Keçmiş səfir təcridxanada aclıq aksiyası keçirir

15:14 | 26.07.2024
Keçmiş səfir  təcridxanada aclıq aksiyası keçirir

Keçmiş səfir təcridxanada aclıq aksiyası keçirir

Keçmiş diplomat Emin İbrahimov 3-cü gündür ki,  həbsinə etiraz edərək, Şüvəlanski İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Bu barədə onun vəkili  Aqil Laic bildirib.

"İbrahimovun görünüşü solğun idi, Vəziyyəti pisləşib, baş ağrıları yaranıb. Buna baxmayaraq, İbrahimov azadlığa çıxana qədər aclıq aksiyası keçirmək niyyətindədir",  -  vəkil bildirib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxsə heç bir tibbi yardım göstərilmir. İbrahimov 4-5 nəfərlik kamerada saxlanılsa da orada 10 məhbus var, hətta yatmaq üçün  bülə şərait yoxdur.

Vəkil həbsdən apellyasiya şikayəti verib.

İbrahimov iyulun 22-də saxlanılıb. İki gün sonra o, Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq məqsədilə sağlamlığa ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham edilib.

Vəkilin sözlərinə görə, polis İbrahimovun Qaraçuxur kənd sakini Kamal Şükürovu bıçaqladığını iddia edir.

Lakin İbrahimovun sözlərinə görə, "Xalqlar dostluğu” metrostansiyası yaxınlığında ona tanımadığı şəxs hücum edərək paltarını cırmağa başlayıb. Bir neçə saniyə sonra mülki geyimli polislər peyda olub və İbrahimovu saxlayıblar.

O, vəkilə bildirib ki, həmin şəxs hadisə yerinə təcili yardım maşını ilə gətirilib.

İyulun 24-də Nizami məhkəməsi İbrahimovu 4 ay müddətinə həbs edib.

*İbrahimov 2005-ci ildə Ankara Universitetinin beynəlxalq əlaqələr üzrə magistratura pilləsini bitirib. 2009-cu ildə NATO Müdafiə Kollecinin İxtisasartırma Kurslarında təhsil alıb.

2007-2020-ci illərdə İbrahimov diplomatik xidmətdə olub. 2016-2020-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi və Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili olub.

2020-ci il parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq, İbrahimov diplomatik xidmətdən istefa verib. Bundan sonra o, analitik işlərlə məşğul olub, mediada və sosial şəbəkələrdə şərhlər verib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM