John Kerry Suriyadakı vətəndaş müharibəsi "cəhənnəminə son" axtarır

20:57 | 29.10.2015
John Kerry Suriyadakı vətəndaş müharibəsi

John Kerry Suriyadakı vətəndaş müharibəsi "cəhənnəminə son" axtarır

ABŞ bir sıra üsyançılara dəstəyini artırsa da, Suriyadakı vətəndaş müharibəsi "cəhənnəminə" son qoymaq üçün diplomatik səylərini intensivləşdirir, ABŞ Dövlət Katibi John Kerry bəyan edib.

Cənab Kerry 4 il yarım davam edən münaqişə ilə bağlı xarici işlər nazirləri ilə danışıqlar aparmaq üçün Vyanaya gedəcək.

İran ilk dəfədir ki, bu cür danışıqlarda iştirak edir. Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə də danışıqda iştirak edən ölkələr arasındadır.

Buna baxmayaraq, Suriyanın siyasi müxalifəti xəbərdarlıq edib ki, İranın iştirakı Vyanadakı görüşü çətinləşdirəcək.

Rusiya və İran Suriya prezidenti Bəşər əl- Əsədə dəstək olurlar. ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və digər bir neçə ərəb ölkələri isə təkid edir ki, o, ölkənin gələcəyi ilə bağlı hər hansı uzunmüddətli rol oynaya bilməz.

Böyük Britaniya, Fransa, Almaniya, Misir, Livan və Avropa İttifaqının xarici işlər nazirlərinin də görüşdə iştirakı təsdiqlənib. Digər Yaxın Şərq dövlətlərinin də iştirakı gözlənilir.

İranın son 4 ildə Əsəd hakimiyyətini dəstəkləməyə, hərbi məsləhətçilər və silahla təmin etməyə və digər vasitələr üçün milyardlarla dollar xərclədiyi bildirilir.

Həm İran, həm də Rusiya bu yaxınlarda Suriya münaqişəsində öz hərbi rolunu aktivləşdirib.

Rusiya ötən ay Suriyada hava kampaniyasına başlayıb. Rusiya bildirir ki, o, İD və digər cihadçı qrupları Suriya Prezidenti Bəşər əl-Əsədin hərbi cəhətdən yardım xahişindən sonra hədəfləyib.

Qərb ölkələri və suriyalı fəallar deyirlər ki, Rusiya təyyarələri qeyri-hərbi hədəfləri də vurub, rəsmi Moskva bu iddiaları təkzib edir.

Suriyada niyə müharibə gedir?

Hökumət əleyhinə etirazlar 4 ildir ki, davam edərək dalana girən vətəndaş müharibəsilə nəticələnib. Əl-Əsəd hökuməti, İslam Dövləti qruplaşması, çoxsaylı Suriya üsyançıları və kürd döyüşçüləri müxtəlif ərazilərə nəzarət edirlər.
Kimi kimə qarşı vuruşur?

Paytaxt Dəməşq, ölkənin mərkəzi və qərbində yerləşən hökumət qüvvələri İslam Dövləti qruplaşması, ən-Nüsrə cəbhəsi və ölkənin şimalı ilə şərqindəki daha azsaylı "mötədil” üsyançı qruplarına qarşı vuruşur. Bu qruplar həmçinin bir-birilə vuruşurlar.
İnsan itkilərinin sayı nə qədərdir?

Münaqişədə 250,000 suriyalı öldürülüb və milyondan artıq adam yaralanıb. Daha 11 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub. Onlardan 4 milyonu ölkə xaricinə gedib. Bu rəqəm sayı artmaqda olan Avropaya yollananları da əhatə edir.
Dünya necə reaksiya verib?

İran, Rusiya və Livandakı Hizbullah hərəkatı əl-Əsəd hökumətinə dəstək verir. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər, ABŞ, Britaniya və Fransa ilə yanaşı sünnilərin çoxluq təşkil etdiyi daha mötədil müxalifəti dəstəkləyirlər. Hesab edilir ki, Hizbullah və İran Suriyada qoşun və zabitlərə malikdir. Bu arada Qərb rəhbərliyilə yaradılmış koalisiya və Rusiya hava zərbələri həyata keçirir. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM