JTA: Ukrayna prezidenti və baş naziri yəhudi olan ikinci ölkədir

23:00 | 24.04.2019
JTA: Ukrayna prezidenti və baş naziri yəhudi olan ikinci ölkədir

JTA: Ukrayna prezidenti və baş naziri yəhudi olan ikinci ölkədir

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda yumorist Vladimir Zelenski qalib gəldi. Beləcə, Ukrayna İsraildən sonra həm prezidenti, həm də baş naziri yəhudi olan dünyanın ikinci ölkəsi kimi tarixə düşməyə çox yaxındır. 

Bazar günü ictimaiyyətə açıqlanan ekzit-poll nəticələri Vladimir Zelenskinin açıq-aşkar öndə olduğunu göstərib. Əksər ekzit-pollarda 73 faizə yaxın səs toplayıb. Nəticələr indiki prezident Pyotr Poroşenko üçün o qədər sarsıdıcı olub ki, hələ rəsmi nəticələr açıqlanmamış öz məğlubiyyətini ictimai şəkildə etiraf edib. 

Zelenskinin inauqurasiya mərasimindən sonra 2019-cu il ərzində keçiriləcək parlament seçkilərinə qədər onun baş naziri əslən yəhudi siyasətçi, hazırda Vinnitsia şəhərinin meri olan Vladimir Qroysman olacaq. 

Poroşenkonun hakimiyyəti dövründə korrupsiya səviyyəsi ilə bağlı əhali arasında olan narazılıqlar fonunda siyasi təcrübəsi olmayan Zelenskinin ona acı məğlubiyyət yaşatması heç də sürpriz olmayıb. Halbuki Poroşenko 2014-cü ilin seçkiqabağı kampaniyası zamanı məhz bu cəbhədə (korrupsiyaya qarşı - red.) konkret ölçülər qəbul edəcəyinə söz vermişdi. 

Bununla belə, bir çoxları yəhudi əsilli yumoristin belə qətiyyətli qələbə qazanmasına təəccüblənir. Zelenskinin anası Rima yəhudidir. Seçkiqabağı kampaniya dövründə etdiyi çıxışlarda tez-tez bu barədə xatırlatma verib, zarafatlaşıb. 

Hər halda, Rusiya və digər tənqidçilər Ukrayna cəmiyyətində ciddi antisemitizm problemi və irsinin olduğundan əmindir. 

"Təsəvvürünüzə gətirin ki, Şolom Aleyçemə bənzəyən xalis yəhudi protoqonist nasist cinayətkarların qanuni şəkildə şöhrətləndirildiyi bir ölkədə sarsıdıcı qələbə qazanır", - deyə yəhudi əsilli rusiyalı köşə yazarı Aviqdor Eskin ayın əvvəli "Regnum" xəbər agentliyində dərc olunmuş analitik yazısında deyir. 

Bununla belə, köşə yazısında Eskin əsas diqqəti mediada olan problemlərə və Rusiyanın başlıca olaraq Şərqi Ukraynadakı silahlı münaqişəsi ilə bağlı apardığı təbliğata yönəldib. 

Amma Eskinin Ukraynada nasist cinayətkarların şöhrətləndirilməsi haqqında qanununların olması barədə dediklərində müəyyən mənada həqiqət var. Üstəlik, bu və antisemitizmlə bağlı digər məsələlərə görə Ukraynanı tənqid atəşinə tutan təkcə Rusiya deyil. 

Ötən il İsrail hökumətinin antisemitzmlə bağlı illik hesabatında Ukrayna regionun ən problemli nöqtəsi kimi göstərilib.

"Şərqi Avropada antisemitizm səviyyəsinin azalması müşahidə olunsa da, Ukrayna bu baxımdan istisnadır. Belə ki, bu ölkədə qeydə alınmış antisemitizm zəminli hücumların sayı ötən ilin göstəriciləri ilə müqayisədə, iki dəfə artıb.

Üstəlik, Ukraynada qeydə alınan insidentlərin sayı ümumilikdə yerdə qalan Şərqi Avropa ölkələrində qeydə alınmış antisemitizm insidentlərindən çox olub", - deyə hesabatda qeyd olunur. Sənədin müəllifləri təkcə 2017-ci ildə Ukraynada 130-dan çox antisemitizm zəminli insidentin qeydə alındığını iddia edir. 

Həmçinin, ötən il 50-dən çox amerikalı konqres üzvü nasistlərlə əməkdaşlıq etmiş şəxslərin şanını ucaldan qanunvericiliyi pisləyib. Onların fikrincə, Ukraynanın bu qanunları Polşanın Holokastla əlaqəli ziddiyyətli qanunlarından belə pis mənada önə gedir. 

"Məsələnin ən xoşagəlməz tərəfi isə odur ki, nasistlərin şanının ucaldılmasını Ukrayna hökuməti dəstəkləyib", - deyə ABŞ konqresmenlərinin imzaladığı birgə məktubda qeyd olunur. 

Məktubda İkinci Dünya Müharibəsi zamanı faşistlərlə əlbir olmuş və tabeliklərində olan birləşmələrin yəhudilərə və digər qurbanlara qarşı qırğınlar törətmiş Ukrayna üsyan ordusu və Ukrayna Millətçilər Təşkilatı liderlərinin təbliğ olunduğu tədbirlər və qanunlar açıq şəkildə göstərilib.  

Poroşenkonun hökuməti faişistlərlə əlbir olmuş birləşmələri və liderləri Ukrayna azadlığı uğrunda savaşmış və Rusiyanın nəzarətində olan Sovet İttifaqına qarşı savaşmaq üçün Almaniya ilə ittifaqa daxil olmağa məcbur olmuş döyüşçülər kimi qələmə verir. 

Ukraynada bir sıra şəhərlərdə küçələrə faşistlərlə əlbir olmuş Stepan Benderin adı verilib. Bender Poroşenkonun hakimiyyətə gəlişinə qədər yalnız ölkənin qərb bölgəsində açıq şəkildə şöhrətləndirilirdi. 

Bu arada, ölkənin qərbində yerləşən Lvov şəhərində yerli millətçilər özlərində cəsarət taparaq, yerli hökumətin xeyir-duası ilə Vaffen SS qüvvələrinin 14-cü Qalitsiya diviziyasının yubileyini qeyd ediblər. Anım mərasimi çərçivəsində keçirilən paradda iştirakçılar Faşist SS uniformalarında yürüş edib. 

Belə mənzərəyə Viktor Yanukoviçin hakimiyyəti dövründə rast gələ bilməzdiniz. Korrupsiyaya qurşanmış Yanukoviç 2013-cü il inqilabı nəticəsində hakimiyyətdən kənarlaşdırılıb. İnqilabın sonu seçkilərlə, nəticə etibarilə  "Poroşenko erası"nın başlaması ilə nəticələnib. Narazılıqlara baxmayaraq, Yanukoviç nə Ukraynada yaşayan rusiyalıların, nə də şərqdəki güclü qonşusunun sinirlərini sınağa çəkib və millətçilik fenomeninə o qədər də tolerant münasibət bəsləməyib. 

Zelenskinin bu mövzu ilə bağlı fikirlərinə gəlincə, o, şəxsən Bender kimi tarixi şəxsiyyətlərin şöhrətləndirilməsini və ya onların "Ukrayna qəhrəmanı" kimi təbliğ olunmasını dəstəkləmədiyini bildirib. Halbuki Poroşenko administrasiyasında yer alan bir sıra məmurlar Benderi məhz milli qəhrəman səviyyəsinə qaldırıb. 

Onun seçki kampaniyasında belə bəzi antisemitizm ünsürləri nəzərə çarpıb. Bəzi qatı-sağçı dairələr Zelenskinin uzun müddət yəhudi media maqnatı İqor Kolmoyskinin sahib olduğu telekanalda işləməsini əsas götürərək, onun "yəhudi kabalı"nın (sui-qəsdçilər şurası - red.) üzvü olduğunu iddia edir. Bununla belə, Kolomoyskini əsl ukraynalı vətənpərvər hesab edən bir çox millətçilər məhz Zelenskiyə etimad göstərir. 

Anews.az oxu.az-a istinadən xəbər verir ki, Poroşenkonu dəstəkləyən nüfuzlu siyasi analitik Aleksandr Palıy yəhudilərə və bəzi rusiyalılara olan "hörmət"inə rəğmən, öz "Facebook" səhifəsində "Ukrayna əhalisinin çoxunu ukraynalılar və xristianlar təşkil edir, ona görə də prezident məhz ukraynalı və xristian olmalıdır", - deyə yazaraq qalmaqallı polemikaya səbəb olmuşdu. 

Belə ritorika əcdadları əsrlər boyu, istər Holokostdan əvvəl, istər Holokost vaxtı, istərsə də Holokostdan sonra antisemitizmdən əziyyət çəkmiş 300 minə yaxın yəhudisi olan Ukraynada bir çoxlarında, həqiqətən, təəccüb doğurur. 

Fransalı yəhudi əsilli filosof Bernar Anri Levi də 41 yaşlı siyasətçi ilə söhbətində Ukrayna yəhudilərinin qanlı tarixindən söz açıb. Yeri gəlmişkən, Zelenskinin hər iki valideyni elm adamı olub və Sovet hərbi bazası yaxınlığında yerləşən evdə boya-başa çatıb. 

"Yəhudi olduğunu gizlətməyən, "poqrom" torpağı sayılan Krivoy Roqdakı hadisələrdən sağ çıxmış yəhudilər nəslindən olan birinin Şoa kütləvi edamının və Babi Yar qırğının yer aldığı ölkənin gələcək prezidenti olacağı perspektivi adamı valeh edir", - deyə Levi ayın əvvəlində "Le Point" nəşrində çıxan məqaləsində yazmışdı.

"Bu postmodern cavan antisemitizm virusunun yayılmasının qarşısının alındığını sübuta yetirən canlı dəlildir", - deyə Levi əlavə edib.  

Yəhudi köklərini danmayan Zelenski, bununla belə, fransız filosofa verdiyi müsahibədə əcdadları barədə uzun-uzadı danışmaq istəməyib. Buna qısaca zarafatyana belə cavab verib:

"Yəhudi olmağım, nöqsanlarımla bağlı uzun siyahının ilk iyirmiliyinə güc-bəla ilə düşür". 

Zelenski son vaxtlar ölkəsində populyar "Xalqın qulu" teleserialında canlandırdığı müəllim obrazı ilə məşhurlaşıb. Oynadığı protoqonist hadisələrin gözlənilməz məcrada inkişafı nəticəsində adi müəllimdən Ukrayna prezidentinə qədər yüksəlir. 

Zelenski prezidentliyə namizədliyini yanvar ayında irəli sürüb və qeydiyata alınar-alınmaz aparıcı namizədə çevrilib. Populyarlıq səviyyəsi onun baş vurduğu "qaranlıq siyasi sulardan quru çıxmasına" və peşəkar siyasi rəqiblərində əsaslı şəkildə seçilməsinə təkan verib. 

Məsələn, jurnalist onun Rusiya prezidenti Vladimir Putinlə potensial münasibətləri barədə fikir öyrənməyə çalışıb. Zelenski komik hazırcavablığını işə salaraq, "onunla gözə-göz səviyyədə söhbət edəcəyəm" deyə, onunla Putinin boydan Poroşenkodan azı 10 santimetr alçaq olmasına eyham vurub.

Ukrayna Yəhudiləri Komitəsinin direktoru Eduar Dolinskinin fikrincə, Zelenskinin qapalılığı yüksək səviyyəli qeyri-müəyyənlikdən xəbər verir.

"Zelenskinin necə prezident olacağını zaman göstərəcək, bizə, sadəcə, gözləmək qalır", - deyə Poroşenko administrasiyasının qatı tənqidçilərindən olan Dolinski yazır.

"Görünən bircə odur ki, Poroşenkonun millətçilikdən alət kimi istifadə etmə cəhdi iflasa uğradı. Ukraynalılar dəyişiklik istədiyini qətiyyətli şəkildə ortaya qoydu. Mən gələcəklə bağlı nikbinəm.

Qeyd edək ki, məqalə Jewish Telegraphic Agency-də dərc olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb