Yanvarın 19-u Ukraynanın paytaxtı Kiyevdə hakimiyyət qüvvələri ilə avro Maydançılar arasından saatlarla davam edən ciddi toqquşma baş verib.Polis dinc aksiya iştirakçılarına qarşı plastik mərmilərdən, göz yaşardıcı qazdan, su şırnaqlarından istifadə edib.Müxalifət liderlərindən biri – “Udar” partiyasının sədri Vitali Kliçko Maydanda hakimiyyət qüvvələri ilə vətəndaşların toqquşmasının qarşısını almağa çalışıb. Aksiya iştirakçılarının “Berkut”u kötəkləməsinin qarşısını almağa cəhd edən Klilçko yanğınsöndürənlərin səpdiyi toz maddəsini “yeməli” olub.Bazar günü axşam saatlarında Kliçko ilə şəhər kənarındakı iqamətgahında görüşən Ukrayna prezidenti Viktor Yanukoviçə “Biz artıq sağçıları nəzarətdə saxlamağa çətinlik çəkirik. Kiyevdə çox pis olaylar baş verəcək”, deyib. Müxalifət liderinin xəbərdarlığından sonra prezident Yanukoviç müxalifətin konstruktiv kəsimi ilə danışıqlar aparılması üçün qrup yaradılması göstərişini verib.Bazar günü günorta saatlarından mitinqçilərlə polis arasında toqquşmalar güclənib. Maydan yaxınlığındakı Qruşevski küçəsində şiddətlənən toqquşmada hər iki tərəfdən xeyli yaralananlar olub. “Batkovşina” ilə “Udar”ın birlikdə yaratdığı müxalifət qruplarının aksiyaya çıxan üzvləri polisi ərazidən uzaqlaşdırmağa çalışıb. Hava temperaturunun -8 dərəcə olmasına baxmayaraq hökumət qüvvələri etirazçılara qarşı su şırnağından istifadə edib.Mitinqçilər isə yanğınsöndürənlərin maşınlarını ələ keçirərək polisi əməlli-başlı “isladıb”. Olayın gərginləşdiyini görən “Berkut” müxalifətçilərə plastik mərmilər atıb. İğtişaşlar zamanı xeyli sayda dinc vətəndaşın, o sıradan jurnalistlərin yaralanması haqqın xəbərlər var.Kiyevdəki gərginlik Ukraynanın digər iri şəhərlərinə də sıçrayıb. Polis və xüsusi xidmət orqanlarının əməkdaşları bir neçə şəhərdə müxalifətçi ovuna başlayıb. Artıq 50-yə yaxın müxalifətçinin hakimiyyət orqanlarının işini iflic etmə, polisə müqavimət göstərmə ittihamları ilə həbs edildiyi bildirilir.Müxalifət liderləri isə yaşananların əks effekt verəcəyini və xalqın bütün ölkə üzrə üsyana qalxacağını bildirir.Baş verənlərə ilk beynəlxalq təpki Vaşinqtondan gəlib. ABŞ-ın xarici siyasət idarəsi Yanukoviç hökumətini Kiyevdə vətəndaşlar üzərinə xüsusi təyinatlı dəstələr yeridilməsi olayını pisləyib. Vaşinqton həmin qüvvələri dərhal geri çəkməyə çağırıb və əks təqdirdə Ukraynaya qarşı xüsusi tədbirlər planının hərəkətə keçiriləcəyini bildirib. (musavat.com) ANN.Az