Ukrayna prezidenti Viktor Yanukoviç müxalifətin təkliflərinin çoxu ilə razılaşıb, lakin vaxtından əvvəl prezident seçkilərinin bu il keçirilməsi əsas tələb olaraq qalmaqdadır.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Müstəqillik meydanında çıxışı zamanı “UDAR” partiyasının lideri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, prezident saxlanılan etirazçıların azadlığa buraxılmasına və yanvarın 16-da Ali Rada tərəfindən qəbul olunmuş qanunlara dəyişikliklər olunmasına razılıq verib.
“Bu günün nəticəsi nədən ibarətdir. Yanukoviç artıq nəyə hazırdır? Saxlanılan etirazçıların azadlığa buraxılmasına. 2004-cü il Konstitusiyasının qaytarılması üçün işə başlamaq. Müəyyən şərtlərlə hökuməti istefaya göndərmək... Hələlik diktator qanunlarının ləğv olunması tələbi ilə razılaşmır, onlara sadəcə dəyişikliklərin edilməsini təklif edir. Bizim tələbimiz - bu qanunlar ləğv olunmalıdır. Bizim tələbimiz - prezident seçkiləri bu il keçirilməlidir. Danışıqlar davam edir və biz dözümlü olmalıyıq. Və biz heç bir təxribata uymuruq”, deyə Kliçko qeyd edib.
APA