İtaliyanın baş naziri Azərbaycana səfər edəcək

17:17 | 10.12.2013
İtaliyanın baş naziri Azərbaycana səfər edəcək

İtaliyanın baş naziri Azərbaycana səfər edəcək

Gələn həftə İtaliyanın baş naziri Enriko Letta Azərbaycana səfər edəcək.“APA-Economics”in İtaliya KİV-nə istinadən xəbərinə görə, E.Letta dekabrın 17-də TAP (Trans Adriatic Pipeline) qaz kəməri layihəsi ilə bağlı Bakıda hökumətlərarası sazişin imzalanması mərasimində iştirak edəcək. Mərasimdə TAP layihəsinin iştirakçısı olan digər ölkələrin – Yunanıstan və Albaniyanın da rəsmi şəxslərinin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, İtaliyanın baş naziri bu ilin avqust ayında da Azərbaycanda səfərdə olub. O zaman səfərdə məqsəd TAP layihəsinin Azərbaycan qazının Avropaya ixrac marşrutu kimi seçilməsinə görə rəsmi Bakıya təşəkkür etmək olub. Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir. TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM