Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda növbəti təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak edirlər.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid sosial şəbəkələrdən götürülən informasiyalar haqqında danışıb. O, bu kimi şəbəkələrdən götürülən xəbərlərin qeyri-peşəkarcasına hazırlandığını deyib. O, eyni zamanda Təhsil Nazirliyinin və ali məktəblərin mətbuat xidmətlərinin yaxşı çalışdığını bildirib.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə online medianın vəziyyətini şərh edib. O, hazırda bütün dünyada online medianın sürətli inkişaf etdiyini və bunun bir çox digər sahələrə də təsir göstərdiyini vurğulayıb: "Xüsusilə təhsil sahəsinə online medianın təsiri böyükdür. Bəzi media orqanlarının bir çox məsələlərə qeyri-peşəkar yanaşması ictimai fikri çaşdırır. Məsələn, cəbhə xəttində baş verən hadisələlər bağlı xəbərlər, dövlət sirri və hərbi sirrlərlə bağlı xəbərlərə daha ciddi yanaşılmalıdır".
Təhsil eksperti Şahlar Əsgərov da öz çıxışında təhsil sahəsində medianın roluna toxunub: "Liberal demokratik dövlətlərdə media 4-cü hakimiyyətdir. Amma totalitar dövlətlərlə bağlı bu sözləri demək mümkün deyil".
O, Təhsil Nazirliyinin media ilə işləmək strategiyasını çox bəyəndiyini deyib: "Bir vaxtlar media ilə işləməyən nazirliklərin problemləri daha çox idi. Amma hazırda Təhsil Nazirliyinin media ilə bağlı tədbirlər keçirir, problemləri aradan qaldırmağa çalışır. Bu tədbir də bu qəbildən olan 4-cü konfransdır".
Qeyd edək ki, bu təlim konfransı Təhsil Nazirliyinin "Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !