Report Media Məktəbinin rəhbəri, jurnalist İsmayıl Rafiqoğlu Anews.az saytının suallarını cavablandırıb.
İsmayıl bəy, bu günədək qazandığınız və bundan sonra qazanacağınız uğurun mənbəyi nədir?
- Tez-tez özümə uğur nədir sualını vermişəm. İnsanlar uğur deyəndə çoxlu gəlir əldə etmək, varlı olmaq, uğurlu ailə qurmaq kimi başa düşürlər. Bəzən görürük ki, bir xanımın işi, ailəsi var, amma qəmgindir. Olmaq istədiyi yerdə olmadığı üçün özünü uğurlu saymır. Mənə gəldikdə isə özümü uğurlu insan sayıram. Mənim hər günüm uğurdur, hər gün dəftərimə qeyd edəcək bir uğurum var. Adətən gələcək planlar üçün xüsusi dəftər ayırıb orada görə biləcəyimdən artıq işlərin siyahısını tuturam, sonra baxıram ki, çoxunu etmişəm. Bəzən uğur tez, bəzən də gec gəlir. Bunun səbəbi isə bizə lazım olanı vaxtında tapa bilməməyimizdir. Hər insan üçün bir cığır var, o cığırla getsə, uğuru tez tapar.
- Emil Zolyanın belə bir fikri var: "Jurnalistikanı anlamaq və qiymətləndirmək üçün onun qazanında bişmək lazımdır”. Siz də uzun müddətdir ki, bu sahədəsiniz. Onu necə qiymətləndirirsiniz?
- Emil Zolya doğru deyir, gərək o qazanda bişəsən. İnformasiya mühitində populyarlıq qazanmaq hələ jurnalist olmaq anlamına gəlmir. İndi hamı sosial mediada nəsə yazır, "layk” toplayır, kiməsə ağıl öyrədir. Jurnalist isə dəyərli məhsul istehsal edir, bunu peşəkar ustanın işinə bənzədə bilərik. Həmişə ciddi dönəmdə jurnalist məhsuluna tələbat, sözünü demiş jurnalistə ehtiyac olur. Doğru xəbərin qiyməti birə on artır. Nisbətən sakit dövrdə informasiya bazarında qaz vurub qazan dolduranlar böhran anında elə bil yoxa çıxırlar. Nüfuzlu media orqanları, əsil qələm adamları isə meydanda qalır.
Azərbaycan jurnalistikasını qiymətləndirməli olsaq, bizim media bazarının kiçik olduğunu qeyd etməliyik. Belə məkanda jurnalist olmaq çətindir, cəmi 10 milyonluq auditoriyamız var. Media bazarı da istədiyimiz kimi inkişaf etməyib. Belə şəraitdə nəyə gücümüz çatırsa, onu da edirik. Dünya jurnalistikasında medianı auditoriya saxlayır. Jurnalistikanı daha yaxşı görmək istəyiriksə, ona yaxşı vəsait və qüvvə lazımdır.
- Yəqin ki, peşəniz sizə sadəcə pul qazandırmır.
- Məqalələrinizin birində belə bir fikir var: Azərbaycan insanı "olacağa çarə yoxdur” fikri ilə yaşayır. Bəs, siz nə vaxtsa bu sözü özünüzə demisinizmi?
- "Olacağa çarə yoxdur” ifadəsi fatalizm cərəyanından qaynaqlanır. Nəsə olacaqsa, o baş verəcək. Fərhad kimi bir dağı nə qədər yarmaq istəsək də, yara bilmirik. Bəzən isə istədiyimiz bizə tərəf öz ayağı ilə gəlir, çünki hər şeyin vaxtı var. Biz düşünməliyik ki, nəyə təsir edə bilərik, nəyi dəyişə bilərik, bir işi düzgün görmək üçün hansı addımı ata bilərik. Bəzən işə tıxaca görə gecikirəm, ancaq özümü sakitləşdirirəm ki, burada əsəbiləşməyə səbəb yoxdur: nə vaxt yol açılar, mən də işimə gedərəm.
- Belə bir qənaətə gələ bilərik ki, bu ifadə insanları sakitləşdirə bilər?
- Bəli, belə düşünmək həqiqətən də insana sakitlik gətirir. Sakitliyi hər bir halda gözləmək lazımdır. Yapon samurayları deyir ki, nəyi edə bilirsənsə et, nə də olacaqsa, qoy olsun.
- "Google”da zəfəran sözünü axtarışa verəndə ən çox sizin araşdırmalarınız çıxır. Nədir bu zəfəran sevgisi?
- Zəfəranla bağlı haradasa 100-ə yaxın yazım, müsahibəm, videom var. Uşaqlıqdan bu bitkini sevmişəm, atam da əkərdi. Payız gələndə həyətimiz qırmızı, çəhrayı çiçəklərə bürünərdi. Bu gözəlliyi görüb sevmək lazımdır. Uşaq yaşından sevdim və atam da bu işi mənə tapşırdı, başladım zəfəran yetişdirməyə. Eyni zamanda mətbuatda da bununla bağlı yazı yazırdım. Əkib becərəndə də qeyd dəftərimə rastlaşdığın maraqlı məqamları yazırdım.
Gülər Seymurqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !