Noyabrın 30-da Kiyevdə keçirilən müsabiqədə Maltadan olan 11 yaşlı Qayya Kauçi qalib olub.
Noyabrın 30-da Kiyevdə uşaqlar arasında “Eurovision-2013” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. “Ukrayna” Milli İncəsənət Sarayının səhnəsində keçirilən müsabiqənin qalibi Maltadan olan 11 yaşlı Qayya Kauçi olub. İkinci yerə ukraynalı Sofiya Tarasova, üçüncü yerdə isə belaruslu İlya Volkova çıxıblar.
Finalda Azərbaycanı Rəşid Behbudov adına uşaq musiqi məktəbinin 10 yaşlı şagirdi Rüstəm Kərimov təmsil edib.
Bu dəfəki müsabiqədə aşağıdakı sıra ilə ölkələrin 12 gənc nümayəndəsi çıxış edib: 1.İsveç, 2.Azərbaycan, 3.Ermənistan, 4.San-Marino, 5.Makedoniya, 6.Ukrayna, 7.Belarus, 8. Moldova, 9.Gürcüstan, 10.Niderland, 11.Malta, 12.Rusiya. Musiqi şousundan əvvəl tamaşaçılara uşaqlar arasında “Eurovision” mahnı müsabiqəsi barədə sənədli film və müsabiqənin gündəliyi nümayiş etdirilib.
Final mərhələsinin fəxri qonaqları qismində böyüklər arasında “Eurovision” müsabiqəsinin qalibləri – Ruslana (Ukrayna, 2004) və Emmili de Forest (Danimarka, 2013) çıxış ediblər. KİV-in yazdığına görə, Ukraynada keçirilən müsabiqəyə 2,8 milyon avro pul xərclənib.
ANS PRESS