Noyabrın 14-də "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi (ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim baş tutub.
ANN.Az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin kafedra müəllimi polkovnik-leytenant İlfəddin Əliyev ekstremal şəraitdə ilkin yardım göstərilmə ilə bağlı iştirakçılara məlumat verib: "İlkin tibbi yardım zamanı yadda saxlamaq lazımdır ki, yaralıların həyatı üçün təhlükə təşkil edən amillər aradan götürülməlidir. Ekstremal şəraitlərdə çalışacağını bilən şəxs hər zaman özü ilə dərman qutusu daşımalıdır".
İlfəddin Əliyev daha sonra jurnalistlərə günvurma, istivurma, sınıqlara qarşı tədbirlərin görülməsi, döyüş bölgəsində yaralıların oradan çıxarılması, boyun-bel fəqərələrinin zədələnməsinə zamanı ilkin yardımların göstərilməsi, yanıq travmaları və başqa hallar zamanı baş verə biləcək təhlükələr zamanı ilkin yardımların göstərilməsi haqqında məlumat verib.
Təlim Tədris Mərkəzinin müəllimi mayor Sultan Nəbiyev təlim iştirakçılarına radioaktiv çirklənmənin mənbələri, kimyəvi silahlar və s. haqda danışıb.
Təlimdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iştirakçılara jurnalist təşkilatlarına üzvlük barədə fikir bildirib. Onun sözlərinə görə, ekstremal şəraitlərdə çalışmalarına baxmayaraq, hər bir jurnalist öz həyatının hər hansı bir məlumatdan daha önəmli olduğunu yaddan çıxarmamalıdır.
Müşfiq Ələsgərli daha sonra ölkəmizdə jurnalist ittifaqlarının, birliklərinin olmasına baxmayaraq həmin təşkilatlara üzv olan jurnalstlərin sayının az olduğunu vurğulayıb.
Təlimin sonunda Müdafiə Nazirliyinin sülhməramlı taborunun zabiti mayor Vüsal Bağırov ekstremal şəraitdə işləməyə gedəcək şəxslərin olacağı yer haqqında əvvəlcədən gemiş məlumat əldə etmələrini vacib sayıb və bunun çox faydalı olacağını deyib: "Əgər jurnalist konflik olan bölgəyə gedirsə, ilk öncə həmin yerin adət-ənənəsini öyrənməli, oradakı qanun-qaydalarla yaxından tanış olmalıdır. Çünki bu bilgilərin olmaması jurnalistlər üçün pis situasiyalar yarada bilər".
Qeyd edək ki, "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi (ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsinə noyabr ayının 5-də start verilib.
Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !