ABŞ xarici işlər naziri Con Kerri "Guantanamo" həbsxanasının Kubaya təslim edilməsinin müzakirə mövzusu olmadığını deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Kuba səfirliyinin rəsmi açılış mərasimindən sonra kubalı həmkarı Bruna Rodriqezlə görüşən C.Kerri mətbuat konfransı keçirib və bəzi məsələlərlə bağlı açıqlamalar verib. O, 1958-ci ildən bu yana ilk dəfə bir amerika rəsmisinin kubalı həmkarı ilə görüşməsindən məmnunluğu dilə gətirib. O, kubalı nazirin Vaşinqtonda görüşlər keçirməsini "sərhədləri yıxan tarixi bir gün" kimi qiymətləndirib: "Əlbəttə, bu proseslər iki dövlət arasındakı bir çox məsələlərin həll olunması anlamına gəlməməlidir. Amma onu da vurğulayım ki, soyuq müharibə çoxdan bitib və iki ölkənin mənafeyinə uyğun münasibətlərin qurulması çox vacibdir".
Kubalı nazir B.Rodriqez bu il yanvarın 17-dən başlayan ikili görüşlərin başlayandan iki ölkə arasında qət edilən məsafədən danışıb: "Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılmasını qeyd etmək istəyirəm. Əslində, elə əvvəldən biz bu syahıda olmamalı idik. Biz eyni zamanda Kubaya qarşı tətbiq olunan sanksiyaların da aradan qaldırılmasını gözləyirikş Eyni zamanda illeqal şəkildə ələ keçirilmiş "Guantanamo" həbsxanasının geri qaytarılmasını da tələb edirik".
Beləliklə kubalı nazir 1903-cü ildə İspaniya və Amerika arasında olan müharibədən sonra Kubanın əlindən alınaraq ABŞ-a verilən və öz sərhədlərindən kənarda yerləşən yeganə hərbi hissə olan "Guantanamo" mövzusunu gündəmə gətirib.
Kuba xarici işlər nazirinin bu açıqlamasından sonra Kerri "Kubanın "Guantanamo" həbsxanası məsələsindəki həssaslığını yaxşı anlayırıq. Əlbəttə ki, gələcəkdə nələrin baş verəcəyini demək çətindir. Amma hazırkı vaxtda bizim gündəmimizdə belə bir məsələ müzakirə mövzusu deyil" - cavabını verib.
Qeyd edək ki, kubalı nazirin ABŞ-a səfəri qarşılığında avqustun 14-də C.Kerri Havannaya rəsmi səfər edəcək.
Bununla da 1945-ci ildən sonra ilk dəfə ABŞ rəsmisi Kuba sərhədinə addım atmış olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !