Kiyevdəki iğtişaşlar zamanı Azərbaycan vətəndaşları xəsarət almayıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq xidmətinə istər Ukraynanın rəsmi şəxslərindən, istər də Azərbaycan vətəndaşlarından müvafiq müraciətlər daxil olmayıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. A.Osmanov qeyd edib ki, səfirlik həmçinin xəsarət almış Ukrayna vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə maraqlanır: “Vətəndaşlarımızın təhlükəsizliyi və durumu bizim üçün prioritet məsələdir. Eyni zamanda müvafiq məlumat daxil olarkən, Ukrayna vətəndaşları olan həmyerlilərimizin durumu ilə də maraqlanırıq”. Xatırladaq ki, Kiyevdəki toqquşmalar zamanı bir neçə azərbaycanlı, o cümlədən Ukraynada tanınmış azərbaycanlı rəssam Rasim Seyidimov, Teymur Mustafayev və Anar Rzayev xəsarət alıblar. Onların hamısı Ukrayna vətəndaşlarıdır. Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, fevralın 18-dən Kiyevdə toqquşmalar zamanı 82 nəfər ölüb. Tibbi yardım üçün müraciət edən 724 nəfərdən 489 nəfər xəstəxanalara yerləşdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !