Çiyələklərimi Allah məhv etdi - Fermerlər danışır - VİDEO

16:14 | 28.04.2023
Çiyələklərimi Allah məhv etdi - Fermerlər danışır - VİDEO

Çiyələklərimi Allah məhv etdi - Fermerlər danışır - VİDEO

Cəlilabada düşən dolu və güclü külək çiyələk sahələrinə ciddi ziyan vurub. Bu barədə Cəlilabaddan olan fermerlər anews.az bildiriblər.
 
Onlar bildirir ki, əgər ərazini sığorta etsəydilər bu qədər zərər görməyəcəkdilər.  
 
Fermer Rafət Abbasov söyləyir ki, 1 hektar ərazi üçün təxminən 20 min manat pul xərcləyib.
 
"Torpağı əkinə hazırlayana qədər təxminən 5000-ə yaxın pul xərcləmişəm. Bura gübrələr, alaq otlarının qarşısının alınması üçün politelindən istifadə olunan vəsaitlər daxildir. Çiyələk üçün dövlət tərəfindən yerini bəyan etdikdən sonra subsidiya ayırılır. Mən bəyan etməyə gecikdiyim üçün bundan istifadə edə bilmədim.  İndi də bunun ziyanını çəkirəm. Bildiyim qədər subsidiyanın məbləği üçün 300-400 manat pul ayrılır. Çiyələk üçün bu il çox xərc çəkdik. Əkin sahəm üçün 120 min ştil istifadə etdim, bir ədədinin qiyməti isə 10-12 qəpiyə başa gəlir",- fermer əlavə edib.
 
Abbasov deyir ki, təbii hadisələr baş verməsə, eyni zamanda Rusiya bazarı yaxşı olarsa, məhsuldan yaxşı gəlir əldə etmək mümkündür.
 
"Normal hava şəraitində 1 hektardan 10-15 min manat qazanc əldə etmək olur. Keçən il çiyələkdən gələnən gəlir lap yaxşı oldu. Hazırda isə vəziyyət belə deyil. Dolu düşdü, müəyyən sahələri tutdu",- zərəçəkən vurğulayıb.
 
Fermer Vüsal Məmmədovun da çiyələk bağları doludüşməsi səbəbindən ziyan görüb. 
 
"1 hektar 40 sot sahəyə çiyələk əkmişdim. Dolu düşdü, sahəmi məhv etdi.  Ruzimiz bu idi, ailəm çox əziyyət çəkmişdi. Borc xərcin içində üzürəm. 1 hektar üçün təxminən 20 min borc pul tapıb, maya qoymuşdum. Gözümün qarşısında kolların üzərində həm yetişmiş, həm də kal meyvələr ortalıqda qalıb. Belə olacağını bilsəydim, sığorta edərdim",- sahibkar bildirib.

Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar Mərkəzindən Cəlilabadda çiyələk bağlarına ciddi ziyan dəyməsi təsdiqlənib.
 
Aqrar Sığorta Fondundan anews-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə 2 fiziki və 1 hüquqi şəxs tərəfindən 36.88 hektar çiyələk sahəsi sığortalanıb.
 
2022-ci ildə Azərbaycandan ixrac edilən çiyələyin həcmi 6000 ton olub. İxracın əsas hissəsi Rusiya, digər hissəsini isə Qazaxıstan və Ərəb ölkələri təşkil edib. 
 
Aqrar Sığorta Fondu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına. sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verərək xərcləri qarşılayır.
 
 
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
 
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 

Aytac Zeynalova

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb