"Səda” TV-nin jurnalist-aparıcısı Elnur Şükürov evində axtarış edilərək saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.
"Sentyabrın 13-ü gecə saatlarında jurnalist Elnur Şükürovun evində axtarış aparılıb və prokurorluq əməkdaşları tərəfindən naməlum istiqamətdə aparılıb. Jurnalistə vəkil tutulmayıb", - Səfərov bildirib.
Onun sözlərinə görə, jurnalistin saxlanılma səbəbi haqqın.az xəbər saytının baş redaktoru Eynulla Fətullayevin facebook sosial şəbəkəsində yazdığı statusla bağlıdır. Belə ki, həmin statusda baş redaktor jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun Baş Prokurorluğun İstintaq idarəsində dindirilərkən binanın qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacağını bildirmişdi. Amma jurnalistin adı və səs yazısını açıqlamamışdı.
"Dünən Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam. Peşəmizə kölgə salıb jurnalistikanı ucuzlaşdıran bu şəxs bir məmuru təhdid edib, şantaj edir. İşi araşdırıram. İlanın başını əzməliyik! Başqa yolumuz yox! Əks halda jurnalistikamızın mənən təmizlənməsini və yeni mərhələyə çıxmasını təmin edə bilməyəcəyik", Fətullayev bildirib.
Elnur Şükürov himn oxuyanlar arasında olub. Onun hansı maddə ilə ittiham olunduğu bilinmir.
Baş Prokurorluğun mətbuat xidmətindən Anews.az bildirdilər ki, məsələ ilə bağlı araşdırma aparılır və məlumat olan kimi saytımıza bildiriləcək.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !