Kiyevin rəhbəri hakim partiyadan çıxdı

17:25 | 20.02.2014
Kiyevin rəhbəri hakim partiyadan çıxdı

Kiyevin rəhbəri hakim partiyadan çıxdı

Kiyev dövlət şəhər administrasiyasının sədri (icra hakimiyyətinin başçısı) Vladimir Makeyenko hakimiyyətdəki Regionlar Partiyasının sıralarından istefa verdiyini bəyan edib. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, V. Makeyenkonin bəyanatı administrasiyanın rəsmi saytında dərc olunub. Bəyanatda deyilir: “Bu gün Ukrayna paytaxtında baş verən hadisələr bütün Ukrayna xalqının faciəsidir. Mən məsuliyyətlə bəyan edirəm ki, Ukraynanın qəlbində - Müstəqillik meydanında qardaş qırğını və qan axıdılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə hazıram. Mənim ali məqsədim insan həyatını qorumaqdır. Nə qədər ki, Ukrayna xalqı mənə inanır, mən Kiyev dövlət şəhər administrasiyasının rəhbəri səlahiyyətlərini icra etməyə davam edəcəyəm. Sözlərimin təsdiqi olaraq mən Regionlar Partiyasının sıralarından çıxmaq və Kiyev şəhərindəki həyat və fəaliyyətə görə şəxsi məsuliyyəti öz üzərimə götürməyə qərar vermişəm”.  Regionlar Partiyasının parlament fraksiyasında da parçalanma meylləri baş qaldırıb. Belə ki, RP-nin 10 deputatı – Andrey Derkaç, Vladimir Zubik, Qriqori Smityux, Aleksandr Kuzmuk, Vladimir Pexov, Vladimir Prodivus, Vladimir Struk, Nikolay Soroka, Viktor Bondar, Viktor Tixonov, eləcə də bitərəf deputatlar Aleksandr və Andrey Tabalovlar xüsusi bəyanat imzalayıblar. Onlar ölkənin parlament-prezident üsul-idarəsinə qayıtması üçün təcili olaraq Ali Radanın iclasının çağırılmasını tələb edərək Ukrayna xalqının azad iradəsini dəstəklədiklərini bəyan ediblər. Deputatlar Daxili Qoşunların, DİN-in və Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularına da müraciət edərək onları Ukrayna xalqına sədaqət andına əməl etməyə və cinayətkar əmrlərin icrasından imtina etməyə çağırıblar. RP-nin nüfuzlu deputatı Sergey Tiqipko da bəyanat yayaraq hakim partiyanın daxilində bəzi deputatlarla birlikdə böhrandan çıxış yolu axtarmaq üçün ayrıca qrup yaratdığını açıqlayıb. O, Ali Radanın sədri Vladimir Rıbakın istefasını tələb edərək parlamentə müxalifətçi deputatlardan birinin sədr seçilməsini və milli etimad hökumətinin formalaşdırılmasını tələb edib. Bundan başqa, RP-nin bir neçə deputatının hakim partiyadan istefa verdiyi haqda məlumatlar yayılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti