İsrailin səfirliyi qarşısında saxlanılan İran vətəndaşı ölkəsinə göndərilib

13:15 | 01.12.2013
İsrailin səfirliyi qarşısında saxlanılan İran vətəndaşı ölkəsinə göndərilib

İsrailin səfirliyi qarşısında saxlanılan İran vətəndaşı ölkəsinə göndərilib

Azərbaycanda saxlanılan İran vətəndaşı Həsən Fərəci ölkəsinə qayıdıb.

 İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, viza ilə bağlı məsələ həll olunduqdan sonra H. Fərəci bu gecə təyyarə ilə Bakıdan Tehrana yola salınıb.

Səfirlikdən o da bildirilib ki, H. Fərəci ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib.

Həsən Fərəci noyabrın 29-da səhər azad edilib. O, Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçmək istəsə də, viza ilə bağlı problemləri olduğundan vətənə qayıda bilməyib və müvafiq sənədləri almaq üçün Lənkərana göndərilib.

Konsulluqda əlavə ediblər ki, H. Fərəci viza və qeydiyyat məsələlərini həll etmək üçün noyabrın 30-da Bakıya qayıdıb.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb