Kişilərə uşaq lazımdırmı? - KÖŞƏ

15:47 | 26.11.2013
Kişilərə uşaq lazımdırmı? - KÖŞƏ

Kişilərə uşaq lazımdırmı? - KÖŞƏ

L.Qasımova

Nə vaxtsa sizi belə bir sual düşündürübmü ki, uşaq kişilərin nəyinə lazımdır? Bir çox hadisələrinə, yaxud topladığım həyat təcrübəsinə əsaslanaraq belə bir qənaətə gəlirəm ki, uşaqlar da evin kişisinə yalnız qocalığında lazımdı. Necə ki, ona qocalıqda arvad lazımdır...

Müəyyən yaşa çatmış cavan oğlan evləndirilir. Fərqi yoxdur, bu onun öz arzusu ilə, yaxud yaxın qohum-əqrabasının vasitəsilə gerçəkləşdirilir. Nəticə eynidir: ailə saxlamağa, məsuliyyət çəkməyə hazır olmayan oğlan evlənir və çox tezliklə o, ata olur. 

Oğul övladın dəyərini elə bizim kişilər qaldırıb, məncə. Necə? Deyim. Doğum evlərinin qarşısında dayanıb tibb bacısının xəbər gətirməsini gözləyən kişilər. Dəfələrlə şahidi olmuşam ki, təzə ata olan kişilərdən bəzisi "oğlun oldu" xəbərindən necə sevinib, bəzisi isə "qızın oldu" - xəbərindən necə qüssələndi.

Oğlan sorağını alan ata sevinc hissini mütləq kimlərləsə bölüşməlidir, ya yox? Onlar elə bu hisslə də Doğum Evini tərk edirlər. Axı dostlarla bu gün qeyd olunmalıdır.  Əlbəttə, həyat yoldaşının həm xəstəxanadakılar, həm də ailə üzvləri qayğısına qalacaq.

Bəli, doğum evindən qadının çiyinlərinə düşən yük, təəssüf ki, ömrünün sonuna qədər davam edəcək. Təəssüf ki, əksəriyyətində bax, belə olur. Ana yükləndikcə, ata bu məsuliyyətdən kənar düşür.

 

Evdəkilərin qayğısına qalmaq əvəzinə dostları ilə kinoya gedir, maşında gəzir, çayxanada oturur, toylarda gəzir. O, uşağın tərbiyəsi ilə məşğul olmaqdan və ev işlərində xanımına yardım eləmək əvəzinə tamamilə hər şeydən özünü təcrid edir, təki sərbəstliyinə, azadlığına xələl toxunmasın. Əslində kişilərin belə olmasına şəraiti qadınların özləri yaradıb. "N" qədər nümunə çəkmək olar ki, belə oğulların anaları övladlarını hər dəfə müdafiə edir, tərəfini saxlayır və deyirlər: "Özü hələ uşaqdı..."

Hər hansı ər, yaxud ata yalnız özü üçün yaşamağa öyrəşibsə, onu düzəltmək sonra çox çətin olacaq.

Hələ üstəlik, hər dəfə xanımını borclu da çıxaracaq: uşağın gecələr ağlaması onu qıcıqlandıracaq, axı səhər işə getməlidir, o isə doyunca yuxusunu almayıb. Uşaqla həkimə getmək də onluq deyil, anası aparar. Oğlu ilə parka getməyə də vaxtı yoxdur. Ən yaxşısı, uşağı anası və nənəsiylə baş-başa buraxmaqdır. Uşağı bağçaya və məktəbə aparmaq da qadının vəzifəsidir.

 

Bəs ata öz uşağına və arvadına münasibətdə nə edir? Əşşi, heç-zad eləmir, sadəcə yanlarında yaşayır, vəssalam. Qocaldıqda isə hələ bir təəccüblənir ki, onun arvadı və uşaqları ondan məsləhət almadan, onun fikirinə qulaq asmadan öz həyatlarını planlaşdırıblar. İndi ata onlardan özünə qayğı və diqqət tələb edir, hərçənd cavanlıqda özü heç nə etməyib.

 

Əgər uşaq ta kiçik yaşlarından atasıyla lazım olduğu qədər ünsiyyətdə olmayıbsa, onda böyüdükdən sonra ona atasının məsləhəti lazım deyil. Və daha pisi odur ki, atasının vərdişlərini oğul öz gələcək ailəsi üçün mənimsəyir.

Kişiləri uşağın tərbiyəsindən kənar saxlamaq düzgün deyil. Ailə həyatının lap əvvəlindən o, özü arvadına və uşaqlarına baxmalıdır, onların qeydinə qalmalıdır, valideynlərinə isə yalnız və yalnız ehtiyac olduğu halda müraciət etməlidir. Qoy, uşaqlar görsün ki, atası onalara necə isti münasibət bəsləyir və həmişə də onlara kömək etməyə, məsləhət verməyə hazırdır. Amma ən əsası odur ki, ata həm onları, həm də anasını istəyir, uşaqlar atasının sevgi dolu gözlərini hər gün görürlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM