Azərbaycanda jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi məqsədilə müzakirələr aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, komissiya rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda növbəti müzakirə keçirilib.
Müzakirələrin nəticəsi olaraq jurnalistika ixtisasına bakalavriat və magistratura səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar.Nəzərdə tutulan digər yeniliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu mərhələsində internetlə sorğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə biləcəklər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !