İsraildə noyabrın 18-də keçmiş aşkenazi ravvin Yona Mesger həbs edilib.
Bu barədə ANS PRESS “Lenta.ru”ya istinadən bildirir.
Xəbəri “The Jerusalem Post” yayıb və bildirib ki, Mesger rüşvət almaq, etibardan sui-istifadə, istintaqa mane olmaq ittihamı ilə tutulub. Müstəntiqlərin məlumatına görə, Mesger və onun üç əlaltısı xeyriyyə təşkilatlarının “milyonlarla şekel” (yüz minlərlə dollar) pulunu mənimsəməkdə günahlandırılırlar.
Cinayətdə Mesgerin sürücüsü və şəxsi köməkçisi Haim Nissan Eyzenştatın da adı var. Həmçinin Bney-Brak şəhərində yerləşən “Beit Hatavshil” xeyriyyə təşkilatının rəhbəri Simça Karkovski və Təl-Əviv yəhudi mədrəsəsinin rəhbəri Nissan Ben-Sion Sion da tutulub. Onlar çirkli pulları yumağa və rüşvətxorluğa görə də ittiham edilirlər.
Yona Mesger İsrailin iki baş ravvinindən biri olub və ölkənin baş ravvinatına daxil olub. Təşkilat ravvinləri təyin edib və dini təşkilatlara nəzarət edib. İrəvanda çıxan “Azg” qəzetinin yazdığına görə, 2007-ci ilin iyul ayında İsrail baş ravvini kimi Ermənistana səfər edən Yona Mesger İrəvanda “soyqırım” abidəsinə gül qoyub və bu sözləri deyib: “İsrailin dini icması erməni xalqı ilə birlikdə günahsız qurbanlar üçün kədərlənir”.
ANN.Az