Ermənistanın ikinci prezidenti Robert Koçaryan şərəf və layəqətin təhqir olunması ilə əlaqədar hazırkı baş nazir Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Koçaryanın Paşinyana qarşı şikayət ərizəsi 17 sentyabrda məhkəmə tərəfindən qəbul edilib. Lakin Paşinyanın məhz hansı təhqiredici ifadəsinin Koçaryanın məhkəməyə şikayət etməsinə zəmin yaratdığı məlum deyil.
Koçaryanın məhkəmədəki təmsilçisi Ayk Aoumyan isə bildirib ki, Fransada səfərdə olarkən Paşinyanın səsləndirdiyi bəyanata görə Koçaryan baş naziri məhkəməyə verib. Belə ki, Parisdə Fransadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşən Nikol Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Xüsusi istintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı ilə bağlı danışarkən Robert Koçaryanın da adını çəkib.
Paşinyanın Koçaryanın məhkəməyə şikayət etməsinə səbəb olan ifadələri budur: "(Koçaryan) deyir ki, mən toxunulmazam. O, nə deməkdir ki, toxunulmazam? Yəni insanların qətlini təşkil etmək və sonra da "mən toxunulmazam” demək olar. Belə şey harada yazılıb?” Qeyd olunur ki, bu sözlərilə Paşinyan özünü "məhkəmə" hesab edərək, dolayısilə Koçaryanı cinayətkar adlandırıb və sabiq prezidentin şəxsiyyətini alçaldıb. İndiyədək isə Paşinyan 2008-ci ilin mart hadisələrilə bağlı fərqli yanaşma sərgiləyərək, məsələ barədə yalnız istintaq orqanları və məhkəmələrin sübutlara əsaslanaraq qəti qərar vermək səlahiyyətləri olduğunu bəyan edirdi.
O da istisna edilmir ki, Koçaryanın şikayət ərizəsində Paşinyanın digər ifadələri də yer alıb.
Xatırladaq ki, iyulun 28-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunmuşdu. Məhkəmənin qərarilə onun barəsində Cinayət Məcəlləsinin 300.1-ci maddəsilə 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Lakin 13 avqustda İrəvan Apellyasiya məhkəməsi keçmiş prezident Robert Koçaryanın toxunulmazlığını əsas tutaraq onun həbsi ilə bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı qərarı ləğv edib və Koçaryan sərbəst buraxılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !