir həftə qalmış şəhərdən bütün elanları yığışdırıblar, əsər teatrın repertuarından çıxarılıb. Sonra necə deyərlər, sular duruldu, “Göz həkimi” tamaşası anşlaqla keçdi, onun qonorarına atam “Volqa” aldı”. Əslində söhbəti burda yekunlaşdırmamaq da olardı. Əlbəttə, şair oğlu son cümləsini belə gətirməsəydi: “Atam dünyasını dəyişəndən on gün sonra məni əsgər apardılar. Onda bizim hamımıza çətin oldu. İllah da anam üçün...” Və diktofonun bu yerindəki sükutun ömrü bir dəqiqəlik yox, daha uzundur...ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti