Dünyada heç kim mobil telefonunu itirməyi xoşlamır. Ramzan Kadırov da istisna deyil. Həftəsonu muzeyin açılışında iştirak edən Çeçenistan prezidenti mobil telefonunu hara qoyduğunu yadından çıxardıb.
Prezidentin telefonunu tapmaq üçün orada olan uşaqlı-böyüklü minlərlə adam bütün gecəni çağırılıb, dindiriliblər.
Memorial insan haqları təşkilatı avqustun 18-də verdiyi bəyanatda yazır: ”Yerli sakinlər bildirirlər ki, avqustun 16-da şənbə günü gecə polis və regional icra hakimiyyəti işçiləri minlərlə adamı, o cümlədən uşaqları dindirilməyə çağırıblar və sorğu-suala tutublar”.
Telefon Qroznıdan 30 km cənubda yerləşən Qermençuk kəndində yeni Şira-Yurt muzeyinin açılışında itib.
Muzeyin açılışında minlərlə adam iştirak edib.
Kadırov İnstagramda yazırdı ki, “Bu, Çeşenistanda möhtəşəm açılışdır. Respublikanın minlərlə sakini Şira-Yurta gəlib. Şira-Yurt orta əsrlər çeçen məskunlaşmasının surəti kimi tikilib”.
Açılış mərasimində ənənəvi çeçen toyu da olub və prezident yeni evlənənlərə 1 milyon rubl verib.
Mərasimdə Çeçenistanın hər bir regionundan rəqqaslar da olub.
Ancaq telefonun itməsi mərasimi korlayıb.
Telefonun itməsi bəlli olanda səsgücləndiricilərlə hamıya elan olunub ki, Kadırov telefonunu itirib. Polis meydanda kim varsa, hamısını dindirib, ancaq telefonu tapa bilməyiblər.
Mərasim qurtarandan sonra hamı evinə dağılışıb. Ancaq regional icra rəsmiləri mərasimin təşkilatçılarına zəng ediblər ki, mərasimdə iştirak edən bütün adamların, həm yerli sakinlərin, həm də qonaqların siyahısını tutsunlar.
Sonra bütün bu adamların hamısı dindirilməyə çağırılıb. Onlardan soruşulub ki, mərasim vaxtı harda olublar, harda dayanıblar, telefonu görüblərmi?
Memorial yazır ki, bütün bunlardan sonra Kadırovun telefonunun tapılıb-tapılmamağı bəlli deyil.
Musavat.com