Azərbaycan tamaşaçılarının böyük məmnuniyyətlə izlədikləri milli kinomatoqrafiyamızın bir sıra filmlərində aparıcı rolları əcnəbi aktyorlar və aktrisalar oynayıblar. Onlar bizə film qəhrəmanlarının adlarından tanışdılar, amma əslində kim olduqlarından bixəbərik. Bu aktyor və aktrisaları azərbaycanlı kimi qəbul edənlər də az deyil.Yəqin orta və yaşlı nəslin nümayəndələrindən az adam tapılar ki, "Ad günü" filminə baxmamış olsunlar. Son illər bu film Azərbaycan telekanallarında tez-tez nümayiş olunur və buna görə də gənclər bu filmlə ehtimal ki, daha çox tanışdılar. Bu lirik-psixoloji film əsl dostluqdan bəhs edir. Filmi hətta "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları – bizim müasirlərimizdir – müxtəlif xarakterlərə və dünyagörüşünə malik insanlar. Bu filmdə mənəvi və etik məsələlərə toxunulur, bizim müasirlərimizin daxili dünyasının zənginliyi tədqiq olunur.Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə 1977-ci ildə çəkilmiş "Ad günü" filmi Rüstəm İbrahimbəyovun "Ezamiyyət" və "Ad günü" povestlərinin süjetləri üzrə səhnələşdirilib. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu-rejissor isə Rasim Ocaqov olub. "Azərbaycanfilm"in kinostudiyasında çəkilmiş "Ad günü" filminin baş qəhrəmanlarından biri Əlidir. Əli obrazı o qədər maraqlı və ustalıqla çəkilib ki, Azərbaycan tamaşaçısı hətta güman da etməzdi ki, bu kinoda bu rolu canlandırmış insan əcnəbidir. Məşhur gürcü aktyoru David Uplisaşvili - məhz o, "Ad günü" filmində aparıcı rollardan birinə - Əli obrazına çəkilib.David Uplisaşvili 1946-cı ildə doğulub. 1968-ci ildən o, Şota Rustavelli adına Tiflis teatrında aktyor işləyir. Aktyor təxminən 10 filmdə çəkilib və onlardan hər birində maraqlı rollar yaradıb. "Ad günü" filmində Əli obrazına görə o, Azərbaycan Dövlət Mükafatının Laureatı adına layiq görülüb. David Uplisaşvili həm də Gürcüstanın əməkdar aktyorudur. Öz müsahibələrindən birində, "Ad günü" filmindəki rolu haqqında danışarkən, David Uplisaşvili Rasim Ocaqovu böyük rejissor adlandırıb. O, qeyd edib ki, bu filmin sayəsində çoxlu azərbaycanlı dostlar qazanıb. David Uplisaşvili deyib ki, Əli roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı diplomunu ona şəxsən mərhum prezident Heydər Əliyev təqdim edib. "Mənə diplomu verərkən Heydər Əliyev dedi: "Sənin gürcü olduğunu bilirdim. Amma sən azərbaycanlı obrazını elə yaxşı yaratdın ki, mənə elə gəldi, sən bizim aktyorumuzsan". Bu mənim üçün çox xoş kompliment idi", - aktyor mükafat aldığı anları xatırlayarkən belə deyir. Qeyd edək ki, "Ad günü" filmində Əli rolunu bizim mərhum aktyorumuz Şahmar Ələkbərov səsləndirib. Bu gün Rustaveli adına teatrın aktyoru işləyən 67 yaşlı David Uplisaşvili əgər Azərbaycandan təkrar hansısa bir dəvət alarsa, yenə də böyük məmnuniyyətlə çəkilməyə razılıq verəcəyini bildirir.
QorxmazANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !