Avqustun 18-dən etibarən ictimai
iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Nazirlər
Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai
iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad,
Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl
rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe,
çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində
xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir
masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.
Bu Qərarın məqsədləri üçün ictimai iaşə
obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının
təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə
edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk
tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi
dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən
hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam
açıq (açıq səma altında) sahə nəzərdə tutulur.
İctimai iaşə obyektlərinin
giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən
dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi
və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !