Orxan PamukYazıçılara ilk növbədə yaratdıqları əsərlərə görə heyran oluruq. İllər sonra o əsərləri birinci dəfə oxuduğumuz vaxtla, o günlərlə əlaqəli xatirələrimiz yada düşür və kitabın bizdə oyatdığı, lakin ilkin halda fərqinə varmadan keçirdiyimiz hisslər və duyğular onu yenidən əlimizə aldığımız anda oyanır və bizi heyranlıq hissi bürüyür. Artıq o yazıçını təkcə dünyanı oyadan ruhunun qəlbimizə bəxş etdiyinə görə deyil, həm də həyatımız üçün, ruhi təkmilləşməyimizdə xüsusi rolu olduğuna görə sevməli oluruq. Alber Kamyu mənim üçün Dostoyevski və Borxes kimi əsas yazıçılardan daha biridir. Bu iki yazıçı kimi Kamyu da fəlsəfi və metafizik meylləri ilə gənc oxuculara sarsıdıcı bir qüvvə ilə bəyan edir ki, dünyanın, həyatın mənalandırılması üçün ehtiyac duyulan cazibədar nəsnələr nədən ibarətdir və bu həyatı mənalandırmaq gücündə olan ədəbiyyatın - həyat kimi sərhədsiz imkanlara sahib olması nə deməkdir. Əgər oxucu gəncdirsə, onda bu yazıçıları təvazökarlıq hissi ilə oxuyacaq və onlar kimi yazıçı olmaq istəyəcək. Kamyunun, demək olar ki, bütün kitablarını Dostoyevski və Borxesin əsərlərindən əvvəl, on səkkiz yaşım olanda, atamın təsiri ilə oxumuşam. İnşaat mühəndisi olan atam, 1950-ci illərdə Kamyunun “Qallimard” nəşriyyatında nəşr olunan, eləcə də, ən son çap olunan kitablarını ya Parisdən alar, ya da İstanbula gətirdərdi. Kitabları diqqətlə oxuyandan sonra onlar haqqında arada-bir danışardı. Düşünürəm ki, o vaxtlar atamı təsirləndirən məsələ başa düşəcəyim tərzdə mənə danışmağa çalışdığı “absurd fəlsəfə”sindən daha çox, bu günümüzdə bu fəlsəfənin Qərbin böyük şəhərlərindən, onların dramatik memarlıq aləmindən və təkcə evlərin daxilində deyil, bizimki kimi kənarda qalmış, yarıkasıb, yarımodern, yarımüsəlman, bir az da işıqlı, ağdənizli bir dünyadan səslənməsi idi. “Yad”dakı və “Taun”dakı, bu kitablardakı bəzi əhvalatların baş verdiyi coğrafiya və Kamyunun uşaqlığının, gəncliyinin keçirdiyi, nə tam Qərb, nə də Şərq olan küçələrdən, bağçalardan, günəşdən sevgiylə və təvazökarlıqla danışması öz həyatımızı onun həyatıyla eyniləşdirməyimizi asanlaşdırır. Kamyunun möcüzəvi ədəbi uğuru çox gənc yaşlarında əldə etməsi və yaraşığını itirmədən qəzetlərin “absurd” adlandırdığı yol qəzasında, cavan yaşda dünyadan köçməsi atamı dəhşətli dərəcədə sarsıtmışdı. Kamyudan danışanda təkcə atamı deyil, həm də məni təsirləndirən bütün dünyanın bəhs etdiyi “cavanlıq” işığının tez sönməsinə heyfsilənmək yazarın istedadı və yaşıyla bağlı idi. Amma indi, onun əsərlərini ilk dəfə oxuyandan illər sonra hiss eləyirəm ki, həmin gənclik fikirlərimin başqa bir mənası varmış. Sanki Kamyu kitablarını yazdığı illərdə Avropa hələ çox da qədim olmayan bir yer imiş və orda hər şey baş verə bilərmiş. Gənclik dövrünü yaşayan digər mədəniyyətlərdə olduğu kimi, sanki o vaxtlar Avropada nəsnələrin özləri ilə görünüşləri arasında fərq yox imiş. Belə ki, fəlsəfə təhsili almış uğurlu bir yazıçı qəzəbli missionerdən, bir rəssamın ad-sanıyla bağlı əlaqələrindən, topal bir adamın velosipedə minməyindən, ya da sevgilisi ilə çimərliyə gedən bir oğlanın həssaslığından danışarkən, heç gözləmədiyimiz bir anda, əslində həyatın mənası və dünyanın necə bir yer olması haqda hamının razı olacağı fikirlərini bizimlə təzədən bölüşür və biz bu qüdrəti gözəl anlayırıq. Gündəlik həyatının adi və gündəlik təəssüratlarını, eynən bir kimyagər kimi eyham edərək fəlsəfəyə çevirə bilmək bacarığı, Alber Kamyunun bu əsərlərində də ilk baxışdan görünür. Bütün bunların davamı kimi, Didrodan Uelbekə qədər fransız fəlsəfi romanı ənənəsi var. Kamyunun fərqliliyi çoxbilmiş və avtoritar bir yazıçı təhkiyəsinə, ya da yumora əsaslanan fransız fəlsəfi roman ənənəsi ilə Heminquey tərzdə qısa cümlələrlə birbaşa nəql etməyi rahatlıqla bacara bilməsidir. Podan (Edqar Allan Po – F.H) Borxesə qədər bütün qısa fəlsəfi-hekayə ənənəsinin davamı sayıla biləcək bu əsərlər, bəzən təsvirçilikdən, maraqlı atmosfer yaratmaqdan xoşlanan bir romançının müşahidələri ilə daha da canlanır. Burda diqqət çəkən problem Kamyunun nəql etdiyi şeyə ruhən uzaqlığı, pıçıltı ilə danışmasıdır. Oxucu əsəri daxili aləminə tam hopdurmamış yazıçıyla nəql edilən mövzu arasındakı yerdə yaranan fikir ayrılığı, qərarsızlıq, yəqin, Kamyunun həyatının son illərində qarşılaşdığı yorucu, bezdirici problemlərlə əlaqəlidir. Cavan yaşında ölməsini Kamyu “Səssiz adamlar” adlı hekayəsinin əvvəlində başa düşəcəyimiz tərzdə qələmə alıb. O, özüylə bağlı hər şeyi yaxşı bilirdi. “Rəssam çalışarkən” adlı əsərini Kamyunun həyatının son illərində artıqlamasıyla dadını çıxartması, özünə lazımınca yük olan yazıçı ad-sanı və uğurları ilə əlaqəli hesab edirəm. Amma əsl kədərli problem, əlbəttə ki, Əlcəzair müharibəsi ilə bağlıydı. Əlcəzairli fransız olan Kamyu bu torpaqlara olan sevgisi ilə Fransaya olan bağlılığı arasında qalmışdı. Bir tərəfdən koloniyaya qarşı qəzəbi, üsyanı, şiddətə əl atmağı çox yaxşı anlayır, digər tərəfdən isə fransız dostlarının azadlıq hissi ilə ürəkləri odlanan ərəblərin, ya da fransız mediasının yazdığı kimi “terroristlərin” bombalarıyla öldürüləndə, Sartr kimi fransız dövlətinə qarşı sərt münasibət sərgiləyə bilmir, heç nə demirdi. Sartr köhnə dostunun ölümündən sonra yazdığı son dərəcədə təsirli bir yazıda Kamyunun münasibət bildirməməyinin eyham elədiyi dərin mənanı və təmkini oxucuya açıb deyə bilmişdi. Həyatının sonunda fransız koloniyaçılığıyla dostlarının sevgisi arasında ruhən sıxılan və seçim etmək məcburiyyətində qalan Kamyu düşdüyü vəziyyətin ruhi gərginliyini “Müsafir” adlı əsərində yaradıcılıq vasitəsi ilə özündən uzaqlaşdıra bilir. Bu mükəmməl siyasi əsərdə o, siyasəti bizim həvəslə seçdiyimiz bir iş kimi yox, başımıza gələn və qəbul etmək məcburiyyətində qaldığımız bədbəxt bir qəza kimi göstərir. Bu müşahidə ilə də hamımız razılaşırıq.
Dilimizə uyğunlaşdırdı: Fərid HüseynANN.Az