Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA

18:10 | 11.03.2024
Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA

Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA

Böyük marketlər şəbəkəsində şokoladların istehsal tarixinin görünməməsi ilə bağlı vətəndaş narazılıqları ilə qarşılaşırıq.
Bunu deputat Kamilə Məmmədova  Milli Məclisdə "Qida Təhlükəsizliyi ilə bağlı qanunun müzakirəsi zamanı deyib.
 
"Marketlərdəbir  kiloqramı 6 manatdan 80 manata kimi satılan konfet növləri var ki, onların istehsal və son istifadə tarixi üzərində yoxdur, bəzən isə onların içərisindən qurdlar çıxır", - Məmmədova deyib. 

Marketlərdə satılan konfet və şokoladların üzərində istehsal və son istifadə tarixinin olmamasının səbəbi nədir?
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, ərzaq məhsullarının mühüm göstəricilərindən biri onun istehsal, son istifadə tarixi və saxlanma şəraitidir.

"Bəzi ərzaq dükanlarında bir çox malların, o cümlədən konfetlərin qutuya töküldüyünü, buraxılma və son yararlanma tarixinin olmadığını görürük. Əlbəttə hər bir konfetin etiketinin üstünə bunu yazmaq mümkün deyil. Bu cür malların buraxılma və son yararlanma müddəti qutusunda olur. Lakin istehlakçı bunu görmədən alır və belə qutuları axtaranda bəzən içindən qurtların çıxmasını müşahidə edirik. Bununla bağlı Azad İsteklaçılar Birliyinə müxtəlif müraciətlər daxil olur. Demək olar ki, həftədə 1-2 dəfə telefon zəngi və müxtəlif yazılı müraciətlər olur. İstehlakçılar narazılıqlarını bildirirlər. Nazilər Kabinetinin 94 saylı qərarına görə, ölkə bazarlarında satılan bütün mallar, o cümlədən konfetlərin etiketində buraxılma tarixi, son yararlanma müddəti və digər istehlakçı rekvizitləri göstərilməlidir. Lakin biz görürük ki, marketlərdə belə deyil. Əksər hallarda peçeniyelər, vaflilər və s. yenidən salofana bükülür, üzərinə qiymət qoyurlar, bununla da iş qurtarır. Bu ciddi məsələlərdən biridir. Bu cür şokoladlar da var. Bəzən şokolodların içərisindən qurd çıxır. Bəzən yararlılıq müddəti olan malların saxlanma şəraiti pis olduğundan xarab olduğu barədə şikayətlər olur. Məsələn, yoqurtlar göyərib. Bu onun saxlanma şəraitinin düz olmadığını göstərir”, -Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi apardığı siyasət əsasında hələ də hədəflərinə nail ola bilməyib.

"Qida Təhlükəsizliyi Agentliyi siyasət aparır ki, mallar istehsal müəssisəsindən istehlakçının masasına qədər bütün zəncir -daşıyan, saxlayan, əkən, biçən kim varsa, izlənsin və agentlikdə reyesterdə olsun. Lakin agentlik hələ ki, bu hədəflərə nail ola bilməyib. Marketlərdə bu cür malların satılması, əlbəttə ki, istehlakçıların sağlamlığına mənfi təsir göstərir”, - o deyib.

Sədr bildirir ki, bəzi istehsalçılar məhsulların son istifadəsini ömürlük etmək istəyirlər.

"Onlar istəyirlər ki, nəticədə mal satılsın. Bunun üçün istehsalçılar bütün dünyada standartlara təsir edirlər. İstehlakçıların hüquqlarını qoruyan təşkilatlar da bu tendensiya ilə barışmır. Daim bununla mübarizə aparılır. Azərbaycanda da bu məsələ tənzimlənməlidir ki, insan sağlamlığı zərər görməsin. Azərbaycan orta ömür uzunluğuna görə, 190 ölkə arasında 115-ci yerdədir. Bu bizi narahat etməyə bilməz, bunun səbəbi də qidalardır.    Biz monitorinq aparsaq, görərik ki, spirtli içkilərin 90%-nin üzərində istehsal və son yararlanma tarixi yoxdur. Bu doğru deyil. Hər bir mal satışa çıxarılanda mütləq yararlılıq  müddəti olur. Uzun müddət saxlanılan içkilər isə xüsusi şəraitdə saxlanan içkilərdir. Onlar xüsusi qablarda, xüsusi temperaturda və səs rejimində saxlanır. Düzdü Azərbaycanda spirtli içkilərin etiketində istehsal və son istifadə tarixini yazan firmalar mövcuddur. İstehlakçılar yalnız belə içkilərə üstünlük verməlidir. Araqların satış şəbəkələrində saxlanma müddəti 1 ildən, şərabların 6 aydan, konyaklar 3 ildən artıq deyil. Bu kimi amillərə gərək istehlakçılar da üstünlük versinlər”, - Hüseynov əlavə edib.

Milli Məclis Aqrar siyasət komitəsinin üzvü, deputatı Aydın Hüseynov hesab edir ki, Qida Təhlükəsizlik Agentliyinin böyük market şəbəkələrinin hamısını nəzarətə götürməsi qeyri-mümkündür. 

"Ərzaq məhsullarının müddəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi daima monitorinqlər keçirir. Biz özümüz də şahidi olmuşuq ki, onlar bununla bağlı ciddi tədbirlər görür. Ancaq qanunu pozanlar var. Çox sayda böyük şəbəkələr – supermarketlər, marketlər və s. var. Bunların sayı minlərlədir. Qida Təhlükəsizlik Agentliyinin bütün bu şəbəkələri bütövlükdə nəzarətə götürməsi isə qeyri-mümkündür. Ona görə də, düzgün variant odur ki, vətəndaşlar məhsulların üzərində istehsal tarixini görmədiyi hallarda Qida Təhlükəsizlik Agentliyinə mütləq xəbər versinlər. Onlar xəbərdar olan zaman fakt varsa, qanunun tələb etdiyi tədbirləri görür. Bu məsələlərdə - möhtəkirlik, suistifadələr, gəlir götürmək istəyən əqidədə olan insanlara qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar da xidmət göstərməlidir. Nə edək ki, belə insanlar var. Vətəndaşın özünün də konkret mövqeyi olmalıdır”, - deputat söyləyib.

Ekspert vətəndaşları konfet alarkən  ayıq olmağa çağırıb. 

"Qanunu pozaraq məhsulların satışı ilə məşğul olan şəxs birinci növbədə məsuliyyət daşıyır. Bunu alan isə vətəndaşdır. Vətəndaşın özü məhsul alarkən məhsulun saxlama müddəti keçibsə, almamalıdır. Əgər məhsulun üstündə tarixi yoxdursa, vətəndaş onu niyə almalıdır? Burada aldatma prosesi gedir. Ona görə, ilk növbədə vətəndaş özü ayıq-sayıq olmalıdır”, - o deyib.

Qida mütəxəssisi Vahid Həsənov bildirir ki, çəki ilə satılan məhsulların istehsal tarixləri qutuların üzərində yazılır.

"Ədədlə satılan məhsulların üzərində tarixlər olur. Çəki ilə olan şokaladların istehsal tarixləri qutuların üzərində olur. Onu götürüb marketdə qablara boşaldırlar, piştaxtaya tökürlər onların hər birinin üstündə isə tarixlər olmur. Bu satıcıların vicdanına qalıb. Onlar da bəzən bu tarixi məhsulun üstünə yazmırlar. Bu əvvəldən belədir. Açıb tökürlər ora vəssəlam. Vətəndaş məhsulun istehsal tarixi olmayanda uyğunluq sertifikatı ala bilər. Burada məhsulun istehsal tarixi qeyd edilir”, - o qeyd edib.
 
Məsələ ilə bağlı böyük market şəbəkələrindən məlumat almağa çalışsaq da, sorğumuzu cavablandırmayıblar.  
 
İstiqamət:6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM