Kanadada iki azərbaycanlıya hücumla bağlı polis araşdırmasına başlanılıb

09:11 | 03.08.2020
Kanadada iki  azərbaycanlıya hücumla bağlı polis araşdırmasına başlanılıb

Kanadada iki azərbaycanlıya hücumla bağlı polis araşdırmasına başlanılıb

 Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıbdır, bu barədə Azərbaycanlı kanadalılar şəbəkəsinin yayımladığı bəyanatda bildirilir. 


"Sözügedən hücum iki azərbaycanlı şəxsə qarşı törədilmiş və onların avtomobili qarşı tərəfin minik vasitələri ilə zərbələrə məruz qalmışdır. Hadisə nəticəsində bir icma üzvü ayağından yaralanmış və ona təcili tibbi yardım göstərilmişdir. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olmuşlar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulmuşdur. Toronto şəhər polisi cinayət baş verən əraziyə çağrılmış və hal-hazırda hadisəni araşdırmaqdadır", - deyə bəyanat sahibləri vurğulayırlar.


Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Azərbaycanlı icma üzvlərinə qarşı bu təxribat iyul ayının 12-14-də Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi hücumdan sonra baş verməsi xüsusi narahatlıq yaradır. Dövlətlər arasında yaşanan gərginliklərin xaricdə yaşayan diaspor üzvlərinə qarşı bu cür hərəkətlər vasitəsilə daha da alovlandırılması qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır.
 

Azərbaycanlı Kanadalılar Şəbəkəsi müxtəlif fərdlər və icma təşkilatlarının Kanadada yaşayan azərbaycanlıların birgə, təhlükəsiz və mütəşəkkil əməkdaşlığı məqsədilə birləşdiyi alyansdır.
 
Məsələ ilə bağlı Azərbaycanın Kanadadakı səfirliyi də bəyanat yayıb. ​Məlumatda bildirilir ki, səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM