1997-ci ildən 2006-cı ilə qədər ən böyük və nüfuzlu beynəlxalq təşkilatın rəhbəri olmuş K.Annan bildirib ki, o, ABŞ başda olmaqla, koalisiya qoşunlarının İraqa girməsinə qarşı çıxıb. "Zaman göstərdi ki, mənim narahatlığım əsassız deyilmiş” deyən sabiq baş katibin sözlərinə görə, İraq ordusu dağıldıqdan sonra minlərlə hərbi qulluqçu, polis əməkdaşı işsiz qalaraq küçələrə səpələnib. Və məhz həmin adamların əksəriyyəti sonradan radikal qruplaşmalara qoşulub indiki problemli vəziyyəti yaratdı. K.Annan bütün bunları Münxendə keçirilən təhlükəsizlik konfransının tribunasından deyib.
İctimai qüvvələrə, institutlara söykənməyən demokratik sistem yaratmaq cəhdləri hakimiyyət orqanlarının korrupsiyaya qurşanmasına gətirib çıxartdı. Nəticədə təhlükəsizlik məsələlərinin xaotik axarla davam etməsi "İslam dövləti”nin yaranmasına səbəb oldu. Çünki İraq ordusu artıq öz döyüş bacarığını itirmişdi və radikal qruplaşma ona güc gələ bildi.
Nüfuzlu auditoriya qarşısında bu fikirləri ifadə etmiş BMT-nin sabiq rəhbəri böyük narahatlıqla qeyd edib ki, hazırda "İslam dövləti”nə tabe olan silahlı dəstələr İraqın və Suriyanın ərazisindəki mədəni-dini abidələri, bəşəri əhəmiyyətə malik tarixi irsi məhv etməklə sözügedən məmləkətlərin, eləcə də Yaxın Şərqin etnik və dini rəngarəngliyini pozur.
Kofi Annan "İslam dövləti”nə sponsorluq edən ölkə və qurumları radikal dövlət qurmuş qüvvələrə maliyə və maddi dəstək göstərməkdən əl çəkməyə çağırıb. //bakupost.az
Bizi sosial şəbəkələrdə izləyin !