Korrupsiyalaşmış və ya bazar təhsili - KÖŞƏ

16:53 | 26.11.2013
Korrupsiyalaşmış və ya bazar təhsili - KÖŞƏ

Korrupsiyalaşmış və ya bazar təhsili - KÖŞƏ

Rüstəm Qasımov

Hüqo deyir ki, xalqı öyrətmək onun durumunu  yaxşılaşdırmaqdır, maarifləndirmək onun mənəviyyatını yüksəltməkdir, onu savadlı etməksə xalqı sivilləşdirməkdir.

 

Son zamanlar Təhsil Nazirliyinin "bostanına" tez-tez daş atırlar. Görünən odur ki, hər dəfə də atılan bu daşlar daha çox və daha ağır olur. Amma niyə? Doğrudanmı, hər şey bu qədər pisdir və hər il böhran bizim təhsilimizə daha çox təsir edir?

İctimai nəqliyyatda tələbələrin belə bir müzakirəsinə şahid oldum. Onlar Azərbaycan təhsilinin nə qədər korrupsiyalaşdığını, daha çox bazar təhsilini xatırlatdığını, burada hər şeyin pulla həll olunduğunu deyirdilər. Tələbələrin bu müzakirəsi gələcək yanvar sessiyasının fonunda baş verirdi. Onlar hesab edirdilər ki, imtahan vermək və qiymət almaq onlara nəyin bahasına başa gələcək?! Birinci tələbənin sözlərinə görə, o, bütün lazımlı rüşvətləri vermək və o qədər "ağır" maarifləndirici testdən "müvəffəqiyyətlə" keçmək üçün təxminən 1500 manat xərcləməli olacaq. Onun həmsöhbəti isə gülümsəyərək cavab verdi ki, ona hardasa 2000 manat tapmaq lazımdır, çünki onun universitetdə qiymətləndirmələri kifayət qədər yüksəkdir, müəssisənin səviyyəsi və pedaqoqların nüfuzu böyük xərclər tələb edir. Bundan başqa, tələbələr bir neçə dəfə qeyd edirdilər ki, imtahanların hamısı üçün birlikdə pul ödəmək daha sərfəlidir, nəinki hər bir imtahan üçün ayrı-ayrılıqda xərc çəkmək. Necə deyərlər, məhz bu halda endirimlərə bel bağlamaq olar. Danışığın gedişatında hər iki tələbə bir fikirdə ortaq məxrəcə gəldilər ki, sessiyalar zamanı qayışları çəkmək və krediti götürmək lazım olacaq, pullu imtahanı keçməkçün hələ bəlkə valideynləri və qohumları da işə cəlb etməyə ehtiyac duyuldu.

 

Əgər mən özüm paytaxt universitetlərindən birini bitirməsəydim və belə danışıqları ilk dəfə eşitsəydim, onda ola bilər ki, inanmazdım. Amma bu mövzunun dəfələrlə müzakirə edilməsi, məhz köhnə sınanmış üsulun köməyi ilə imtahanların verilməsi, artıq Bakıda təhsil alan tələbələrinin böyük əksəriyyətində vərdişə keçib, burada hər sessiya zamanı bəzi dekanlar və müəllimlər yaxşıca "qaynaq edilirlər". Onlardan bəziləri məhsuldar sessiyadan sonra hətta maşın və mənzil də alırlar.

Paytaxt tələbələrinin çoxusu təhsilin mahiyyətini, əhəmiyyətini və dəyərini dərk etmirlər. Onların davranışı da bunu sübut edir. Onların bir çoxunun ödənişli fakültələrdə oxuması azmış kimi, valideynlərini borca da salırlar və onları pul tapmağa məcbur edirlər. Bundan başqa, bilik almağa çalışmırlar, dərsləri buraxırlar və yalnız pul üçün imtahan verirlər. Onda məntiq hardadır, cənablar? Başları tank kimi boş olur. Bəs bu, kimisə narahat edirmi? Təəssüf ki, bu gün bu daha çox ritorik suala bənzəyir.

Məsələn, Avropa, Asiya və Amerika ölkələrinin əksəriyyətində insanlar təhsilin bütün əhəmiyyətini dərk edirlər. Axı bütün dünyanın inkişaf etmiş ölkələrində ali təhsil pullu xarakter daşıyır, burada valideynlər böyük pul məbləğləri ödəyirlər ki, onların uşaqları yaxşı təhsil alsınlar, bilikli, bacarıqlı, yaxşı mütəxəssis olsunlar və ziyalıların sırasını genişləndirərək öz ölkəsinə və cəmiyyətinə faydalı olsunlar.

Amma bizdə vəziyyət çox fərqlidir. Bir çox Azərbaycan tələbələri pulu ona görə ödəmirlər ki, gələcək həyatları və işləri üçün bilik əldə etsinlər, ona görə pul verirlər ki, dərslərə getməsinlər və onlarçün başağrısı sayılan əziyyətdən qurtulsunlar, təki universitet diplomu alsınlar. Hər il ölkə ali məktəblərinin buraxdıqları mütəxəssislər isə get-gedə daha da deqradasiyaya uğrayırlar. Bu kadrlar elementar şeyləri də bilmirlər, yiyələndikləri peşə barəsində isə heç kiçicik təsəvvürə belə, malik deyillər. Ona görə də hansı sahəyə toxunursan toxun, istər təhsil olsun, istərsə də tibb, - mütəxəssis çatışmazlığı və acınacaqlı vəziyyət görünür.

Bununla əlaqədar olaraq bizim bir çox həmvətənlərimiz hətta, məsələn, yerli həkimlərə baş çəkməyə qorxurlar, çünki sadə əməliyyatın nəticəsində cərrah masasında ölmək istəmirlər. Məsələn, appendisitin kəsilməsi üçün də qonşu ölkələrə, İrana, Türkiyəyə və Rusiyaya gedirlər, hesab edirlər ki, onların səhiyyəsi bizimki ilə müqayisədə daha yaxşıdır.

 

Britaniya şirkəti «QS Quacquarelli Symonds» tərəfindən təşkil olunmuş, 2013-14-cü illərdə dünyanın 100 ən yaxşı ali məktəbinin siyahısına baxaraq, mən orda yerli nümayəndələri tapmağa çalışdım. Amma, əfsus, bu siyahıya qərbi Avropa ölkələrindən 41 universitet, ABŞ-dan və Kanadadan 24 universitet, Asiyadan və Avstraliyadan 23 universitet daxil edilmişdi. Ən çox universitetləri olan ölkələrin üçlüyünə isə - ABŞ – 29 universitet, Böyük Britaniya – 18 universitet, Avstraliya – 7 universitet – daxil idi. Təəssüf ki, Azərbaycan universitetləri bu siyahıda yox idi.

Sonra mən yuxarıda göstərilmiş şirkət tərəfindən tərtib edilmiş analoji reytinqi gözdən keçirdim, o siyahıda 2013-cü ilin ən yaxşı 200 universitetinin adı vardı. Amma bizim yüksək ali təhsil müəssisələrimiz yenə də o siyahıda yox idilər.

Son ümidlər "Academic Ranking of World Universities 2013" reytinqinə baxdıqdan sonra darmadağın oldu, bu siyahıya dünyanın 500 universiteti daxil idi. Amma yenə də heç bir ali məktəbimizin adına burada rast gələ bilməzdin.

 

Təhsil işçilərinin nailiyyətləri və sistemin nəticəsi göz qabağındadır. Bir halda ki tələbələr rüşvətin məbləğini müzakirə edirlər, hansı universitetdə çox, hansı universitetdə isə az rüşvət alındığını əzbər bilirlər, pullarına qənaət etmək üçün söhbət açırlar, onda dünya reytinqlərində düşməkdən necə söhbət gedə bilər ki?!

 

Və  hər şey ondan başlayır ki, bir çox abituriyentlər hətta məktəbi bitirdikdən sonra da, gələcəkdə kim olmaq istədiklərini, hansı peşəni seçmək və nə işlə məşğul olmalı olduqlarını bilmirlər. Ona görə də yalnız harasa daxil olmaq üçün hərəkət edirlər.

 

Müəllimlərə və universitet dekanlarına gəlincə, onlar tələbələrin oxumaq arzusunun yoxluğundan istifadə edirlər və bundan yaxşıca pul çıxarırlar. Bəzi pedaqoqlar isə hətta eyham edirlər ki, yalnız müəyyən pul ödəndikdən sonra qiymət yazacaqlar. Hələ yaxşı ki, indi elə tələbələr qalıb ki, özləri oxuyurlar və öz gücləri hesabına imtahan verirlər. Yalnız onlara ümid etmək qalır. Bəlkə də məhz onlar yaranmış vəziyyəti düzəldəcəklər, yoxsa bu vəziyyətə böhrandan başqa bir ad vermək çətin olacaq.

Axı deqradasiya və avamlıq istənilən xalqı və istənilən milləti məhv edə bilər, ona görə də bununla mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, yeni təyin olunmuş təhsil naziri müvafiq islahatlar keçirib, bizi korrupsiyalaşmış təhsildən qurtara biləcək, çünki təhsil – artıq hər şeyin alınıb-satıldığı bazara çevrilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM