İsrail prezidentinin dünyanı heyran edən nitqi

17:28 | 16.09.2015
İsrail prezidentinin dünyanı heyran edən nitqi

İsrail prezidentinin dünyanı heyran edən nitqi

İsrailin doqquzcu prezidenti, 92 yaşlı Şimon Peres Ukraynanın paytaxtı Kiyevdə baş tutan Yalta Avropa Strategiyası konfransında motivasiya baxımından tarixin ən gözəl nitqlərindən birini deyib. ANN.Az haqqında çox danışılan nitqi tərcümə edərək, oxucularına təqdim edir:

Biz öz torpağımıza qovuşmağı arzulayırdıq, ancaq əldə etdiyimiz torpaq yaxşı deyildi. Yaxın Şərqin mində bir hissəsi olan balaca kəsik idi. Bu torpaq bizə o qədər də yaxşı münasibət göstərmədi. O, bataqlıq, həşəratlar, səhra və daşlardan ibarətiydi. Onun iki gölü vardı, biri ölüydü, ikincisi də ölürdü. Məşhur çay var idi, amma suyu qurumuşdu. Doğrusu, su adlı şey ümumiyyətlə mövcud deyildi. Heç bir təbii resurs da yox idi, nə qızıl, nə də ki neft. O zaman deyirdilər ki, Yaxın Şərqdə iki cür ölkə var: neft ölkələri və müqəddəs ölkələr. Bizimki tər-təmiz müqəddəs idi, çünki heç nəyi yox idi. 

Biz tənhaydıq. Dini baxımdan qardaşlarımız, dil baxımdan bacılarımız, tarixi baxımdan da qonşularımız yox idi. Bütün bunlar isə Holokostdan sonra baş verirdi. Biz ora gələndə, ümumiyyətlə bilmirdik nə edək. Sözün həqiqi mənasında bilmirdik. 

Onda biz fikirləşdik ki, təbiətin ən böyük sərvəti elə insandır. İnsanlar torpağı zənginləşdiriblər, torpaq insanları deyil. 

Hamımız alim olduq. İsraildə hər bir fermer, hər bir əkinçi kənd təsərrüfatını susuz, torpaqsız inkişaf etdirmək üçün yollar aramağa başladı. Biz onu inkişaf etdirməyə başladıq. Bu, dünyada hay-tek əsasında qurulan ilk kənd təsərrüfatı oldu. Mən özüm həmin dövrdə Kənd təsərrüfatı universitetində tələbə idim, biz suvarmanı yaxşılaşdırmaq istəyirdik, ağacları isti suyla suvarırdıq, düşünürdük ki, onda daha yaxşı bitəcəklər. 

Nə qədər təəccüblü olsa da, bəlli oldu ki, kənd təssərrüfatı təkcə torpaqda deyil, hay-tek əsasında da işləyir. Bu gün bizim kifayət qədər suyumuz var. Suyu adətən tapırlar, yaratmırlar. Biz isə onu yaratmağa başladıq. Buna nail olduq. Biz duzlu suyu şirinləşdirməyə başladıq, çoxlu "su içməyən” tərəvəzlər axtarmağa başladıq, seleksiyayla məşğul olduq. Bu da sizinçün əsl sirr: gələcək üçün vacib olan tapdıqlarınız deyil, istehsal etdiklərinizdir. 
 
Bizim insanlarımız, silah-sursatımız yox idi, heç zaman müharibə etməmişdik. Biz cəmi 450 min nəfər idik, nə generallarımız, nə də hərbi təcrübəmiz vardı. BMT İsrail dövləti yaratmaq qərarına gəlmişdi, ancaq faktiki olaraq müharibə gedirdi. Biz nə edə bilərdik? İki seçim vardı. 

Birincisi – insanlar cəsarətli və şücaətli olmalıydılar. Onlar başa düşməliydilər ki, başqa seçim yoxdur – biz ancaq qalib gəlməliyik. Əgər cəmi bir dəfə məğlub olsaq – vəssalam. 

İkincisi – silahımız olmadığından onu istehsal etməyə başladıq. Ordunu qurmaq üçün İT-ni inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduda işləyirdi. Çünki biz düşmənlərin mühasirəsində tək başına qalmışdıq. 

Məndən bəzən soruşurlar: arxaya baxanda, ən böyük səhvləriniz hansılardır? Mən cavab verirəm: biz fikirləşirdik ki, arzularımız böyükdür. İndi isə başa düşürük ki, onlar elə də böyük olmayıblar. Daha çoxunu arzulayın. Arzunuz nə qədər çox olsa, o qədər çoxa nail olacaqsız.
 
Bunu sizə niyə danışıram? Mən hələ də gənc qız və oğlanlara deyirəm: dostlar, sizdə sizin düşündüyünüzdən daha çox şey var. Sizdə torpağın sizə verəcəyindən daha çox şey var. Siz sizə verilməyən nəsnələri istehsal edə bilərsiniz. Bu hər kəs üçün bir dərsdir. 

Ukrayna kənd təsərüffatı sahəsində dünyanın ən vacib ölkələrindən biridir. Siz həqiqətən çox şey ortaya çıxarırsız və siz kənd təsərüfatından imtina etməməlisiz – siz modernləşdirməyi, resursları və xalqın istedadını birləşdirməyi bacararsız və bunu etməlisiz. 

Hər bir insanın çox böyük potensialı var. Ancaq onların hamısı biraz tənbəldirlər. Nəyəsə nail olmaq istəyirsinizsə, işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə hədsiz çox işlədik. Bunda pis nə var? Başa düşmürəm... 

İnsanlar məzuniyyətə gedirlər, bu boş vaxt itkisidir. Mənim artıq 90 yaşım var və heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər: "Sən anormalsan? Bəs necə istirahət edirsən?”. Mən işləməyi üstün tuturam. İş mənə sevinc bəxş edir. 

Və heç vaxt pessimist olmayın – bu özü də vaxt itkisidir, xüsusilə dövr dəyişəndə.

Elmin dalınca getmək lazımdır. Elmin sərhədləri, hüdudları yoxdur, elmin refleksləri olmur. Keçmişin problemlərini həll etməyə çalışmayın, mən bilmirəm, ümumiyyətlə, bu mümkündürmü ki. Keçmiş ümumiyyətlə heç bir rol oynamır. Sadəcə köhnə səhvləri təkrarlamamaq üçün onu öyrənin. Keçmişdə gələcək və ümidlər yoxdur. 

İnsanların əksəriyyəti təqdim etməkdənsə, xatırlamağı üstün tutur – bu ən böyük səhvdir. Nəyi xatırlamaq istəyirsiz? Buraxılan bütün səhvlərimi? Tarixə bel bağlamaq olmaz. Tarixçilər hökmdarların və hakimiyyətdə olanların carçıları olublar, nə deyilməlidirsə, onları deyiblər. 

İnsanlar nədənsə qorxurlar... Ancaq bizim axırımızın necə olacağını təkcə tanrı bilir. 

Sizin gənc nəsliniz möhtəşəmdir. Ancaq mənim onlarda bəyənmədiyim xüsusiyyət siyasətçilərə nifrət etmələridir. Onlar deyirlər: Siyasət çirklənib, o bizə görə deyil. Mən isə deyirəm: siz dürüstsünüz, siz dürüst siyasət istəyirsiniz – o zaman gedin dürüst siyasətlə məşğul olun.
 
Bütün bunların hamısı mənim keçmişdən aldığım dərslərdir. 

Məndən necə aktiv qalmağı soruşan insanlar var. Cavab sadədir. Yaddaşınızda olan nailiyyətlərinizi və arzularınızı hesablayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz. Əksidirsə, deməli, siz qocalmısınız. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM