APA-nın xəbərinə görə, "Kommersant” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb ki, ballistik ekspertizanın nəticələri belə deməyə əsas verir.
Ekspertlər müəyyən ediblər ki, Nemtsova arxadan 6 dəfə atəş açılıb, bunlardan 4-ü ona dəyib və ürəyindən aldığı yara ölümcül olub. Qatil müxtəlif dövrlərdə müxtəlif zavodlar tərəfindən buraxılan 9 millimetrlik güllələrdən istifadə edib. Patronlardan 4-ü 1992-ci ildə Çelyabinsk vilayətindəki Yuryuzan mexanika zavodunda, 2-si isə Tula patron zavodunda istehsal olunub. Ekspertlərin fikrincə, bu, onu göstərir ki, cinayətkar sursat əldə etməkdə çətinlik çəkib. Killerin "Makarov” tapançası və ya döyüş güllələrindən istifadə edə biləcək hala gətirilmiş "İj” markalı qaz tapançasından istifadə etdiyi güman edilir. Onun hadisədən sonra silahı çaya atdığı ehtimal olunur.
Silah, sursat və qətlin digər təfərrüatları göstərir ki, cinayət böyük ehtimalla qeyri-peşəkarlar tərəfindən törədilib və ola bilər ki, onlar hətta qətlə yetirdikləri şəxsin adını da bilməyiblər.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskvada öldürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !