Ukraynanın müxalifətçi “Udar” (“Zərbə”) partiyası bu ölkənin Baş Prokurorluğuna müraciət hazırlayır.
Virtualaz.org saytı Ukrayna və Rusiya mətbuatına istinadən xəbər verir ki, bu müraciət Ukrayna hökumətinin Avropaya inteqrasiya prosesinin dayandırılmasına dair qərar verməsi ilə bağlıdır və müraciətdə bu addımı atan ölkə rəhbərliyinə cinayət işi açılması tələbi əks olunacaq.
“RİA Novosti” bildirir ki, bu barədə adıçəkilən müxalif partiyanın lideri, məşhur idmançı, boks üzrə dünya çempionu Vitali Kliçko məlumat verib.
“Ukraynanın hökuməti, baş naziri və prezidenti ölkənin Avropa İttifaqı ilə Assosiasiya sazişi bağlamasına hazırlıq prosesinin dayandırılmasına qərar verməklə Ukraynanın daxili və xarici siyasəti barədəki qanunun əsas tələblərini pozublar və xidməti səlahiyyət hüdudlarını aşıblar. Bu isə cinayət məsuliyyəti yaradır” - deyə V.Kliçkonun rəhbəri olduğu “Udar”ın rəsmi saytında bildirilir.
V.Kliçko həmçinin tələb edib ki, baş nazir və prezident parlamentə gələrək “bu qərar izah versinlər”. Partiya sədri deyib ki, “prezident Viktor Yanukoviç Avropaya inteqrasiya kursunun dəyişdirilməsinə görə şəxsən məsuliyyət daşıyır”.
V.Kliçkonun sözlərinə görə, bu andan etibarən ölkə rəhbərliyi üçün “geri sayım dövrü başlayır”. O, hakimiyyəti dəyişməyi də vəd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !