Jurnalistləri və fəalları izləyən casus proqramı qalmaqalı - Siyahıda Azərbaycan da var

Bütün dünya boyu xüsusi xidmət orqanları siyasətçilərin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının telefonlarını izləmək üçün İsrailin NSO Group şirkətinin hazırladığı "Pegasus” adlı casus proqramından istifadə edib. Bu haqda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu bildirir.
"NSO Group "Pegasus” proqramını onlarla ölkəyə satıb. Əvvəllər "ayfon” istifadəçisi dinləmə altına düşmək üçün telefonuna atılmış linkə basmalı idi, indi isə bu tələb olunmur. Siz ümumiyyətlə heç nə etmirsiniz, telefonunuz masanın üstündə olur, amma istənilən vaxt onu "sındıra” və casus proqramını yükləyə bilərlər”,-dinlənilən telefonlardan birinin sahibi, Toronto Universiteti nəzdində Citizen Lab təşkilatının elmi əməkdaşı Bill Marşak bildirib.
"Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.
Casus proqramı "The Washington Post”un yazdığına görə, 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.

İyulun 19-da haqqin.az və virtualaz.org saytlarının redaksiyası adından bu məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib. DTX-nin yüksək rütbəli şəxsləri bu məlumatı qəti şəkildə təkzib ediblər və onu "təxribat” adlandırıblar. "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna isə DTX-da belə deyiblər: "Əgər Azərbaycan xüsusi xidmət orqanları bu casus proqramının köməyi ilə telefonları izləyə bilirdisə nəyə görə izlənilənlər arasında Azərbaycanın həmin dövrdə müharibə apardığı Ermənistanın dövlət orqanlarının və hökumət üzvlərinin telefonları yoxdur?”.
Doğrudan da, 2020-ci ilin iyulundan Azərbaycan Ermənistanla fəal döyüş əməliyyatları aparırdı. O zaman nədən Azərbaycan xüsusi xidmət orqanlarının izlədiyi şəxslər arasında erməni siyasətçiləri də yoxdur?
www.anews.az
Son xəbərlər
Daha çox 