Rusiya Azərbaycana qarşı köhnə təhdid vasitələrini yenidən işə salıb; dünyanı “Kiyevi iki həftəyə tuta bilərəm”, “Qazaxıstan adında dövlət olmayıb” kimi təhdidlərlə və nüvə silahları ilə hədələyən Putin üçün Azərbaycan da hədəflərin ön sırasındadır; Bakı yeni çağırışlarla üz-üzə...Sentyabrın 2-də ermənilər separatçı Dağlıq Qarabağ rejiminin “müstəqilliyinin” 23-cü ildönümünü qeyd ediblər. Bu müddətdə düşmən ölkə, dünyadakı nüfuzlu erməni lobbisi əlindən gələni eləsə də, ikinci saxta erməni dövlətini dünya birliyinə tanıtmaq mümkün olmayıb. Səbəblər çoxdur. Onlardan ən əsaslarını tezis kimi xatırlatmağa dəyər.Birinci səbəb Azərbaycanın həm Rusiya, həm də Qərb üçün daha önəmli dövlət olması reallığıdır. İkincisi, Qarabağ məsələsinin Kremlin əlində müstəsna olaraq, Azərbaycanla Ermənistanı nəzarətdə saxlamaq vasitəsi kimi qalmasıdır. Üçüncüsü, nə qədər qəribə olsa da Qərbin də əlində problemin Azərbaycan və Türkiyəyə əlavə təzyiq vasitəsi qismində istifadəsi, iki ölkənin “qədərindən çox güclənməsini” önləyən bir rıçaq kimi mövcudluğudur - amma müvəqqəti rıçaq kimi.Bu halların heç birində tanınmadan söhbət getmir, çünki tanınma hər şeyin - prosesin, maraqların, danışıqlar və diplomatiyanın sonu, nöqtə deməkdir, tərəflərə Rusiya və Qərbin təsir imkanlarının birdəfəlik aradan qalxması deməkdir. Sözsüz ki, erməni xalqının öz müqəddəratını çoxdan təyin eləməsi faktı da “tanınma məsələsi”ndə separatçıların və işğalçıların xeyrinə işləmir.Dağlıq Qarabağ məsələsindən ən çox siyasi-iqtisadi fayda götürən isə əlbəttə ki, hər iki tərəfi silahlandırıb varlanan, eyni zamanda regionu və Qərbi özünəməxsus şəkildə təhdid edən Rusiyadır. Başqa dividentlər də var. Misal üçün, rəsmi Bakı həllini tapmayan konflikt üzündən illərdir birmənalı qərbpərəst, NATOyönlü kurs götürə, dünya iqtisadiyyatına və NATO hərbi sisteminə ölkəni inteqrasiya eləməkdən çəkinir. Ələlxüsus indi - Putinin qılıncının tiyəsinin də kəsdiyi zamanda Qarabağ kartı Moskvaya hava-su kimi gərəkli görünür. Problemin açarlarından biri isə şübhəsiz, Moskvanın əlindədir. Rusiya vaxtaşırı bu reallığı nümayiş etdirib Azərbaycana mesajlar göndərməyi də unutmur. Onlardan biri də ara-sıra qondarma qurumu tanıya biləcəyi ilə bağlı dövriyyəyə buraxılan fikirlər və ya Azərbaycan əleyhinə mediada gedən təxribat xarakterli materiallardır. Təbii ki, söz-ifadə azadlıqlarının olmadığı Rusiyada rəsmi Kremlin rüsxəti olmadan belə yazıların getməsi mümkün deyil. Necə ki, bir ara Azərbaycanı Avrasiya layihələrinə həvəsləndirmək üçün Rusiya KİV-lərində ölkəmiz haqda müsbət ruhlu materiallar gedirdi. LDPR lideri Vladimir Jirinovskinin Azərbaycan haqda qəfildən müsbət fikirlər söyləməsi də həmin dönəmə təsadüf edir. Amma Bakının yola gəlməzliyini görən Moskva deyəsən, valı yenə dəyişib. Məsələn, sentyabrın 2-də Rusiyanın iqtidara yaxın “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyi (baş direktor Putinin “əl jurnalisti” Dmitri Kiselyov, baş redaktoru isə erməni Marqarita Simonyandır) Azərbaycana qarşı informasiya təxribata yol verib. Belə ki, agentlik özünün İrəvan müxbirinə istinadən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi ilə həsr etdiyi məqalədə Azərbaycanın ərazi bütövlüyü və tarixi təhrif olunub, “Dağlıq Qarabağın erkən orta əsrlərdə Ermənistanın tərkibində olması” qeyd olunub. Təbii ki, tarixi saxtalaşdırmaqdan əlavə, bu, ölkəmizə qarşı növbəti təxribatdır. Özü də elə bir məqamda ki, Rusiya tərəfi vasitəçi dövlətlərdən biri kimi, məntiqlə ən əvvəl Serj Sərkisyanın böyük bir nümayəndə heyəti ilə “ildönüm”lə bağlı Dağlıq Qarabağa qanunsuz səfərini pisləyən bəyanat yaymalı idi. Amma əksi müşahidə olundu - separatçılığın təbliğini, “DQR”-in yersiz reklamını gördük. ***Azərbaycan Milli Məclisinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı materialda yer alan bu iddiaların haqlı olaraq, tam əsassız və cəfəngiyyat olduğunu bildirib. M.Qasımlı deyib ki, tarixi mənbələr ermənilərin Cənubi Qafqaz regionunda gəlmə olduqlarını sübut edir. Onun sözlərinə görə, buna görə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi ilə bağlı 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinin mətninə diqqət yetirmək yetər: “Belə əsassız iddianı irəli sürənlər baxsınlar ki, Kürəkçay müqaviləsinin altında kimin imzası var? Müqavilədə ermənilər xatırlanırmı, adları varmı? Bunların heç biri yoxdur. Qarabağ Azərbaycan xanlığı olub, Azərbaycan xanlığı kimi Rusiya tərəfindən ilhaq edilib. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət olmayıb, ermənilər sistemli şəkildə Cənubi Qafqaza 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra köçürülməyə başlanılıblar. Bununla bağlı çar Rusiyası hökumətinin yüzlərlə sənədi var. Cənubi Qafqazda Ermənistan adlı dövlət 1918-ci ildə türk torpaqlarında yaradılıb, ilk adı Ararat Respublikası olub”.İndi guya tarixi həqiqətləri Kremldə bilmirlər? Bilirlər. Lakin Kremlə həqiqət yox, imperiya maraqlarını nəyin bahasına olur-olsun təmin eləmək lazımdır. Xüsusən də indi: “Kiyevi iki həftəyə tuta bilərəm”, “Qazaxıstan adlı dövlət mövcud olmayıb” kimi yeni təhdidlərlə, nüvə başlıqları ilə dünyanı, qonşu dövlətləri hədələyən Kreml başçısının Azərbaycana münasibətdə şantaj siyasətinə qayıtması zərrəcə təəccüblü deyil. Diqqətçəkici detal həm də belə bəyanatların Jirinovskinin Qazaxıstanı işğal eləmək çağırışlarından dərhal sonra səslənməsidir. Aydındır ki, Qazaxıstanı müstəqil dövlət saymayıb zəbt eləmək istəyən bir dövləti digər türkdilli postsovet ölkəsi olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyü də qayğılandırmaz. Artıq elə mərhələyə gəlib çatmışıq ki, Putin qəfildən “Dağlıq Qarabağ qədim erməni torpağı olub” desə, bu da təəccüblü olmayacaq. Rusiyanın Prezident Administrasiyası isə bu qəbildən açıqlamaları nə qədər malalamağa çalışsa da, “ox artıq yaydan çıxıb”. Hədəf isə şəkk-şübhəsiz, Ukrayna ilə yanaşı Güney Qafqazın iki ölkəsi - Azərbaycan və Gürcüstan, həmçinin də Moldova, hətta NATO üzvü olan üç Baltikyanı ölkədir. Odur ki, Rusiyanın yeni çağırışları ilə rəsmi Bakının üz-üzə qaldığını əminliklə söyləmək mümkündür. Hər halda, Rusiyanın Qarabağ məsələsində şantaj siyasətinə qayıtdığı ortadadır. Azərbaycan indi Ukraynadakı prosesləri həssasiyyətlə izləməklə yanaşı, heç vaxt olmadığı güclənən şimal təhlükəsini ciddiyə almalıdır. Hər iki “gözü” açıq olmalıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !