Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup 22 sentyabr – 5 dekabr tarixləri ərzində Azərbaycanda olacaqlar.
Mütəxəssislərin ezamiyyətinin məqsədi portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, eləcə də yekun yoxlamanın aparılması və qarşılıqlı razılaşmalardan sonra yeni sistemin işə salınmasından ibarətdir. Həmçinin ekspertlər sistemin idarəsini və stabilləşdirilməsini həyata keçirəcək, elektron təlim sistemi üçün 8 kontentin yaradılmasına yardımçı olacaq və istifadəçilər üçün təlim proqramını həyata keçirəcək.
Şəbəkənin sürətinin təkmilləşdirilməsi, portalın və əsas domenin ilkin hazırlıqları və sertifikatların verilməsi sisteminin formatı ilə bağlı daha dərin müzakirələr isə tərəflər arasında növbəti ay ərzində keçiriləcək.
KOICA layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil etmişdir. Bununla əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin rəhbər səviyyəli nümayəndələri 21 sentyabr tarixində Koreyaya yola düşmüşdür; səfər 27 sentyabr tarixinədək davam edəcəkdir. Layihə çərçivəsində keçirilən bu təqaüd proqramının məqsədi Naxçıvan Dövlət Universitetinin Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı texniki bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” 3,5 milyon ABŞ dollar dəyərində büdcəyə malik 24 aylıq layihə olub idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !