"Dolların manata nisbətdə bahalaşması bir sıra suallar doğurur. Xüsusən də əvvəllər dollarla kredit götürmüş və aylıq ödənişləri dollarla həyata keçirən şəxslər bu bahalaşmadan çox narahatdırlar. Lakin narahatçılıq üçün heç bir əsas yoxdur. Bu məsələ qanunla dəqiq tənzimlənir.
Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.
Bu o deməkdir ki, bankların müştərilərlə bağladığı müqavilədə qanunda müəyyən edildiyindən fərqli qayda müəyyən edilməyibsə, müştərilər banka dollarla olan borclarını müqaviləni bağladıqları günə olan rəsmi məzənnə ilə manatla ödəməlidirlər.
Maddənin tam mətni belədir:
Maddə 439. Pul öhdəliklərinin icrası
439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
439.5. Əgər pul öhdəliyinin icra yeri barəsində şübhə varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə) icra edilməlidir.
439.6. Əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər.
439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !