Koronavirusun “baba”sı ötən əsrdə milyonlarla can almışdı (FOTOLAR)

15:57 | 01.03.2020
Koronavirusun “baba”sı ötən əsrdə milyonlarla can almışdı (FOTOLAR)

Koronavirusun “baba”sı ötən əsrdə milyonlarla can almışdı (FOTOLAR)

Dünyada kütləvi insan qırğınlarının səbəbi təkcə müharibələr və təbii fəlakətlər deyil, əsrlər boyu qısa vaxtda geniş yayılan yoluxucu xəstəliklər, epidemiyalar da milyonların həyatına son qoyub. 

Tibb terminologiyasında belə bir termin var, pandemiya... Əgər yolxucu xəstəlik bütöv bir ölkəyə, həmçinin onunla həmsərhəd olan ölkələrə, bəzən isə bütün yer kürəsinə yayılırsa, buna pandemiya deyilir. 

20-ci əsrin ikinci onilliyində bütün dünyanı lərzəyə gətirən, "İspan qripi” (İspanka) adlanan yoluxucu xəstəlik dünya tarixinə ən dəhşətli pandemiyalardan biri kimi yazılıb.

Bəzi versiyalara görə, bu xəstəliyin "İspan qripi” adlandırılması onun ilk dəfə İspaniyada aşkar olunması ilə bağlıdır. Amma digər versiyalara görə, xəstəlik ilk dəfə Amerika Birşəşmiş Ştatlarında qeydə alınıb və o da qeyd olunub ki, xəstəliyi Amerikaya Çindən gələn fəhlələr gətirib.

"İspan qripi” 1918-ci ildə, Birinci Dünya müharibəsinin sona çatmasına altı ay qalmış yayılmağa başlayıb. Artıq 1918-ci ilin may ayında təkcə İspaniyada 8 milyon nəfərin bu xəstəliyə yoluxması qeydə alınıb. Hətta İspaniya kralı 13-cü Alfonso da bu xəstəlikdən yayına bilməyib.

Bütövlükdə "İspan qripi”nin tüğyan etdiyi 18 ay ərzində dünyada 550 milyon insan bu xəstəliyə yoluxub. Ölənlərin sayı isə 50-100 milyona çatıb. Bəzi mənbələrdə bu rəqəm 110 milyon göstərilib. Xəstəliyin yayılma xəritəsi bütün dünyanı - Avropa ölkələrini, cənubi və şimali Amerikanı, Asiyanı, Afrikanı, Avstraliyanı əhatə edib.

"İspan qripi”ndən ən çox qurban verən ölkə Hindistan olub – 18 milyon... Pandemiya Çində isə 9 milyondan artıq insanın həyatına son qoyub. 

Amerika Birləşmiş Ştatlarında xəstəlikdən ilk ölüm halları 1918-ci ilin yazında qeydə alınıb. Payızda isə pandemiyanın ikinci dalğası Amerikanı bürüyüb. Xəstəlik nəticəsində 675 min nəfər amerikalı həyatını itirib. Onlardan təxminən 60 min nəfəri hərbçilər olublar. San-Fransisko və Çikaqoda ölüm hallarının sayı daha çox olduğundan yerli orqanlar ayrı-ayrı dəfn mərasimlərini qadağan ediblər. Ölənlər birlikdə eyni yerdə basdırılıb. 

Çikaqodan olan tibb bacısı sonralar həmin dəhşətli səhnələri belə xatırlayıb: "Meyitlər morqlarda döşəmədən tavana qədər üst-üstə yığılırdı. Havalandırma sisteminin otaqların havasını dəyişməyə gücü çatmırdı. Məcbur olub, morqun bütün qapı və pəncərələrini açıq qoyurduq. Üfunətli qoxu ətraf küçələrə yayılırdı. Xəstəliyə yoluxanların sayı elə sürətlə artırdı ki, onlara tibbi yardım göstərməyə vaxtımız çatmırdı. Xəstələrdə burundan qanaxma elə güclü olurdu ki, müalicə otaqlarının divarları qırmızı rəngə boyanmışdı. Morqdan meyitləri bir-bir yox, on-on, iyirmi-iyirmi çıxarıb, yük maşınında qəbirstanlıqlara daşıyırdılar. Bütün bunlar olduqca dəhşətli idi...”

Amerikalı tarixçi Alfred Krosbif isə həmin günlərlə bağlı təəssüratlarını belə bölüşüb: "Pandemiya zamanı Amerikanın bəzi şəhərlərində dəfn büroları göstərdiyi xidmətlərin qiymətlərini 600 faiz qaldırmışdı. Amma bu, çox da uzun çəkmədi. Çünki qəbirstanlıqlarda işləyənlər də "İspan qripi”nə tutulub, ölürdülər. Elə bir vəziyyət yaranmışdı ki, dəfn mərasimləri 5-10 dəqiqə çəkirdi. Heç bir ritualdan söhbət gedə bilməzdi və heç qəbirstanlıqlarda da çox ləngimək olmazdı. Çünki gecə-gündüz qəbirstanlıqlara meyit axını davam edirdi...”

Təkcə 1918-ci ilin oktyabr ayında Amerikada 195 min nəfər "İspan qripi”ndən dünyasını dəyişib ki, bu da ABŞ tarixində ölüm faktı ilə bağlı rekord göstərici olub.

"İspan qripi” Afrikda da böyük qurbanlara səbəb olub. Zambiyada ümumi əhalinin 21 faizi, Zimbabvedə 12 faizi, Tanzaniyada 9 faizi bu yoluxucu xəstəliyin qurbanına çevrilib.

Pandemiya ilə bağlı əksər ölkələrdə məktəblər, ali təhsil ocaqları, kilsələr, hətta bəzi dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Hətta Amerikanın bəzi ştatlarında əllə görüşmək qadağan edilib.

"İspan qripi”nin əsas əlamətləri qanlı öskürək, burundan qanaxma, yüksək hərarət, arterial təzyiqin aşağı düşməsi, kəskin baş və sümük ağrıları, ürəkbulanma olub. Bu xəstəliyin fərqli əlaməti isə üz dərisinin rəngi ilə bağlı olub ki, xəstəliyə yoluxanların rəngi göy rəngə çalıb.

Pandemiyanın səbəbləri araşdırılarkən əsas səbəblərdən biri də Birinci Dünya müharibəsi göstərilib. Qeyd olunub ki, bütün vəsaitlərin müharibəyə ayrıldığı bir ərəfədə insanların sosial vəziyyəti kəskin şəkildə aşağı düşüb, ərzaq qıtlığı yaranıb, tibbi xidmətin vəziyyəti yox dərəcəsinə enib, müharibə bütün planetdə həyat tərzinə mənfi təsir göstərib. Müharibə nəticəsində yaranan qaçqın düşərglərində, əsir və girovların saxlandıqları yerlərdə antisanitariya hökm sürüb. 

"İspan qripi”nin sürətlə yayılmasının səbəblərindən biri də müharibə aparan ölkələrə müttəfiq ölkələrdən göndərilən canlı qüvvə, ərzaq məhsulları olub. Müharibə ərəfəsindəki bu zəncirvari hərəkət özü ilə "İspan qripi”ni də bütün dünyaya yayıb.

"İspan qripi” ilə bağlı bir faktı da qeyd etmək yerinə düşərdi. Pandemiya zamanı əhali arasında elə təşviş yaranıb ki, bu təşviş bəzi insanların psixoloji durumuna olduqca mənfi təsir göstərib və bəzi hallarda insanın ölümünə "İspan qripi” yox, məhz bu vəziyyət səbəb olub. Yəqin ki, zamanında başı müharibəyə qarışan ölkələrdə qabaqlayıcı və maarifləndirici profilaktik tədbirlər aparılsaydı, fəsadlar daha az olardı.

Həmin hdisələrdən 100 ildən artıq bir vaxt keçib. Bu yüz il ərzində dünya çox dəyişib, inkişaf edib, o cümlədən, tibb elmi də... Amma yeni peyda olan xəstəliklər nə inkişafa baxır, nə də sərhədləri tanıyır. Bu gün dünyanı cənginə alan koronavirus kimi... 

Hazırda bütün dünya bu xəstəliyə qarşı mübarizə aparır. Bu mübarizədə hər bir kəs dövlətin və müvafiq qurumların fəaliyyətinə yaxından kömək etməlidir, ən azından özünü və ailəsini qorumaq üçün şəxsi təşəbbüskarlığı olmalıdır. Ən başlıcası isə təşvişə düşməmək lazımdır...

Mənbə: Musavat.com

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb