İtaliyanın bir sıra xəbər saytlarında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş azərbaycanlılarla bağlı məlumatların yer aldığı məqalələrdə bildirilir ki, beynəlxalq birlik son aylarda Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdır.
Yazılarda Azərbaycanın İtaliyadakı səfirliyinin Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsi, Həsən Həsənovun isə öldürülməsi faktı ilə bağlı yerli mətbuata açıqlaması da əks olunub. Diqqətə çatdırılır ki, girov götürülənlər mülki vətəndaşlardır və Kəlbəcərə yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Məqalələrdə vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 20 ildən artıqdır işğal olunub.
ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların səylərinə baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. BMT Təhlükəsizlik Şurası münaqişəyə dair dörd qətnamə qəbul edib. Onlardan 822 saylı qətnamə sırf Kəlbəcərin işğalı ilə bağlıdır. Müvafiq sənəddə və digər qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının geri qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması tələb edilir. Lakin bu sənədlərə Ermənistan tərəfindən hələ də əməl olunmayıb. //AzərTac