Jurnalistin ölümü ilə bağlı AÇIQLAMA

10:56 | 30.03.2017
Jurnalistin ölümü ilə bağlı AÇIQLAMA

Jurnalistin ölümü ilə bağlı AÇIQLAMA

Bakı Apelyasiya Məhkəməsində ANNTV-nin redaktoru Rasim Əliyevin ölümündə təqsirli bilinən şəxslərin barələrindəki hökmdən verdikləri apelyasiya şikayəti üzrə proses keçirilib.

Prosesdə sədrlik edən hakim Qədim Babayev bildirib ki, ötən prosesdə Rasim Əliyevin xəstəxanaya daxil olarkən çəkilmiş rentgen görüntüsünün məhkəməyə təqdim edilməsi və əlavə şahid qismində Rasimi müayinə edən həkimlərin dindirilməsi barədə vəkillərin verdikləri vəsatət müzakirəyə çıxarılır. Vəkillər bildiriblər ki, cinayət işi materiallarında olan sənədlərə əsasən, Rasim Əliyev xəstəxanaya daxil olarkən qabırğasında sınıq olub, daxili orqanları zədələnib. Bununla bağlı rentgen çəkilşi olsa da, həmin rentgen kağızı cinayət işi materiallarına əlavə edilməyib. Həmçinin həkimlər məhkəmədə dindirilməyib.

Zərərçəkən tərəfin hüququ varisi - Rasim Əliyevin anası Teyfurə Əliyevanın vəkili Fariz Namazlı da bildirib ki, bu məsələdə təqsirləndirilənlərlə zərərçəkən tərəfin mövqeyi üst-üstə düşür. "Bizirnci instansiya məhkəməsində də həm zərərçəkən tərəf olaraq biz, həm də təqsirləndirilən tərəf bu barədə çoxsaylı vəsatətlər vermişik. Hesab edirik ki, Rasim Əliyevin ölümündə həkimlərin də günahı var və onlar məsuliyyətə cəlb edilməlidirlər. Ona görə də vəsatətin təmin edilməsini istəyirik". 

Təqsirləndirilənlərdən 4 nəfərin vəkili olan Şəmsəddin Quliyev bildirirb ki, Rasim Əliyevə ölümə səbəb olan xəsarətlər xəstəxanada yetirilib. O rentgen şəklinin ortaya çıxarılmamasını da bununla əlaqələndirib. 

Vəkil vurğulayıb ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən onun xəsarətləri ağır olmayıb və bu rentgen çəkilişində də öz əksini tapıb. "Ona görə də şəkilləri gizlədirlər. Rasim Əliyevin əməliyyat olunması haqda deyilənlər yalandır, onu əməliyyat eləməyiblər. Sadəcə, öləndən sonra xəstəxanada onun qabırğalarını sındırıblar, dalağı, mədəaltı vəzini cırıblar. Əgər ölümə səbəb olan xəsarətlər xəstəxanaya gələndə onda olsaydı, rentgen çəkilişində öz əksini tapardı. Ona görə də o çəkilişləri gizlədirlər. Əgər xəsarətləri ağır idisə, rəydə yazdıqları kimi, dalağı cırılmışdısa, niyə xəstəxanaya gələn kimi əməliyyat eləməyiblər? Hətta öz yazdıqlarına inansaq, səkkiz saat gözləyiblər". 

Prokuror vəsatətlərə etiraz edib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Bu, təqsirləndirilən şəxslərin etirazına səbəb olub. "Yoldan keçənləri gətirib şahid kimi dindirdilər, amma həkimləri yox. İndiyə qədər məhkəmədə 50 vəsatət verilib, heç biri də təmin olunmayıb. Budur məhkəmə?!" - təqsirləndirilən Camal Məmmədov deyib. 

Təqsirləndirilən Samir Mustafayev isə jurnalistin döyülməsinə və ölümünə heç bir aidiyyəti olmadığını deyib. O da məhkəməni ədalətsizliyindən gileylənib: "Mənim günahım nədi? Məndən nə istəyirsiz? Çəkələklə davaya gedərlər? Mən Ağır Cinayətlər Məhkəməsindən bəri susuram, görüm bir vicdanlı adam çıxıb bu işə obyektiv baxacaqmı? Yoxdur..."

Çıxışlar mərhələsində zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyevin ölümü ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunub, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Vəkil çıxarılan hökmün qanunsuz olduğunu vurğulayıb: "Hökmü bir hissədə qüvvədə saxlayıb, digər hissəsini geri qaytarmaq mümkün deyil. Bizim əsas narazılığımız həkimlərin məsuliyyətə cəlb olunmaması ilə bağlıdır. Məhkəmə qanunsuz ittiham əktı əsasında qanunsuz hökm çıxarıb. O hökmün ləğv olunmasını xahiş edirik".

Zərərçəkmiş Teyfurə Əliyeva da hesab edir ki, övladının ölümündə təqsirləndirilən şəxslər qədər həkimlərin də günahı var. "Əlbəttə, Cavid Hüseynovun öyrədib göndərdiyi bu azğınlaşmış adamların hərəkətləri belə bir nəticəyə gətirib çıxarıb. Cavid də daxil olmaqla bunlar təhlükəli adamlardır. Belələri Azərbaycan futbolunda olduğuna görə futbolumuz inkişaf eləmir də. Hesab edirəm ki, bu adamlara verilən cəza azdır. Amma həkimlər də vaxtında lazımi tədbir görməyiblər. Biz xəstəxanaya gedib çatana qədər Rasimi iki saata yaxın dəhlizdə saxlayıblar. Hətta buna görə Rasimin Babək həkimlə mübahisəsi də olub. Rasimin ölümündə həkimlərin rolu elə bunlar qədərdir. Ona görə həkimlərin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik".

Vəkil Şəmsəddin Quliyev çıxışında deyib ki, hüquqlarını müdafiə etdiyi dörd nəfərdən Samir Mustafayevə bəraət verilməlidir, çünki onun heç bir günahı yoxdur. Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyev isə öz əməllərinə uyğun maddə ilə cəzalandırılmalıdır. Müdafiəçinin fikrincə, onlara verilən ittiham əməllərinə adekvat deyil, ağırdır.
 
Qalan bir nəfər təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə ona aprelin 12-nə qədər vaxt verib.

Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz Facebook" səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub.
Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və aralarında mübahisə yaranıb.
 
Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. R.Əliyev təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Jurnalistin ölümündə bilavasitə əli olan  5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayəti gizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2016-cı il oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM