Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın məhkəməsi başa çatıb.
APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, L. Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı L. Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. . L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir. İttihama görə, o, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır. Adı dələduzluqda hallanan Mahir Əkbərov polis orqanlarından xaric edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !