Heç kim bu həyatda - heç kimə, hətta Süleyman peyğəmbərə qalmayan bu fani, gəlimli, gedimli, son ucu ölümlü dünyada xətasız, qüsursuz, nöqsansız deyil. Heç kim, heç bir Allah bəndəsi bundan xali deyil, bundan sığortalanmayıb. Səhvsizlik, xətasızlıq yalnız və yalnız bir olan, tək olan Allaha məxsusdur.
Hətta Böyük Yaradanın Yer üzünə insanları, insanlığı haqq yoluna dəvət, insanlıq qanunlarına əməl etməyə dəvət üçün göndərdiyi müqəddəs elçilərinin, peyğəmbərlərin belə hansısa zaman kəsiyində xətası olub.
Ancaq onların böyüklüyü, digərlərindən fərqi ondan ibarət olub ki, məhz bu xətalarından tez bir zamanda ciddi nəticə çıxarıblar və Böyük Yaradanın lütfünə layiq görülərək, müqəddəs missiyalarını icra ediblər.
Odur ki, istənilən şəxsdə, Adəm övladında nə qədər desən, səhv, xəta, qüsur, nöqsan tapmaq mümkündür, o cümlədən, digər peşələrdən və sənətlərdən populyarlığına görə bir qədər öndə olan, publikanın daha çox maraq və həvəs göstərdiyi sənət, mədəniyyət, incəsənət və əsl sənətlə bir o qədər əlaqəsi olmayan şou-biznes aləminin nümayəndələrində.
Özü də nəinki Azərbaycanın, o cümlədən, qarşısında az qala səcdə qılınan dünya korifeylərinin, məşhur sənətçilərin həyatında gizlədilməsi mümkün olmayan səhvlərə, nöqsanlara, xətalara rast gəlmək mümkündür.
Bəzən onların bu xətalar və səhvlər səbəbindən üzləşdikləri, yaşadıqları faciələri nəticədə bütövlükdə dünyanın, insanlığın faciəsinə, dramına çevrilib. Amma insanlığın ən üstün cəhətlərindən və ən ali dəyərlərindən biri də odur ki, kimsənin maddi və mənəvi anlamda ehtiyacını, bəzən bunun üçün etməyə məcbur olduğu və o qədər də xoş qarşılanmayan cəhətini, davranışını hər hansı bir şəkildə üzünə vurmayasan, onu aşağılamayasan, sındırmayasan, qüruru, mənliyi ilə oynamayasan.
Özünü onun, qarşındakının yerinə qoymağı və onun yaşadığı situasiyanı bir anlıq olsa belə, özündə yaşatmağı bacarasan. Əgər bunu etməyi bacarmadınsa və ya bacarmaq istəmədinsə, vay halına... Əslində, bununla qarşındakını deyil, özünü aşağılamış, özünü sındırmış olursan. Həm də atalar məsəlində deyildiyi kimi, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma və lakin...
Çox təəssüflər ki, bütün mental dəyərləri, insanlıq qanunlarını hələ də yerə vurmaqda olanların, xüsusilə sənət, şou-biznes aləmində sayı-hesabı yoxdur, sıraları azalmaq əvəzinə, artmaqdadır. Ötən günlərini unudub, yaşadıqları müvəqqəti və gözqamaşdırıcı parıltının bihuşdarılığından məst olanlar heç bir dəyər, insanlıq qanunu tanımadan qarşılarındakını (öz anlamlarınca) əzməkdə, aşağılamaqdadırlar. Sanki bununla keçmişlərinin, keçmişdə yaşadıqlarının öcünü almaq, özü də buna heç bir səbəbiyyəti və aidiyyəti olmayanlardan heyiflərini çıxmaq istəyirlər.
Bu günlərdə bunun daha bir acı nümunəsini yaşadıq. Belə ki, 51 illik həyatının 40 ilə yaxınını sənət, muğam aləmində şam kimi əridən, çox erkən yaşlarından adı Azərbaycanla bir olan, xalq və bəstəkar mahnılarının, Azərbaycan muğamlarının gözəl, təkrarsız ifaçısı olan Xalq artisti Könül Xasıyeva ilə bağlı yaşananlar hər bir sadə Azərbaycan vətəndaşını narahat etdi, üzdü.
Bir neçə gün öncə ortabab müğənnilərdən birinin doğum gününə qatılan müğənni bəzi həmkarları, elə həmin müğənninin özü tərəfindən aşağılandı. Heç bir etikaya, əndazəyə sığmayan tərzdə və nümayişkaranə şəkildə müğənninin, böyük bir sənətçinin əlinə "pul basmaqla” onun simasında əsl sənət adamlarının, bütövlükdə ali dəyərləri ilə seçilən Azərbaycan xalqının qürununa toxunuldu.
Nə onun sənətinə, nə onun sənətkarlığına, nə də onun illərdir səhhətində yaranmış ciddi fəsadlarla bağlı üzləşdiyi sağlıq durumuna əhəmiyyət verildi. Səhhətində böyük problemlər yaşamaqda davam etsə də, yəni danışığında və yerişində böyük çətinliklər yaşasa da, Böyük Yaradanın lütfü olduğu, ərmağan etdiyi İlahi səsini itirməyən müğənni həmkarları tərəfindən, bəlkə də, həyatının ən böyük haqsızlığını gördü, ən böyük zərbəsini aldı.
Ancaq Könül xanımın və onu sevənlərin, milyonların tək təsəllisi o ola bilər və o olacaq ki, öz İlahi səsi, öz şaqraq, bulaq kimi çağlayan ifası ilə onu aşağılayanların, öz anlamlarında onu köməklik, yardım adı ilə sındırmaq istəyənlərin cavabını vermiş oldu... Bu durumunda, bu vəziyyətində belə, öz səsi,öz ifası ilə həmin insanlardan (əgər insan demək mümkünsə) çox ucalarda, elə onu Yer üzünə göndərən və ona İlahi səs bəxş edən Uca Tanrının dərgahında olduğunu nümayiş etdirdi...
Ona qarşı bu hörmətsizliyi edənlərə isə səslənərək, bircə onu deyə bilərik ki, bu davranışınızla təkcə ona və özünüzə yox, sizi dünyaya gətirmək və yaşatmaq üçün böyük əziyyətlərdən, acılardan keçənlərə də nanəciblik göstərirsiniz!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !