Kəndlilərin gəlir mənbəyi siyahıya alınacaq

11:19 | 09.12.2014
Kəndlilərin gəlir mənbəyi siyahıya alınacaq

Kəndlilərin gəlir mənbəyi siyahıya alınacaq

 

Dövlət Statistika Komitəsi "2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” Nazirlər Kabinetinin qərarının icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı hazırlayıb təsdiq edib.

 

 

Dövlət Statistika Komitəsindən bildirilib ki, Komitənin Aparatında Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin tərkibində 2014-cü ilin may ayından 6 nəfər ştat vahidindən ibarət siyahıyaalma sektoru yaradılıb. 


Tədbirlər planına uyğun olaraq siyahıyaalmanın keçirilməsi üzrə lazımi sənədlər Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Kənd Təsərrüfatı Akademiyasının, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun təklifləri nəzərə alınmaqla hazırlanıb.

Təsdiq edilmiş normativlərə uyğun olaraq bütövlükdə respublika üzrə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 100 təsərrüfata bir nəfər sayıcı hesabı ilə 12600 sayıcı, hər 10 sayıcıya 1 nəfər olmaqla 1260 təlimatçı-nəzarətçi cəlb ediləcək. Bu zaman, hər sayıcı üçün 30, təlimatçı-nəzarətçi üçün 45 təqvim günü müəyyən edilib. 

 

Rayon (şəhər) statistika idarələrində cəlb ediləcək operatorlar tərəfindən siyahıyaalma materialları 2015-ci il iyul ayının 15-dən başlayaraq 6 ay müddətində kompüterlərə daxil ediləcək. 
Siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaq.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM