"Kommunal xidmət arasında ilk dəfə bunu biz etdik" - "Azəriqaz" İB-nin rəhbəri ilə MÜSAHİBƏ

15:43 | 15.10.2021

"Kommunal xidmət arasında ilk dəfə bunu biz etdik" - "Azəriqaz" İB-nin rəhbəri ilə MÜSAHİBƏ

2021-ci ilin yanvar-sentyabrında SOCAR qaz şəbəkəsi üzrə itkilər 4,2%-ə kimi azalıb.  2020-ci ilin 9 ayında bu göstərici 4,6%  təşkil edib. Bunu Anews.az-a müsahibəsində "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. Onunla müsahibənin tam mətnini təqdim edirik:


- Respublikada təbii qazdan istifadə edən əhali abunəçilərinin 47%-i Bakı  və Abşerоn rayonunda yerləşir, istehlak olunan təbii qazın ümumi həcminin 65%-i bu regionda istifadə olunur. Bakının və Abşeron rayonunun qaz təchizatı sisteminin xeyli hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Şəhərdə hal-hazıra 10.919 km uzunluğunda müxtəlif diametrli qaz xətti istismar olunur. Qaz təchizatı şəbəkəsinin hal-hazırda texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində müəyyən texniki problemlər yaradır. Qaz itkilərinin əsas hissəsi də həmin bölgənin payına düşür. Bununla bağlı  "Azəriqaz” İB-nin təşəbbüsü ilə Almaniyanın EON şirkəti tərəfindən 2012-ci ildə Bakı şəhərinin qaz təchizatı şəbəkəsinin ilk auditi aparılıb, qaz şəbəkəsinin modernizasiyası və yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırlanıb.
 
- Bakıda qaz kəmərlərinin dəyişdirilməsi nə vaxt gözlənilir?

- Bakının 12 rayonunun və Abşeronun qaz təchizatı şəbəkəsinin beynəlxalq standartalr uyğun yenidən qurulması məqsədilə 2015-ci ildə "Azəriqaz” İstehsalat Birliyinin sifarişilə ilkin layihə sənədləri hazırlanıb. Layihədə qaz təchizatı şəbəkəsinin yeni arxitekturası beynəlxalq standartların tələblərinə və müasir təcrübəyə uyğunlaşdırılıb. Bu meqa layihənin növbəti illərdə həyata keçirilməsi üçün maliyyələşmə mənbəyi müəyyən edildikdən sonra mərhələli şəkildə icrasına başlanıla bilər. Lakin bununla yanaşı "Azəriqaz” İB-nin daxili imkanları hesabına hər il şəbəkədə lokal yenidənqurma işləri davam etdirilir. Son 5 ildə 556 km uzunluğunda qaz xətləri yenilənib.

- Hazırda gündəlik qaz istehlakı nə qədərdir?

- Hazırda gündəlik qaz şəbəkəsinə 17,3 milyon kubmetr qaz daxil olur. Onun 11 milyon kubmetri əhali və kiçik qeyri-əhali qrupuna daxil olan abonentlərə verilir. Keçən ilin eyni dövründə əhali və kiçik  qeyri əhali qrupuna aid olan abonentlərə gündəlik 8,0 milyon kubmetr, ancaq əhaliyə isə 4,8 milyon kubmetr qaz verilib. 

- Qaz anbarlarının imkanları nə qədərdir?

- Anbarların aktiv qaz tutumu 3,5 milyard kubmetrə yaxındır. 2021-ci il oktyabrın 1-ə qaz anbarlarına 2,1 milyard m3 qaz vurulub və hazırda qaz tədarükü davam edir.  Son isitmə mövsümündə, yəni  2020 noyabr - 2021 apreli aralığında qaz anbarlarından 2,4 milyard kubmetr qaz götürülüb. Cari ildə də təxminən ötən ildəki qədər qaz anbarlarından qaz götürməyi proqnozlaşdırırıq.

- "Açıq mikrafon" layhəniz  çərçivəsində neçə abonentin problemi həllini tapıb?

- Kommunal xidmətlər arasında ilk dəfə "Azəriqaz” İB tərəfindən 2021-ci ildən başlayaraq respublikanın müxtəlif bölgələrində "Açıq mikrofon” adlı layihə həyata keçirilir. Bu tədbir vasitəsi ilə biz  qaz təchizatı ilə bağlı əhali və sahibkarları narahat edən problemləri dinləyir, onların həllinə çalışırıq. İndiyə kimi müxtəlif bölgələrdə "Açıq mikrofon” layihəsi çərçivəsində 20 tədbir keçirilib, onların dördü sahibkarların probleminin həll olunması istiqamətinə yönəldilib. 

- İlk dəfə bu il iyulun 1-dən "Azəriqaz" İB MTK-lara pulsuz sayğacların quraşdırılmasına start verib. "Azəriqaz" İB nə qədər pulsuz sayğac quraşdırmağı planlaşdırır? 

- 2021-ci ilin 9 ayında "Azəriqaz” İB çoxmənzilli yaşayış binalarının qazlaşdırılması üçün 15.418 ədəd qaz sayğacı ayrılıb.

Vətəndaşların müraciətlərini və müvafiq dövlət qurumlarının tövsiyyəsini nəzərə alaraq 1 iyul 2021-ci ildən etibarən yeni texniki şərt almış binalarda məişət qaz sayğaclarının "Azəriqaz” İB tərəfindən ödənişsiz əsasda  təmin olunması qərara alınıb. Edilən müraciətlər əsasında  MTK-lar "Azəriqaz” İB tərəfindən 471 ədəd qaz sayğacları ilə ödənişsiz olaraq təmin olunub.

- Bu il neçə rayon və  kənd qazlaşdırılacaq?

- 2021-ci ildə "Azəriqaz” İB daxili imkanları hesabına 28 rayonun müxtəlif bölgələrində 17 kəndin və 40-a yaxın yaşayış massivini qazlaşdırmağı  nəzərdə tutub. Bu ərazilərin əksəriyyətində hazırda qaz xətlərinin quraşdırılması işləri aparılır. İlin sonuna qədər planlaşdırdığımız qazlaşma işləri tam şəkildə yekunlaşdırılacaq və sakinlər təbii qazdan rahat istifadə edə biləcəklər. Qazlaşdırma layihələri ilə bağlı 2021-ci ildə ümumən 227 km müxtəlif diametrli qaz xətti çəkilib.Qazlaşdırma işləri növbəti illərdə də davam etdiriləcək. 

- Qaz infrastrukturunun yaxşılaşdırılması üçün 9 ayda nə qədər vəsait xərclənib?

- 2021-ci ilin 9 ayında müxtəlif bölgələrdə cəmi 335 km qaz xətti yenidən qurulub. Qaz xətlərinin yenidən qurulması və qaz sızmalarının ləğvi məqsədilə cari ildə 13,3 milyon manat vəsait xərclənib. Növbəti illərdə də bu işlər davam etdiriləcək.

- Hər il abonentlərin sayında nə qədər artım olur?

- İldə 80.000 abonent artımı olur.

- Ən çətin relyefi olan zonalardan biri Lerikdir.Lerikin necə kəndinə qaz verilmir və qazlaşdırılması nəzərdə tutulub?
 
- Lerikin 30-dan çox kəndində qaz yoxdur, amma onlara qaz çəkilə bilər. Lerikdə elə kənd var ki, 4-5 evdən ibarətdir. Ona görə də ora qazın çəkilməsi mümkün deyil. Hazırda Lerikdə qazlaşma ilə bağlı işlərimiz gedir. Bu ilin sonuna kimi Lerikin bir kəndinə qaz çəkilməsi planlaşdırılıb. 

- Bir əraziyə qazın çəkilməsi üçün nə qədər  vəsait xərclənir? 

 -O, çox fərqlidi. Xərclər yaşayış massivlərindən asılı olaraq dəyişə bilir.
 
- Qaz kəmərlərində itkilərin azaldılması üçün nə kimi işlər planlaşdırılır? 

- Qaz itkilərinin azaldılması bizim gündəlik hədəfimizdi. Artıq ismsmar vaxtı bitmiş kəmərlərin,  avadanlıqların dəyişdirilməsi, sayğacların  dəyişdirilməsi, yeni müasir qaz avadanlıqlarının quraşdırılması, yeni smart qurğuların quraşdırılmasına başlamışıq. Yəni kənardan sayğacın oxunması,  sərfiyyatin ödənilməsi və bu kimi texnoloji işlər görürük.  

- "Azəriqaz" İB-ni Qarabağda ən qısa zamanda nə zaman görə biləcəyik?

- Yüksək təzyiqli kəmərin layihələndirmə işi gedir, yəni qaz kəmərləri idarəsi, layihələndirməni aparır. İlk olaraq gərək  magistral kəmər  çəkilə,  ondan sonra artıq daxili paylama sistemi yaradıla. Qarabağa nə zaman gedəcəyimiz barəsində bir tarix yoxdur. Proseslər baş plana uyğun olaraq icra olunur. Qarabağa əhalinin köçürülməsinə başlayandan sonra bizə aid olan işləri görməyə başlayacağıq.  

- Bu il dövlət büdcəsindən "Azəriqaz" İB üçün nə qədər vəsait ayrılıb? 

- Biz dövlət büdcəsindən heç bir maliyyə gotürməmişik. Özümüz təsərrüfat hesablı müəssisəyik, qazlaşmani da daxili vəsait hesabına aparmışıq.  Gələn il,  təxminən 110 yaşayış massivinin qazlaşmasini nəzərdə tutmuşuq.Ümumiyyətlə bir neçə ildir  dövlət büdcəsindən pul ayrılması üçün müraciət etmirik. 
 
Gülnar Nazimqızı
Foto - Ləman Qasımova

İSTİQAMƏT:6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
 QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

www.anews.az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti