Mərkəzi Bank əhalinin kütləvi borclanmasının qarşısını almaq, həm də hüquqlarını daha yaxşı qorumaq üçün banklar qarşısında yeni tələb qoyub.
ANN.Az ANS-ə istinadən verdiyi məlumata görə, yeni tələbə əsasən müştərin aldığı krediti, digər məhsullarda olduğu kimi 14 gün ərzində geri qaytarmaq hüququndan istifadə etməsidir. Yəni, siz kredit götürdükdən bir müddət sonra ona ehtiyac olmadığını hiss edirsinizsə, geri qaytara bilərsiniz. Mərkəzi Bank müştərilərin krediti geri qaytarmaq hüququnun bərpasını tələb edən metoloji sənədi ilin sonuna qədər banklara göndərəcək. Qurumdan bildirildi ki, bununla həm istehlakçıların hüquqlarının qorunması, həm də əhalinin kütləvi borclanmasının qarşısını almaq hədəflənir. Hələ ki, sənəd üzərində işlər bitmədiyindən təfərrüatlar bəlli deyil. Amma mütəxəssislər deyirlər ki, kredit adi məhsullardan fərqləndiyindən onun qaytarılması prosesi elə olmalıdır ki, müştərinin hüququ qorunarkən bankın hüququ pozulmasın. Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev deyir ki, əgər müştəri krediti 10 günə qaytarırsa, onda 10 günün faizi da müştəri özü ödənməlidir. Amma ekspertlərin fikrincə, kredit geri qaytarılanda komissiya haqqının müəyyən hissəsi müştəriyə geri verilə bilər. Çünki kreditin rəsmiləşdirilməsinə bankın işçi qüvvəsi cəlb olunsa da, vəsait vaxtından tez qayıtdığından onun idarə olunmasına bank xərc çəkməyəcək. Sığortaya gəlincə isə, mövcud qanunlar müqavilə vaxtından əvvəl pozularsa, sığorta haqqının müştəriyə qaytarılmasını nəzərdə tutur. Bu gün ölkədəki bankların çoxu müştəri ilə münasibətləri özləri istədiyi kimi tənzimləyir. Mərkəzi Bank isə bu cür sənədlərlə onları qaydalara tabe etməyə çalışır.ANN.Az