"Kontakt Home xarab və geri qaytarılmış telefonlar satır" - FOTOFAKT

13:38 | 04.10.2019

"Kontakt Home xarab və geri qaytarılmış telefonlar satır" - FOTOFAKT

Müştərilər üçün "hədsiz imkanlar”, "keyfiyyətli məhsullar”, "yüksək səviyyədə xidmət” göstərməyi qarşısına məqsəd qoyan "Kontakt Home”-dan şikayətlər tükənmək bilmir. Şikayətlərdən məlum olur ki, saytlarında özləri haqqında müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etdiklərini və yüksək səviyyədə xidmət göstərdiklərini qeyd edən şirkətin məsul şəxsləri, əslində minlərlə müştərini süründürməklə məşquldur.

Bu günlərdə saytımıza müraciət edən bir şikayətçi deyir k, "Kontakt Home”-dan "Samung J6” markalı mobil telefonu kreditə götürüb. Onunla müqavilə imzalanıb və bir illik zəmanət talonu verilib. Zəmanətə əsasən, telefonda 1 il ərzində baş verəcək nasazlıqlara görə, şirkət özü məsuliyyət daşımalıdır.

Şikayətçi deyir ki, bir müddət sonra telefonu elektrikə qoşub yükləməyə qoyduqda, telefon enerji yığmayıb. Buna görə də, telefonun zəmanət talonu ilə birlikdə "Kontakt Home” – un servis mərkəzinə gedib. Orada zəmanət talonuna əsasən USB konnektorda problemlər aşkarlanıb və telefon təmirə götürülüb. Servisdə telefon təmir edilib və qaytarılıb. Üstündən 5-6 gün keçməmiş, yenidən telefonda eyni problem yaşanıb və şikayətçi servis mərkəzinə üz tutub, telefonun dəyişdirilməsini istəyib. Xarab telefonun ona satıldığını deyərək, gileylənib. Lakin, şirkət bundan imtina edib və telefonu yenidən təmirə yollayib. 

"Mən bir ayda 5 dəfə telefon təmir etdirməliyəm? Mən telefonu ordan alandan normal işlədə bilmişəm. Tutulması, donması bir yana, enerji yığmaması, günlərlə telefonun təmirdə olması mənim bütün işlərimi iflic edib. Deyirəm, bu telefon xarab telefondur, özünüz də görürsünüz, mən buna hər ay pul verirəm axı, dəyişin normal telefon verin, ya ya telefonunuzu götürün, pullarımı qaytarın, gedib başqa yerdən normal telefon alım. Bunu da etmirlər, məni hər dəfə süründürürlər”, - deyə şikayətçi bildirib. 

Məsələni "Kontakt Home”  ilə araşdırmağa çalışdıq: 

Belə ki, şirkətin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova məsələni araşdırdıqlarını bildirərək dedi ki, sözügedən məsələdə problem şəbəkə ilə bağlı olub, qısaqapanma səbəbindən  ərimə baş verib. 

"Müqavilənin şərtlərinə görə, telefon bir dəfə təmir olunur və təmir olunmuş ehtiyat hissəsinə bir ay zəmanət verilir. Lakin müştəri eyni qüsurla iki həftə sonra təkrar müraciət edib. Bu zaman ödənişli təmir olunmalıdır. Lakin müştəri məmnuniyyəti üçün təmiri öz hesabımıza etmək qərarına gəldik. Çox güman ki, müştərinin qoşduğu elektrik yuvasında problem var, tövsiyə edərdim ki, bunu yoxlatdırsınlar. Təmirçilər nasazlığın istifadə nəticəsində baş verdiyini bildiriblər”, - deyə "Kontakt Home” şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Şirkətin bu açıqlamasından bir neçə və çox ironik sual ortaya çıxır. 

1) "Təmirçilər nasazlığın istifadə nəticəsində baş verdiyini bildiriblər” deyəndə, açığı şirkətin nə demək istədiyini anlamadıq. Məgər USB konnektor istifadə üçün nəzərdə tutulmayıb ki? Müştəri telefonu yükləməyə qoymamalıdır ki, USB konnektorunda ərimə baş verə bilər? Bu nə məntiq, bu nə yanaşmadır?

2) "Çox güman ki, müştərinin zaryadkaya qoyduğu elektrik yuvasında problem var, tövsiyə edərdim ki, bunu yoxlatdırsınlar” cümləsi də çox maraqlıdır. Məgər o evdə sizin müştəriyə kreditlə verdiyiniz,  bir ayda iki dəfə nasazlıq yaranan telefondan başqa elektrikli heç nə yoxdur? Necə olur ki, o elektrik yuvası digər elektriklə işləyən əşiyalarda problem yaratmır, qısaqapanma, ərimə baş vermir, amma sizin telefonunuzda yaranır? Məncə, bu sual ən çox elə "Kontakt Home”-ni düşündürməlidir. 

3) "Müqavilənin şərtlərinə görə, 1 dəfə təmir olunur və təmir olunmuş ehtiyat hissəsinə 1 ay zəmanət verilir. Lakin müştəri eyni qüsurla 2 həftə sonra təkrar müraciət edib. Bu zaman ödənişli təmir olunmalıdır” fikri də çox maraqlıdır. Sizin xarab olduqdan sonra təmir edib 1 ay zəmanət verdiyiniz telefon 1 ay keçməmiş, 2 həftə sonra yenidən eyni problemi yaşayırsa, bunun məsuliyyətini niyə müştəri daşımalıdır? 

Özünüz deyirsiniz axı, 1 dəfə təmir olunur və təmir olunmuş ehtiyat hissəsinə 1 ay zəmanət verilir. Lakin müştəri eyni qüsurla 2 həftə sonra təkrar müraciət edib. 

Bu o deməkdir ki, sizin gördüyünüz iş 1 ay da çəkmədən bərbad olub, buna görə müştəri niyə sizə pul ödəməlidir ki, siz də "müştəri məmnuniyyətini nəzərə alıb xərcləri öz üzərimizə götürürük” deyib, müştəriyə minnət qoyasınız?

Ümumilikdə kiçik araşdırma ilə şirkətin bütün maxinasiyalarını öyrənmək mümkündür. Yazı yayımlanmağa hazırlanan müddətdə də, onlarla müştəri bizə müraciət edib, "Kontakt Home” – dən şikayətlərini bildirdilər. 

Onlardan biri də Şakir Məmmədovdur. 

Şakir Məmmədov deyir ki, "Kontakt Home”-dan şirəçəkən maşın alıb.  Iki-üç dəfə istifadə olunduqdan sonra, şirəçəkən maşın xarab olub. Onu 4 dəfə "Kontakt Home”-nin servis mərkəzinə aparsa da, düzəlməyib. 

"Dörd dəfə "Kontakt Home”un "Təmir Servis Mərkəzi"nə müraciət etmişdim. Təmir edirdilər amma yenə işləmirdi. Bu barədə Sumqayıt filialına məlumat verirdim ki, şirəçəkən işləmir. Tələb edirdim ki, ya cihazı dəyişdirin ya da pulumuzu qaytarın. Əks halda məhkəməyə müraciət edəcəm. Bildirdilər ki, məhkəməyə müraciət sizin hüququnuzdur”.

Şakir Məmmədovun sözlərinə görə, birinci dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudova baxıb. Lakin iddia təmin olunmayıb:
"Aynur Behbudova səbəb kimi "Kontakt Home”un baş ofisinin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 73-də yerləşdiyini əsas gətirərək Nəsimi Rayon Məhkəməsinə müraciət etməyimizi, həmçinin 10 manat rüsum ödəmədiyimizi göstərmişdi. 

Əslində Sumqayıt şəhərində yaşadığımdan və iddia istehlakçının hüqüquna dair olduğundan iddiaçı rüsum ödəməkdən azaddır. Bu halları nəzərə almayan Aynur Behbudovanın qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi savadsız və hüquqa zidd qərarı ləğv edərək, işi təkrar birinci instansiya məhkəməsinə göndərdi”. 

Şikayətçi bildirib ki, bu dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Emin Abdullayev baxıb.

"Emin Abdullayev məhkəmə baxışında bütün hallarda " Kontakt Home"un tərəfini tutaraq, ədalətsiz qərar çıxararaq iddiamı təmin etmədi. Yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verəcəm”,- deyə Şakir Məmmədov bildirib.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, son bir neçə ildə "Kontakt Home”  ilə bağlı şikayətlər yağış kimi gəlir.

Onun sözlərinə görə, dəfələrlə İqtisadiyyat Nazirliyinin uyğun bölümünə də müraciət edib.

"Kontakt Home-un aldatma maxinasiyası çox fərqli və primtivdir. Xarab və kreditdə olan telefonları satırlar. Son bir neçə ildə "Kontakt Home” ilə bağlı şikayətlər yağış kimi gəlir. Vətəndaşlar deyir ki, aldıqları telefonda nasazlıq aşkar edib və ya bəyənməyib 2 saat sonra geri qaytarmaq istədikdə, telefona cızıq atıb geri götürmürlər ki, telefonu cızmısınız. Bu şirkət insanları aldadıb ciblərinə girir”, – deyə Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

Eyyub Hüseynov əlavə edib ki, bu cür davam etsə, mətbuat konfransı keçriləcək və kütləvi şəkildə Baş Prokurorluğa, məhkəməyə və İqtisadiyyat Nazirliyinə şikayətlər təşkil olunacaq.
 
Bəs gğrəsən bu qədər şikayətin qarşılığında bu şirkətlə bağlı uyğun dövlət qurumları nə üçün tədbir görmür? 

Eyyb Hüseynovun sözlərinə görə, buna sirri "Kontakt Home" şirkətinin rəhbəri Elnur Allahverdiyevdədir.  Belə ki, bu şəxs  Sloveniyanın Bakıdakı fəxri konsuludur və vəzifəsindən istifadə edərək bütün bu maxinasiyaları rahatlıqla həyata keçirir.

Anews.az olaraq ki, ilk araşdırma etdik, araşdırmalardan bəlli oldu ki, şirkətin rəhbəri Elnur Allahverdiyev Sloveniyanın Bakıdakı fəxri konsuludur. Eyni zamanda, onun adı "Azercell”in 3 şirkətindən biri olan "ABC-Telekom” MMC-nin (digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. 

"Kontakt Home" təkzib məktubu: 
04.10.2019 tarixində saytınızda paylaşılan ""Kontakt Home xarab və geri qaytarılmış telefonlar satır”” başlıqlı xəbərdə "ABC-Telecom” MMC-yə daxil olan Kontakt Home mağazalar şəbəkəsinin fəaliyyətinə dair təhrifli məlumatlar yer almışdır.

Məqalədə  redaksiyaya daxil olmuş müştəri şikayətləri obyektiv dəyərləndirməyib.  Onlardan biri Həziyev Nadir Niftalı oğlu adına əldə edilmiş "Samung J6” markalı mobil telefonla əlaqəlidir.

Belə ki, müştərinin mobil cihazı enerjidə olarkən tüstüləyib və USB konnektor daxildən əriyib. Bu şikayətlə müştəri 22.08.2019 tarixində Servis Link mərkəzinə müraciət edib. Diaqnostika nəticəsində ərimənin qısa qapanma ilə əlaqədar olduğu aşkarlanıb və ehtiyat hissəsi yenisiylə əvəzlənib . 02.09.2019 tarixində təmir olunmuş cihaz müştəriyə təhvil verilib. Görünüyü kimi, müştərinin mobil telefonunda korlanma istehlak nəticəsində yaranıb. Bu səbəbdən Kontakt Home-u xarab və geri qaytarılmış məhsul satmaqda ittiham etmək qərəz və ya qeyri-peşəkarlığın göstəricisidir.

Həmçinin, müştəri müəllifin qeyd etdiyi kimi eyni şikayətlə servisə 5-6 gün sonra deyil, 17 gün sonra (19.09.2019 tarixində) müraciət edib. Diaqnostika nəticəsində baş vermiş nasazlığın yenidən qısa qapanmanın nəticəsində yarandığı aşkarlanıb.

Cihaz təkrar təmir olunduğu zaman məqalə müəllifi Kontakt Home-un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova ilə əlaqə saxlamış, əməkdaşımız jurnalistə ehtiyat hissəsinin texniki rəydə qeyd olunduğu kimi, qısa qapanma nəticəsində korlandığını və bunun müştərinin istifadəsi nəticəsində baş verdiyini izah edib. Həmçinin əlavə edib ki, texniki rəydə əks olunacaq. 

Bundan başqa, jurnalistə cihaza verilən rəsmi istehsalçı zəmanəti qaydaları izah olunub. Belə ki,  zəmanət şərtlərinə görə, zəmanət müddətində müştərinin istifadəsi nəticəsində korlanmış ehtiyat hissələri 1 dəfə ödənişsiz təmir olunur. Eyni səbəbdən ikinci dəfə müraciət olunduğu təqdirdə, təmir ödənişli əsaslarla həyata keçirilir. Baxmayaraq ki, müştərinin ehtiyatsızlığı səbəbindən cihazda ikinci dəfə eyni səbəbdən korlanma baş verib, müştəri məmnuniyyəti nəzərə alınaraq, həmin ehtiyat hissəsi təkrar şirkət hesabına yenisiylə əvəzlənib.

Bu ittihama da Kontakt Home adından bir daha aydınlıq gətirmək istəyirik.

02.08.2018 tarixində Kontakt Home mağazalar şəbəkəsinin Sumqayıt filialından Məmmədli Könül Şakir qızı adına Kenwood JE850 markalı şirəçəkən əldə edilib.

Müştəri bu ilin mart ayında məhsulda qüsur olması iddiasıyla rəsmi servis mərkəzinə müraciət edib. Servis diaqnostika zamanı məhsulda istehsal qüsuru aşkarlamayıb. Diaqnostika zamanı şirəçəkəndən düzgün istifadə edilməmə nəticəsində məhsulun reduktorunun zəiflədiyi müəyyən edilib və müştəriyə məhsulu təlimat kitabçasına uyğun qaydada istifadə etmək tövsiyə olunub.

Müştəri məmnuniyyətini nəzərə alaraq, ona ödənişsiz şəkildə motorun dəyişdirilməsi və yaxud da istisna hal kimi dəyərləndirilərək dəyişdirilməsi təklif edilib. Lakin müştəri heç bir təkliflə razılaşmayaraq, məhkəməyə müraciət edəcəyini və şirkəti anti-reklam edəcəyini bildirib.

Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən müştərinin iddiası əsasında həyata keçirilmiş məhkəmə araşdırması nəticəsində iddianın əsassız olduğu təsdiqini tapıb, beləliklə, sözügedən məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilib.

Sonda bir daha qeyd etmək istərdik ki, qeyd olunan məqalədə əks olunan məlumatlar tamamilə əsassızdır, subyektiv xarakter daşıyır və şirkətimizin işgüzar nüfuzuna ziyan vurur, həmçinin Məhkəmənin ədalətliliyini şübhə altına alır. Belə ki, Azərbaycan Respubikası Konstitusiyasının 129-cu maddəsinin birinci hissəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Məqalənin sonunda jurnalistin qərəzli yazılarına Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun Kontakt Home haqqında heç bir əsası olmayan fikirləri əlavə olunub, üstəlik ABC-Telecom rəhbərliyi maxinasiyalar həyata keçirməkdə ittiham edilib.

Göründüyü kimi, məqalədə əks olunan şikayətlər həqiqəti əks etdirmir. Belə ki, www.anews.az saytı şikayətləri jurnalistika qaydalarına uyğun olaraq qərəzsiz şəkildə araşdırmadan, onlarla bağlı hər hansı dəqiq və dolğun məlumata malik olmadan qanunvericiliyin tələblərini pozmaqla şirkət və onun rəhbərliyi barəsində həqiqəti əks etdirməyən xəbər paylaşmış, bununla da şirkətin və rəhbərliyin işgüzar nüfuzuna ziyan vurmuşlar.

"Kütləvi informasiya vasitələri haqqında” Qanunun 44-cü maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Həmin Qanunun 45-ci maddəsinə əsasən, təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir.

AR Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.

Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Həmçinin həmin Məcəllənin həmin maddəsinin 6-cı bəndində (maddə 23.6) o da qeyd olunur ki, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

Məsələ ilə bağlı 2019-cu ilin oktyabrında ""Kontakt Home xarab və geri qaytarılmış telefonlar satır" – FOTOFAKT” başlığı ilə dərc olunmuş xəbərin təkzib olunmasını, həmçinin həmin xəbərin yayımlandığı bütün saytlara bu təkzib barədə məlumat verməyinizi xahiş edirik.

Əlavə olaraq onu da diqqətinizə çatdırırıq ki, haqqında danışılan təkzib yazısı 10 gün ərzində dərc edilməyəcəyi təqdirdə, tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun qaydada məhkəməyə müraciət ediləcək və digər zəruri tədbirlər görüləcəkdir. Ümid edirik ki, yaranmış xoşagəlməz hal məhkəmə müstəvisinə çıxmadan öz aramızda dostcasına həll ediləcəkdir.

Hörmətlə,

"ABC-Telecom” MMC-nin icraçı direktoru

Həsən İsrafilzadə










HƏZİ
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM