4 yaşlı Ağaşirinin həyat hekayəsiOnlar acdırlar...Yox, söhbət bir qarın çörəkdən getmir. Onlara qayğıya, diqqətə və sadəcə isti ana qucağına acdırlar...Bəzən yanlarından etinasız ötüb keçirik, bəzən tinlərdə yatan bu balacaları görüb ürək ağrısı ilə köksümüzü ötürürük. Bəzən də varlıqlarına belə əhəmiyyət vermirik... Elə biz böyüklərin məsuliyyətsizliyinin, səhv qərarlarının cəzasını çəkir onlar. “Küçə uşaqları” adlandırıb küçələrə buraxdığımız günahsız “günahkarlar”... Küçə uşaqlarının paytaxtda sığındığı mərkəzlərdən birindəyik. Uşaq Sığınacaq Mərkəzi elə də böyük bir yer deyil. Vur-tut 20 nəfər güclə sığışar bura. Gördüyüm mənzərə isə fərqlidir. Bura böyük bir ailəni xatırladır...Diqqətimi lal-dinməz bir küncdə oturan sarışın bir oğlan uşağı çəkir. Sadəcə danışılanlara diqqətlə qulaq verib,dinləyir. Mərkəzin rəhbəri Kəmalə Ağayevadan onu soruşuram. Gözləri bərəlir, onun haqqında danışdığımızı başa düşür. Gözlərini gözümə zilləyib, bir anlıq olsa belə çəkmir.
- Adi Ağaşirindir. Amma burda hamımız ona Aqaşa deyirik. Ləqəbidə var “Sladkiy”... Günlərin birində onu polis mərkəzimizə gətirdi. Anasının onu necə avtobusdan düşürdüb parkların birində, skamyada tək qoyduğunu özü də xatırlayır. Onda 2 yaşı var imiş. Amma deyir ki, o günü yaxşı xatırlayır.Balacanın qırpmadan mənə baxan gözləri dolur. Kəmalə Ağayeva söhbəti yarıda kəsib onu qucağına alır. Uzun cəhdlərimizdən sonra Aqaşanı sakitləşdirə bilirik.Aqaşa hər şeyi xatırlayır. Anasının onu necə tək qoyub getməsini də. Onu tərk edən qadın haqqında danışanda isə simasına, yaşına uyğun olmayan zəhm çökür. O, artıq anasının yolunu gözləmir... Bunu deyəndə ümudsizliyə bürünmüş bir qurur görürsən onun gözlərində: “Artıq gözləmirəm onu!”...
- Aqaşa, anan yadındadırmı?Susur...
- İstəyirsənmi ki, anan gəlib səni aparsın?- Yox- İstəmirsən gəlib səninlə oynasın?-Yox- Mənimlə oynamaq istəyirsən?- Yox...Balaca bacı-qardaşların oyuncaq üstündə dava-dalaş salması, göz yaşları tökməsi, ata-anaya şikayət eləməsi – bu hallar onun həyatında yoxdur, bəlkə nə vaxtsa olub...
- Kim gəlsə sənin yanına onunla oynayarsan?- Bacımla...- Bacı ilə nə oynayırdınız? Yadında nəsə qalıb?- Hə... Maşınlarımız var idi. Hər gün maşın-maşın oynayırdıq.Kəmalə Ağayeva da deyir ki, Aqaşanın yeganə görmək istədiyi insan bacısıdır.Tez-tez yadına düşür... Uşaq sığınacağının rəhbəri K.Ağazadə bildirir ki, küçədən tapdıqları uşaqların əksəriyyətinin heç bir sənədi olmadığından, onları dövlət müəssisələrinə, uşaq evlərinə yerləşdirmək mümkün olmur: "Çətinliklər yaranır. Əksəriyyətində sənəd, bəzilərində yaş problemi olur. Bəzənsə uşaqlar sığınacaq işçilərinin həyatının bir parçasına çevrilir. Məsələn elə Ağaşirin kimi..."Kəmalə Ağayeva 2007-ci ildən uşaq sığınacağının rəhbəridir. Çox balacalar, çox talelər görüb. Lakin balaca Ağaşirinin taleyi onun ürəyinə dərd olub. Balacanı öz övladı kimi sevən qadın özünü ondan ayrı təsəvvür edə bilmir.
- İndi bazardan, yoldan, avtobusdan tapılmağından asılı olmayaraq onlar mənim balalarımdır. Bu uşağın ağlı-dərrakəsi 40 yaşlı insanda belə yoxdur. Onu heç kəsə verməyəcəm. Sənədləri hazırlayıram, öz soyadımı verəcəm Ağaşirinə...Ağaşirin ona analıq edəcək qadının isti ağuşunda çox şeyi unudacaq. Amma o çətin ki yolunu gözlədiyi, oyuncaqlarını paylaşdığı bacısını unuda bilə. Elə ən çətini də bu olacaq...Onun bir arzusu da var - onu bu mərkəzə gətirən əmi kimi polis olmaq... Səbəbini izah edə bilməsə belə...Ağaşirinin polis olması yalnız onun arzusu deyil, həm də anasının arzusudur. Yox söhbət balasını soyuq bir gündə küçənin ortasında tərk edib gedən qəlbsiz qadından getmir. Hələlik Ağaşirinin mənəvi anası amma sənədləşmə işləri bitdikdən sonra əsl anası olacaq Kəmalə Ağayevadan gedir. Ana-bala əl-ələ verib uşaqları xilas edəcəklər...
Sevinc MəmmədliANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !