Kənan Yavuz: "Xaricdəki sərmayələr SOCAR-ı qlobal şirkətə çevirəcək" - VİDEO+FOTOLAR

12:05 | 13.05.2015
Kənan Yavuz:

Kənan Yavuz: "Xaricdəki sərmayələr SOCAR-ı qlobal şirkətə çevirəcək" - VİDEO+FOTOLAR

"SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuzun "Report"a müsahibəsi:

- Öncəki müsahibələrinizin birində "SOCAR Türkiyə"nin Türkiyənin ikinci ən böyük şirkəti olacağını demisiz. "SOCAR Türkiyə"nin bugünkü bazar mövqeyini necə qiymətləndirirsiz və bu məqsədə nə zaman nail oluna bilər?

- SOCAR 2008-ci ildə "Petkim"i aldıqdan sonra Türkiyənin ilk 10 sənaye şirkətindən birinə çevrilib. Hədəfimiz ikinciliyə yüksələrək, 2018-ci ildə 2-ci böyük sənaye şirkəti olmaqdır. Bu hədəfə 2018-ci ildə həm "Star" neft emalı zavodu, həm də TANAP layihələrinin tamamlanması ilə çatmağı düşünürük. "SOCAR Türkiyə" olaraq, 2018-ci ildə bütün şirkətlərimizin ümumi gəlirlərini qiymətləndirdikdən sonra Türkiyənin ikinci böyük şirkətinə çevriləcəyik.

- "Star" neft emalı zavodunun qurulması ilə bağlı işlər hansı yerdədir və bu zavodun Türkiyə iqtisadiyyatındakı gələcək rolu nədən ibarət olacaq?

- "Star" neft emalı zavodu layihəsinə sadəcə Türkiyə iqtisadiyyatı nöqteyi nəzərindən deyil, həmçinin Azərbaycan iqtisadiyyatı prizmasından baxmaq lazımdır. Bilirsiniz ki, Azərbaycan təbii qaz və neft ixracatçısı ölkəsidir, lakin bu gün dünyadakı vəziyyətə nəzər saldıqda, karbohidrogen mənbəyi olan ölkələrin yalnız təbii qaz və neft sataraq deyil, eyni zamanda təbii qaz və neftə əsaslanan sənayeləri inkişaf etdirərək öz iqtisadiyyatlarını daha yüksək səviyyəyə çatdırdığını müşahidə edirik. Azərbaycan da bu strategiya ilə irəliləyir. Bu səbəbdən, sadəcə təbii qaz və neft ölkəsi deyil, eyni zamanda bir sənaye ölkəsi olmaq məcburiyyətindədir. Bu neft emalı zavodu həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafına təsir göstərəcək böyük bir layihədir. 2011-ci ilin oktyabr ayında cənab Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan layihə proqrama uyğun şəkildə davam edir. Layihəmiz 2018-ci ilin mart-aprel aylarında istehsala başlayacaq. Bu günə qədər hədəflədiyimiz sərmayə qoyuluşu sürətli şəkildə davam edir.

- "SOCAR Türkiyə" "Petlim" limanının qurulması üçün müəyyən məbləğdə sərmayə xərcləyib. İstərdik bu limanın SOCAR və Türkiyə üçün əhəmiyyətindən danışasız.

- "Petkim" SOCAR tərəfindən alındığı zaman Petkim yarımadasında neft-kimya şirkəti kimi fəaliyyət göstərirdi. Şirkəti aldıqdan sonra SOCAR onu Avropanın ən böyük istehsal mərkəzinə çevirmək istiqamətində fəaliyyətə başlayıb. Neft emalı zavodu neft-kimya, enerji, logistika, paylaşdırma sahələrinin hamısında yatırım edir və böyüyürük. Məhz bu işlər çərçivəsində orada bir liman inşa edirik ki, bu, Türkiyə və Egey dənizi regionunun 3-cü böyük konteyner limanı olacaq. Bu limanı təxminən 250 mln. dollar məbləğində öz vəsaitimizi xərcləyərək inşa edirik, lakin onun idarə olunması və avadanlıqla təmin olunması dünyanın ən böyük konteyner şirkətlərindən biri olan "APM Terminals" tərəfindən həyata keçiriləcək. Bildiyiniz kimi, qiymətin 30%-ni, yəni 300 mln. dollar ödəyərək ABŞ-ın "Golden saks" şirkəti limanımıza şərik olub. Bu ilin sentyabr-oktyabr aylarında limana sərmayə qoyuluşu tamamlanacaq. Nəsib olarsa, bu ilin payızında limanın açılışını həyata keçirəcəyik.

- Türkiyə ilə Azərbaycanın ortaq layihələrindən biri də TANAP layihəsidir. Son zamanlar bir çox media orqanlarında "Türk Axını"nın TANAP-a rəqib olacağı və TANAP-ın əhəmiyyətinin azalacağı ilə bağlı məlumatlar yer alıb. Məsələ ilə bağlı mövqenizi bilmək maraqlı olardı.

- TANAP layihəsi - Cənub Qaz Dəhlizi 45 mlrd. dollar dəyərində bir layihədir. Sərmayə qoyuluşu artıq başlayıb, proses davam edir. Həm "Şahdəniz-2" layihəsinə sərmayə qoymağa başladıq, həm Cənubi Qafqaz, həm TANAP, həm TAP layihələrinin hamısında işlər davam edir. Bu boru kəmərindən keçəcək qaz hazır vəziyyətdədir, alıcı da, satıcı da məlumdur. Bu səbəbdən istənilən başqa layihənin bu layihəyə təsir göstərməsi mümkün deyil. Bu layihənin əvvəlində 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini "BOTAŞ" şirkəti alacaq. Türkiyənin paylaşdırıcı şirkəti olan "BOTAŞ" eyni zamanda bu layihənin 30%-nə şərikdir. Türkiyə il ərzində 60 mlrd. kubmetr qaz istehlak edir və bu qaz həcminə "BOTAŞ" şirkəti nəzarət edir. Bu şirkət həm də TANAP layihəsində iştirak edir. Bu səbəbdən buradan keçəcək təbii qazın istənilən halda arada qalması mümkün deyil. Yaxud da bir başqa layihənin, yəni "Türk axını", Rusiya, İraq, İran və ya başqa yerdən gələcək qaz TANAP-a mənfi təsir göstərməyəcək. Çünki layihənin bütün mərhələləri və bazar həcmi müəyyən olunub, müqavilələr imzalanıb. Bu səbəbdən heç bir tərəddüd ola bilməz.

-  "Petkim"in bugünkü bazar dəyəri və "SOCAR Türkiyə"nin "Petkim"i almasından sonra Türkiyə iqtisadiyyatına edilən yatırımların həcmi nə qədərdir?

- Təbii ki, "Petkim"in alınması və onun mövcudluğu Azərbaycan-Türkiyə əlaqələrini inkişaf etdirib və dərinləşdirib. "Petkim"in alınması neft emalı zavodu və limanın inşasına, TANAP-ın irəliləməsinə yol açıb. TANAP-a qədər yaşanan proseslər, strateji şəriklik və qardaşlıq münasibətləri, iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu vəsilə ilə tez-tez baş tutan görüşləri, iqtisadi cəhətdən bu layihələrin inkişaf etdirilməsi həm qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirib, həm də iqtisadi cəhətdən iki ölkənin inkişafına təkan yaradıb. Bu nöqteyi nəzərdən, bizim "SOCAR Türkiyə" olaraq, dünyanın ən böyük 17-ci iqtisadiyyatına malik, 800 mlrd. dollarlıq ümumi milli məhsulu olan Türkiyə iqtisadiyyatına 2008-ci ildə daxil olaraq 2018-ci ildə 2-ci böyük şirkət səviyyəsinə çatmaq hədəfimiz dünya tarixində görülməmiş bir uğurdur. 10 il ərzində belə bir böyük iqtisadiyyatda 2-ci böyük şirkət olmaq çox böyük uğurdur. Bu ölkədə 50, 60, 100, hətta 200 il fəaliyyət göstərən şirkətlər mövcuddur. Bu, Azərbaycan və Türkiyə dövlətlərinin yanaşması, onların siyasi iradələrinin dəstəyi və SOCAR-da çalışan əməkdaşlarımızın və "Petkim"in böyük uğurundan irəli gəlir. Bu günə kimi nə qədər pul xərclədiyimizə gəldikdə isə deyə bilərəm ki, vəsaitin böyük hissəsini layihənin maliyyələşdirilməsinə sərf edirik. Bunun hamısını öz mənbəyimizdən xərcləməyəcəyik. Məsələn, neft emalı zavodu layihəsi təxminən 5,6-6 mlrd. dollara başa gəlir - bunun yarısından çoxunu banklardan kredit götürürük. Xəzinə zəmanəti və dövlət zəmanəti olmadan 3,5 mlrd. dollara yaxın bir layihə maliyyələşdirməsini həyata keçirdik. "Petkim"də də eyni şəkildə. Bu baxımdan, Türkiyədəki 20 mlrd. dollar həcmində sərmayə şəriklərimizin payına düşəcək. Onların arasında BOTAŞ, TANAP və BP var. Bizim payımıza düşən məbləğin bir hissəsini öz mənbələrimizdən yatırırıq, lakin çox hissəsini borc götürürük. Bu borcu qazanaraq geri ödəyəcəyik. Hədəfimiz mümkün qədər az pul xərcləyərək ola bildiyi qədər böyük işlər görməkdir və cənab Prezidentin bizə vermiş olduğu göstərişə uyğun olaraq, hədəfimiz SOCAR-ı Türkiyənin ən böyük şirkəti etməkdir.

- Türkiyənin tarixində bu ölkəyə ən böyük investisiya yatıran şirkət olaraq "SOCAR Türkiyə" 20 mlrd. dollar civarında olan yatırımları daha çox hansı sahələrə xərcləyir?

- Tamamilə öz sahələrimizə xərcləyirik. SOCAR-ın peşəkar olduğu sahə enerji sahəsidir, bu sahədən kənara çıxmırıq - neft emalı zavodu, neft-kimya, enerji, liman və TANAP. Yəni, SOCAR öz xammalının, istehsal etdiyi məhsulların istehlakçıya çatdırılmasını təmin edəcək sərmayələr qoyur. Xəzər dənizində - "Şahdəniz"də çox böyük təbii qaz yatağımız var. Digər yataqlarımız da mövcuddur. "Şahdəniz"də 3-3,5 trln. kubmetr həcmində müəyyən edilmiş təbii qaz ehtiyatı var. Bu qazı istehlakçıya satmaq lazımdır. Təbii qazın da boru xətti vasitəsilə satılmasından başqa yolu yoxdur. TANAP bu qazı Gürcüstan və Türkiyə üzərindən İtaliya və bütün Avropaya satır. Beləliklə, SOCAR və Azərbaycan sahib olduğu zənginliyi istehlakçıya çatdırır, bununla da Azərbaycan xalqı zənginləşir. Təkcə Azərbaycan xalqı varlanmır, eyni zamanda Azərbaycan dövləti dünyada daha yüksək nüfuz qazanır. Bütün layihələrimiz, dediyim ki, bir millət iki dövlət olan bu iki ölkələri inkişaf etdirir və SOCAR-ı da qlobal şirkətə çevirir. Əgər bu gün dünyada qlobal şirkətləriniz yoxdursa, o zaman nə siyasi, nə strateji, nə də iqtisadi cəhətdən söz sahibi ola bilməzsiniz. Heç bir şəkildə sozünüzün kəsəri olmaz. Bunun üçün qlobal şirkətinizin olması vacibdir. Öz imkanları daxilində dünyada söz sahibi olan şirkətləriniz olmalıdır ki, dövlətiniz də söz sahibi ola bilsin. Hamısı bir-birilə əlaqəlidir. SOCAR-ın Türkiyə və xaricdəki digər sərmayələri onu qlobal, dünya miqyaslı böyük bir şirkətə çevirəcək. Türkiyədəki sərmayələr tamamlandığı zaman SOCAR daha böyük bir struktura malik olacaq. Beləliklə, bu Azərbaycan iqtisadiyyatının inkişafında böyük rol oynayacaq, 2018-ci ildən sonra hər il 1,5 mlrd. dollar həcmində qazanc gətirəcək.

- Neftin qiymətinin son dövrlərdə ucuzlaşmasının Azərbaycan və Türkiyə iqtisadiyyatına təsiri hansı səviyyədə ola bilər?

- Azərbaycan və Türkiyə iqtisadiyyatı möhkəmdir, siyasi sabitliyə malik olan ölkələrdir. Müvəqqəti olaraq neftin qiymətinin düşməsi və ya qalxmasının əhəmiyyətli olmadığını düşünürəm. Onsuz da neftin qiyməti yenidən yavaş-yavaş yüksəlməyə başlayıb. Lakin Azərbaycan istər Neft Fondu, istərsə də büdcə mənbələri və strukturu ilə iqtisadiyyatı son dərəcədə güclü və hesablanmış bir mövqedədir. Bu səbəbdən, neftin aşağı qiymətinin həddən artıq bir mənfi təsir göstərəcəyini gözləmirəm. Mühüm olan budur ki, zəngin neftə sahib olsaq da, Azərbaycan və Türkiyə olaraq, bir sənaye ölkəsi olmalıyıq, sərf etdiyimizi, hətta istifadə etdiyimizdən daha çox istehsal edən bir ölkə olmalıyıq ki, zənginləşə bilək və ayaqlarımızın üzərində möhkəm dura bilək. Məgər təbii qazı olmayan zəngin ölkələr yoxdur? Almaniya, Yaponiyanın nefti və qazı yoxdur. Deməli, mühüm olan sənayeləşmək, istehsal etmək, istehlak etdiyini istehsal edə bilmək, istifadə etdiyindən daha çox istehsal edən bir cəmiyyət olmaqdır, zənginləşən, texnologiyadan irəli gedən, müdafiə sənayesində irəli gedən bir cəmiyyət olmaqdır. Ölkələrimizin zənginləşməsi, iqtisadi cəhətdən güclənməsi və üzləşdiyimiz siyasi problemləri daha qüvvətli şəkildə aradan qaldırılması üçün bunların həyata keçməsi vacibdir. Qoy, düşmənlərimiz qorxsun, dostlarımız isə sevinsin. Bunun üçün istehsal etmək lazımdır. Neftin qiymətindən çox da asılı olmaq lazım deyil, diqqət yetirməli olduğumuz əsas sahə - istehsal etmək və dünya miqyasında layiq olduğumuz yeri tutmaqdır. Xaricdən almaq, istifadə etmək, xərcləmək - səhv istiqamətlərdir. İstehsal etmək lazımdır. Bunun üçün də SOCAR olaraq istehsal edən bir iqtisadiyyata böyük sərmayələr qoyur və mürəkkəb işlər görürük.
 





 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti